Türk dünyasının qlobal güc mərkəzinə çevrilmək potensialı ŞƏRH

Azərbaycan xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrimizin genişləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Prezident İlham Əliyevin sonuncu inauqurasiya mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri bu tarixi mərhələdə Azərbaycanın beynəlxalq siyasət doktrinasının əsasını təşkil edir. Son illər ərzində Türk Dövlətləri Təşkilatının xətti ilə aparılan fəaliyyətlər birliyimizi daha da gücləndirib və Türk birliyi uğrunda səylərin səfərbər olunmasına yeni töhfələr verib. İyunun 5-6-da Bakıda keçirilmiş TÜRKPA-nın 13-cü plenar iclası Türk birliyinin daha bir təzahürü oldu. Plenar iclasda Şimali Kipr Türk Respublikası Məclisinin müşahidəçi qismində ilk dəfə təmsil olunması tarixi hadisəyə çevrildi. İclasda çıxış edən Məclis Başqanı Zorlu Törə böyük türk ailəsində yenidən birlikdə olmağın sevincini yaşadığını qeyd edərək Türkiyə, Azərbaycan və Şimali Kipr arasındakı münasibətləri “Bir millət, üç dövlət” kimi dəyərləndirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, TÜRKPA 13-cü Plenar iclasında iştirak etmək üçün Bakıya səfərə gəlmiş türk dövlətləri məclislərinin sədrlərini qəbul edən Prezident İlham Əliyev bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirib. Hər bir Zirvə görüşünün dövlətlərimiz arasında münasibətləri daha da yaxınlaşdırdığını və birliyimizi daha da gücləndirdiyini vurğulayan dövlətimizin başçısı bu görüşlərin daha tez-tez keçirilməsinin vacibliyini qeyd edib. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan proseslərdir.

 

“Prezident İlham Əliyev Orta Dəhlizin fəaliyyətə başlamasını və yükdaşımaların artırılmasını türk dövlətləri arasında iqtisadi-ticari əlaqələrin canlandırılması üçün vacib fəaliyyətlər olduğunu qeyd edib. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr Orta Dəhliz layihəsində iştirak edir və bu istiqamətdə birgə fəaliyyətlərin arealı getdikcə genişlənməkdədir. Prezident bu il Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyini bildirərək bunun böyük məsuliyyət olduğunu vurğulayıb. COP 29 tədbirinə hazırlıq barədə qonaqları ətraflı şəkildə məlumatlandıran Prezident İlham Əliyev hazırlıq işlərinin qardaş ölkələrlə də müzakirə olunmasının faydalı olacağını bildirib. Azad edilmiş torpaqlarda aparılan abadlıq və quruculuq işlərində qardaş ölkələrin iştirakını yüksək qiymətləndirən Prezident İlham Əliyev Ağdam, Cəbrayıl və Füzuli şəhərlərində Macarıstan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən yeni məktəblərin və gənclər üçün yaradıcılıq mərkəzinin tikilməsini böyük mənəvi dəstək adlandırıb. Qarabağla bağlı məsələlərdə Türk dünyasının birliyi həm Vətən müharibəsi günlərində və həm də bu gün uğurla aparılan quruculuq işlərində özünü aydın şəkildə göstərməkdədir. Hazırda ərazidə aparılan inşaat işlərinin bir çoxu Türkiyə şirkətləri tərəfindən həyata keçirilir, o cümlədən Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev türk dövlətlərinin Məclis başqanları ilə görüşdə bir daha birliyimizin potensialını xatırladıb, Türk dünyasının böyük bir coğrafiyanı əhatə etdiyini deyib. Avrasiya üçün həyati əhəmiyyət daşıyan nəqliyyat yollarının türk dövlətlərinin ərazilərindən keçməsi, bu ərazilərin nəhəng enerji resurslarına və insan kapitalına malik olması Türk dünyasının qlobal güc mərkəzinə çevrilmə potensialını təşkil edir. Bu potensialın düzgün dəyərləndirilməsi və bütün türk dövlətlərinin səyi və iştirakı ilə birlikdə hərəkətə gətirilməsi Türk dünyasını qlobal miqyaslı güc mərkəzinə çevirməyin başlıca şərtidir.