Bu gün Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində xüsusilə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini prioritet olaraq müəyyən edib.
7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq qalib gəlmiş Prezident İlham Əliyev 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində səsləndirdiyi kimi, Azərbaycan dövləti bundan sonra da müxtəlif platformalarda bütün beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət və etimada əsaslanmış əməkdaşlığı davam etdirəcək. Bu istiqamətdə bizim üçün əsas hədəflərdən biri də türk dövlətləri ilə əməkdaşlığın dərinləşməsi olaraq müəyyənləşdirildi: “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır.”
Bu gün artıq türk dövlətləri demək olar ki, bütün sahələrdə dayanıqlı inkişafı xarakterizə edən əhəmiyyətli sənədlərini hazırlamaqdadırlar. Xüsusilə, 2021-ci ildə qəbul edilən “Türk Dünyasına Baxış-2040” sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün əsas yol xəritəsini təşkil edir. Burada prioritet istiqamətlərdən biri də türk dövlətlərinin həm regional, həm də qlobal iqtisadiyyata təsirlərinin dayanıqlılığının təmin olunması, eyni zamanda onların vəhdətinin yaradılmasını diktə edir.
Ümumiyyətlə regional sabitliyin əldə edilməsində Türk Dövlətləri birlikdə daha böyük potensiala malikdirlər. Türk Dövlətləri Təşkilatına daxil olan müstəqil türk dövlətləri və müşahidəçi Türkmənistan Respublikası 155 milyon əhaliyə sahib olmaqla 4.5 milyon kvadratmetr coğrafi ərazini əhatə edir. O cümlədən, 1 trilyon ABŞ dollarından çox ÜDM-ə sahib olaraq dünyada 13-cü yerdə qərarlaşır.
Dünya iqtisadiyyatının ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edən türk dövlətləri ilə Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında isə bu rəqəm 5 milyard 666 milyon dollar təşkil edib. Qeyd edək ki, burada əsas pay Türkiyə Respublikasının üzərinə düşür.
İnvestisya səhəsində də nəzərəçarpacaq nailiyyətlərin şahidi oluruq. Belə ki, bu günə qədər Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, eyni zamanda keçən müddət ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması mövcud münasibətlərin daha da dərinləşməsi və hökumətlərin dövlət maraqlarından çıxış edərək, türkdilli dövlətlərin birliyinin qorunmasına xidmət edir.
Hökumətlərlə yanaşı olaraq, türk dövlətləri arasında iqtisadi münasibətlərin daha da dərinləşməsində vətəndaş cəmiyyəti də əməli fəallıq nümayiş etdirir. 02 may 2024-cü il tarixində Bakı şəhərində təşkil olunan “Türk Dövlətləri İqtisadi Forumu 2024” bunun bariz göstəricisidir.
Həmin Forumda Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun, Türkiyə Parlamentinin Təhsil, Mədəniyyət, Gənclər və İdman Komitəsinin sədri Mahmut Özer, eləcə də türk dövlətlərini təmsil edən bir çox dəyərli mütəxəssislər çıxış edərək, türk dövlətlərinin iqtisadi tərəqqisi ilə bağlı baxışlarını bölüşdülər.
Forum, eyni zamanda, Azərbaycanın nəinki Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi fəaliyyətin şaxələndirilməsində maraqlı olduğunu, həmçinin bu gün ölkəmizin Şərqdən Qərbə, Cənubdan Şimala istiqamətlənən logistik imkanlarını artırdığını, türk dünyası məkanının nəqliyyat təhlükəsizliyini daha da dayanıqlı etdiyini bir daha nümayiş etdirdi.
Bu isə öz növbəsində, bir tərəfdən qlobal iqtisadiyyata olan böyük bir töhfədir, digər tərəfdən isə Azərbaycanın siyasi və iqtisadi maraqlarının təmin olunması üçün regionun lokomotivi olaraq mövqeyini daha da möhkəmləndirməsini ortaya qoyur.
Belə ki, Azərbaycan vasitəsilə ötürmə qabiliyyəti genişləndirilmiş həmin mühüm logistik dəhlizlər türk dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərməklə yanaşı olaraq, eyni zamanda bu dövlətlərin idxal, ixrac proseslərində hərtərəfli mənfəələrini nəzərdə tutan əvəzolunmaz vasitəyə çevriliblər.
Beləliklə, sözü imzası qədər dəyərli olan Azərbaycan dövlətinin atdığı hər bir addım yalnız sülhə, əmin-amanlığa, təhlükəsizliyə, davamlı inkişafa, xalqların rifah içində yaşamasına hesablanıb.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı