“İqtisadi tərəqqi dövlətimizin siyasətinin əsas tərkib hissəsidir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafı şərtləndirən mühüm amillər sırasındadır. Bu baxımdan tikinti sektoru iqtisadiyyatın dayanıqlığının güclənməsində xüsusi paya malikdir. Ölkəmizdə tikinti sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində inşaat işləri geniş vüsət alıb. Yaşayış binalarının tikintisinin genişləndirilməsi ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Belə ki, ölkədə tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi, tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və davam etməkdədir. Qeyd etdiyimiz kimi, tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaradır. Bununla yanaşı, ölkədə ötən dövrdə tikinti fəaliyyəti subyektləri tərəfindən bəzi hallarda şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan qeyri-yaşayış təyinatlı binaların inşa edilməsi həmin tikililərin dayanıqlıq və möhkəmlik baxımından etibarlılığının qiymətləndirilməsini, üzərində mülkiyyət hüquqlarının tanınmasını və iqtisadi dövriyyəyə cəlbini çətinləşdirir. Belə olan halda, şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi zərurəti yaranır.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev 14 iyun 2023-cü il tarixdə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Sənəddə 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur.
Millət vəkili onu da vurğulayıb ki, tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması, habelə tikinti, şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə də bir sıra dəyişikliklər edilir: “2019-cu ildə dövlət başçısı İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzaladı. Həmin sənədin icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon m2 olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilmiş, həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verildi. Dövlət başçısı İlham Əliyevin 14 iyun 2023-cü il tarixli Fərmanı bu istiqamətdə atılan növbəti addımdır. Sadələşdirilmiş icazə rejimi Fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur. Sənəddən irəli gələn işlərin 2026-cı il iyunun 1-dək tamamlanması və həmin tarixədək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi tapşırılıb.”
Malik Həsənov bu mühüm məqamı da qeyd edib ki, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər: “Qanunvericiliyə edilən digər dəyişiklik yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılmasıdır. Məqsəd dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Artıq bundan sonra özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir. Dəyişikliklərə əsasən, həmçinin tikintisinə icazə tələb olunan, lakin belə tələbə riayət etmədən inşa edilmiş və ya tikilməkdə olan tikinti obyeklərində sözügedən qadağaya əməl edilmədiyi halda kommunal təchizat müəssisələrinin vəzifəli şəxslərinə cinayət məsuliyyəti tətbiq olunacaq.”
Millət vəkili bildirib ki, ümumilikdə, həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımlar müəyyən dövrdə qanuni əsas olmadan tikilmiş qeyri-yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin qarşısının alınmasına xidmət edir. Fərmandan irəli gələn vəzifələrin səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradacaq.