Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıldı - VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, Nihad Əsədovun VAZ 2106 markalı ilə toy karvanında dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilmiş sayrışan işıqlardan istifadə edərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.

Digər bir təhlükəli manevr edərək qəza şəraiti yaradan Əbülfət Hüseynovun da avtomobili saxlanılaraq duracağa yerləşdirilib. Hər iki şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Bundan başqa keçirilən mütəmadi tədbirlərlə avtomobillərinə qanunsuz konstruksiya dəyişikliyi edən şəxslər barəsində də qanunamüvafiq tədbir görülüb.