"Türk Dövlətləri Birliyinin gücləndirilməsində Azərbaycanın böyük rolu var"

"Rəsmi Bakının yaratdığı yeni reallıqların dünya ictimaiyyətində daha da anlaşılan qarşılanması Azərbaycanın aparıcı bir ölkə kimi Cənubi Qafqaz və MDB məkanında rolunun artmasına gətirib çıxaracaq. Eyni zamanda, Azərbaycanın mümkün ola biləcək risklərdən sığortalanmasında mühüm rol oynayacaq".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Müşviq Məmmədli deyib.

O bildirib ki, post-pandemiya dövründən sonra yaranan vəziyyət, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə, qalib dövlət kimi Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqlar, o cümlədən, Rusiya-Ukrayna münaqişəsi nəticəsində dünyanın siyasi strukturunda gedən dəyişikliklər, Rusiya ilə Avropa İttifaqı, ABŞ və Asiya ölkələri arasında yaranmış yeni reallıqlar daha çevik diplomatiyanın həyata keçirilməsini zərurətə çevirib:

"Bu baxımdan, Prezident İlham Əliyevin son dövrlər ərzində sadaladığımız ölkələrlə əlaqələrin yeni müstəviyə qaldırılması istiqamətində atdığı addımlar göz önündədir. Xüsusilə də, Azərbaycan, Gürcüstan, Ermənistan arasında üçtərəfli formatın canlandırılması, Ərəb Ölkələri Liqası ilə münasibətlərin tamamilə fərqli məcraya yönəldilməsi istiqamətində addımların atılmasını müşahidə edirik. Eyni zamanda, Balkanlardakı potensial tərəfdaşlarımızla, xüsusən də Rusiya-Ukrayna münaqişəsindən sonra Azərbaycanın əvəzolunmaz enerji tərəfdaşı kimi həm Avropa İttifaqı, həm də ittifaqa daxil olan ölkələrlə ikitərəfli əlaqələrinin güclənməsinə şahidlik edirik".

Deputatın sözlərinə görə, bütün bunlar Azərbaycanın yeni geosiyasi reallıqlarda aktiv hücum diplomatiyasının həyata keçirilməsinin bir nümunəsidir: "Bu prosesdə ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlarla olan əməkdaşlığın yeni müstəviyə qaldırılmasının mühüm əhəmiyyəti var. Bu siyasət bir neçə vektor istiqamətində aparılır. Belə ki, Avropa İttifaqı ilə enerji tərəfdaşlığı və təhlükəsizliyi gücləndirilir, rəsmi Bakı Ərəb Liqası ölkələri və İsraillə yeni diplomatik əlaqələr qurur, Azərbaycanın İsraildə səfirliyi açılır, Ərəb Liqası ölkələrində Azərbaycan həqiqətlərinin tanıdılması işi gücləndirilir. Bütün bunlar Ermənistanın və erməni lobbisinin həmin bölgələrdə pozucu fəaliyyətinin qarşısının alınması baxımından çox mühüm əhəmiyyət kəsb edir".

M.Məmmədli Mərkəzi və Orta Asiyada, Türk Dövlətləri Birliyi çərçivəsində əlaqələrin gücləndirilməsi və bu təşkilatın fəaliyyətinin daha aktiv hala gətirilməsində Azərbaycanın böyük rolu olduğunu vurğulayıb: "Prezidentin bu ölkələrə səfəri çərçivəsində biz bu əlaqələrin daha da intensivləşməsinin və Türk Dövlətləri Təşkilatının fəaliyyətinin yüksək səviyyəyə qaldırılmasının şahidi oluruq. Həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrdə Azərbaycan həqiqətlərinin anladılması və Ermənistanın pozucu fəaliyyətinin qarşısının alınması istiqamətində atılan addımlar da Azərbaycan diplomatiyasının uğurudur".