Ölkəmizin əldə etdiyi uğurlar düşünülmüş siyasət və gərgin əməyin nəticəsidir. Yeni dövrün hədəfləri müstəqil Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirəcək. Andiçmə mərasimində Prezident İlham Əliyev yeni hədəfləri açıqlayarkən ötən dövrlə müqayisələr apardı. Qazanılmış uğurların qorunub saxlanması və möhkəmləndirilməsi üçün əvvəlki dövrdə olan əsas məqsədlərdən bir çoxu yeni dövr üçün də prioritet təşkil edir. Bunlardan biri də məhz sağlam əqidəli, vətənpərvər ruhlu gənc nəslin tərbiyə edilməsi və yetişdirilməsdir. Prezident İlham Əliyev Azərbaycan gəncliyinə hər zaman böyük etimad göstərib, yüksək qiymət verib. Vətən müharibsəindən sonra hər bir çıxışında ölkə başçısı Zəfərimizin əldə edilməsində gəlclərin rolunu xüsusilə vurğulayır.
Andiçmə mərasimində Prezident İlham Əliyev gənc nəslin tərbiyəsi məsələsini həm dövlət, həm də cəmiyyətimiz üçün əsas vəzifə kimi müəyyənləşdirdi. Milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq gənc nəslin yetişdirilməsi üçün ölkə başçısı ailə və məktəb tərbiyəsinin önəmini qeyd etdi. Tərbiyə məqsədyönlü və davamlı bir prosesdir. Müasir dövrdə tərbiyə prosesi xüsusilə gücləndirilməlidir. Çünki müasir dövrdə kənardan müxtəlif texnoloji vasitələrlə insanlara və cəmiyyətlərə təsir etmək imkanları mövcuddur. Bunun üçün alilələrin və məktəblərin üzərinə daha böyük vəzifələr düşür. Andiçmə mərasimində Prezident İlham Əliyev qeyd etdi ki, hazırda ideoloji risklər sərhəd tanımır. Ona görə gənc nəslin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunması hər zaman əsas vəzifə olmalıdır. Gənc nəslin tərbiyə edilməsi gələcəyimizin təmin edilməsi deməkdir. Odur ki, valideynlər və təhsil müəssisələri yetişən yeni nəslin tərbiyəsi prosesinə xüsusi önəm verməli, bunun üçün davamlı işlər aparmalı, müasir dövrün tələbləri, eləcə də riskləri nəzərə alınmalıdır. Unutmaq olmaz ki, düzgün tərbiyə sağlam cəmiyyətin, sağlam cəmiyyət isə güclü dövlətin əsasını təşkil edən əsas komponentlərdəndir.
Müstəqillik illərində yetişən gənc nəslin milli ənənələr və vətənpərvərlik ruhunda düzgün tərbiyəsi ölkəmizin uğurlarının tərkib hissəsidir. Bu gün Azərbaycan qalib ölkədir və bundan sonra yetişən nəsil elə formada tərbiyə olunmalıdır ki, ölkəmizin qalibiyyətinə əsla bir zərər gəlməsin. Bunun üçün tariximizi unutmamalı, yetişən nəslə tarixi faktlar, xalqımızın başına gətirilən fəlakətlər izah edilməlidir. Tərbiyə məsələsində əsla diqqətsizliklərə və boşluqlara yol verilməməlidir. Gənc nəslin tərbiyəsində milli ruh, mənəvi dəyərlər, azrəbaycançılıq ideologiyası hər zaman əsas götürülməlidir. Məhz bu əsasda tərbiyə olunan gənclər ölkəmizin gələcəyinə töhfə verə bilərlər. Deməli, uğurlarımızın davamı və daha güclü dövlətə sahib olmağımız yetişən gənc nəslin düzgün tərbiyəsindən də asılıdır.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının əməkdaşı