Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı
- Aqiyə xanım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin regionlarına etdiyi mütəmadi səfərlər bu gün həm respublika ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən maraqla və diqqətlə izlənilir. Ekspertlər ifadə edirlər ki, bu marağı doğuran səbəblər həmin səfərlərin mahiyyətində duran əsas prinsiplərlə bağlıdır. Bu barədə nə deyə bilərsiz?
- Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın bölgələrinə tez-tez səfərlər edir və bu səfərlər artıq çoxdan ənənəvi xarakter almışdır. Bu gün Azərbaycanda 2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının artıq dördüncüsü icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır və bu işlər indi də yüksək dinamika ilə davam etdirilir. Prezident İlham Əliyevin bölgələrə səfərləri də eyni zamanda həm görülən işlərə nəzarət üçün bir vasitədir, həm də məhz bu səfərlər zamanı növbəti tapşırıqlar, tövsiyələr verilir. Bu tapşırıqların icrası isə ilk növbədə bölgələrdə insanların rifah halının daha da yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, sosial infrastrukturla bağlı işlərin aparılmasının təmin edilməsini nəzərdə tutur. Öz müsahibəsində cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir. Təbii ki, bu proseslərin gedişi barədə ətraflı məlumatlar, hazırkı anda hansı sahədə vəziyyətin hansı durumda olması ilə bağlı açıqlamalar ölkə ictimaiyyətini maraqlandırmalıdır. İkinci bir tərəfdən, Azərbaycan bu gün bir çox xarici ölkələrlə ən müxtəlif, o cümlədən strateji sahələrdə əməkdaşlıq edir. Bu isə həmin ölkələrin Azərbaycanda gedən iqtisadi proseslərə marağını izah edən ən bəsit səbəb ola bilər. Məsələ bundadır ki, bu gün respublikamızın bütün regionlarında aparılan irimiqyaslı abadlıq-quruculuq işləri, eyni zamanda ölkəmizin iqtisadi gücünün bir göstəricisi kimi çıxış edir. Tərəfdaş ölkələr də, xarici investorlar da öz siyasətlərini məhz bu göstəricilər əsasında qururlar. Düşünürəm ki, beynəlxalq müstəvidə ölkəmizdə gedən proseslərə olan böyük marağı izah edən səbəblərdən biri də məhz budur.
- Dövlət başçısının Neftçala və Salyan rayonlarına səfəri də bir sıra mühüm obyekt və müəssisələrin açılışı ilə əlamətdar oldu. Bu addımlar regionun sosial-iqtisadi inkişafına hansı töhfələri verəcək?
- Mən deyərdim ki, bu açılışların hər biri özü-özlüyündə çox böyük önəm kəsb edən inkişaf göstəricisidir. Məsələn, biz birmənalı olaraq deyə bilərik ki, Prezident İlham Əliyevin Salyanda açılışını etdiyi “ASAN xidmət” mərkəzi artıq bütün dünyada məhz Azərbaycan brendi kimi tanınan və yüksək səmərəlilik əmsalına malik olan bir sistemin effektiv çalışan tərkib hissəsidir. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və çox bəyənilir. Eyni zamanda da “ASAN xidmət” sistemi Azərbaycanın intellektual məhsuludur və bu gün dünyada ASAN modelini artıq bir neçə ölkə tətbiq edir. Bu isə o deməkdir ki, Azərbaycan artıq həm də intellektual məhsul ixrac edir. Bundan başqa, cənab Prezident Neftçala və Salyan rayonlarına səfəri çərçivəsində yeni elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzinin, uşaq xəstəxanası və doğum evinin, böyük balıqçılıq təsərrüfatının, eləcə də bir sıra infrastruktur layihələrin açılışında iştirak etdi. Əlbəttə ki, bu hadisələr ölkəmizdə gedən hərtərəfli və dinamik inkişafın, respublikada dövlətin sosial siyasətinin uğurla icra olunmasının daha bir göstəricisi kimi qiymətləndirilməlidir. Dövlət başçısının bu açılışlarda şəxsən iştirak etməsi isə görülən işlərin daim ciddi nəzarətdə saxlanmasının təsdiqi və bu sahələrə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.
- Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin prioritet olduğunu bir daha vurğuladı...
- İlk növbədə onu deyim ki, bu gün Azərbaycan dövlətinin işğaldan azad olunan ərazilərdə – Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri, reallşdırılan layihələr öz miqyasına, əhatəliliyinə, möhtəşəmliyinə görə həqiqətən də heyrət doğurmaya bilmir. Azərbaycan artıq öz ərazilərini yenidən dirçəldir, canlandırır, keçmiş köçkünlər planlı şəkildə öz dədə-baba yurdlarına qayıdırlar. Əlbəttə ki, bu ərazilərin iqtisadi potensialının reallaşdırılması ölkənin ümumi iqtisadi inkişafına böyük töhfə olacaq. Lakin sizin də dediyiniz kimi, bu məsələnin çox vacib siyasi aspekti də mövcuddur. Artıq bütün dünya bilir ki, otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, özünün olduğunu iddia etdiyi ərazilərdə yalnız talan və soyğunla məşğul olub. Otuz il ərzində nəinki, qurub-yaratmaq məqsədilə daş üstünə bir daş belə qoyulmayıb, həmçinin illər boyunca yaradıcı insanlar tərəfindən inşa olunmuş hər cür tikililər – evlər, mədəniyyət və təhsil ocaqları, səhiyyə müəssisələri, sosial obyektlər, dini-tarixi abidələr dağıdılıb, xarabazarlıqlara çevrilib. Azərbaycanlıların həmin torpaqlara qayıtmasından isə hələ heç üç il də keçməyib. Lakin bu müddət ərzində artıq görülən işlərə baxın. Azərbaycan hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra bərpa və yenidənqurma işlərinə başladı. Bu gün isə artıq Böyük qayıdış proqramı mərhələli şəkildə icra olunmaqdadır. Hazırda artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayırlar. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, artıq bu torpaqların əsl sahibləri öz doğma dədə-baba yurdlarına qayıdıblar və bu qayıdış əbədidir. Hər kəs bilir ki, öz torpağında qurub-yaratmaq, onu abadlaşdırmaq bu torpağın əsl sahiblərinə, talamaq, soymaq, dağıtmaq və viran qoymaq isə yalnız işğalçılara xas olan xüsusiyyətlərdir.
Bilirsiniz ki, bu gün istər bütövlükdə ölkəmizin, istərsə də sərhədyanı ərazilərin təhlükəsizliyi ilə bağlı məsələlər Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələdir. Təsadüfi deyil ki, ölkənin hərbi xərclərinə büdcə ayırmaları da kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Öz müsahibəsində möhtərəm dövlət başçımız bu xüsusda verdiyi açıqlamada bildirdi ki, bu gün ordunun gücləndirilməsinə daha böyük ehtiyac var. Həm də bu, sadəcə Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqəli deyil. Ermənistan artıq Azərbaycanın gücünü görüb və dəmir yumruğun zərbəsini alıb. Hər nə qədər öz havadarlarına arxayınlaşsalar da, hər nə qədər bu ölkədə revanşist çağırışları səsləndirilsə də, hər halda Ermənistan ölkəmizə qarşı atacağı hər bir səhv addımın onun üçün necə fəlakətlərə səbəb ola biləcəyi barədə düşünür. Lakin təəssüflər olsun ki, bu gün ölkəmizə qarşı yeganə təhlükə mənbəyi yalnız Ermənistan deyil. Dünyada gedən proseslərin təhlili bunu deməyə əsas verir ki, bütün beynəlxalq mühitdə ən müxtəlif təhdid və təhlükələr getdikcə artır. Buna görə də, cənab Prezident birmənalı olaraq bildirdi ki, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün Azərbaycan Ordusu həqiqətən də çox güclüdür. Bu güc özünü döyüş meydanında, həm də Azərbaycan xalqının dönməz iradəsi, hərbçilərimizin peşəkarlığı və ölkənin hərbi-iqtisadi potensialı ilə vəhdətdə göstərdi. Əlbəttə ki, bu ordu istənilən düşməni məhv etməyə, öz xalqını ölkə ərazisinin hər hansı bir nöqtəsində qorumağa hazırdır və qadirdir.
- Aqiyə xanım, Ermənistanla sülh danışıqları prosesi bu gün sadəcə Azərbaycan cəmiyyətində deyil, dünyada, xüsusilə də Avropada ən çox müzakirə olunan mövzulardan biridir. Azərbaycan sülh prosesinə sadiqlik nümayiş etdirdiyi halda, Ermənistanın təxribatçı hərəkətlərinin şahidi oluruq...
- İlk növbədə bunu deyim ki, hazırda əksər Avropa ölkələri üçün həqiqətən də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması arzuedilən haldır. Aydındır ki, bu gün özünün enerji təhlükəsizliyini həm də Azərbaycandan aldığı təbii qazın hesabına təmin edən Avropa Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlıdır. Lakin təəssüflər olsun ki, tək-tək olsa belə, bu cür məntiqi yanaşmadan kənar davranışlara da rast gəlmək olur ki, bu da Fransa kimi ölkələrin hələ də Ermənistanda revanşist qüvvələrə dəstək verməsində özünü göstərir. Öz növbəsində Azərbaycan artıq iki il yarımdır ki, Ermənistanla dayanıqlı sülhün bağlanması üçün ciddi səylər göstərir. Həm də 30 il davam edən işğala, bu dövr ərzində ölkəmizə və xalqımıza qarşı törədilən olmazın vəhşiliklərə rəğmən. Məhz Azərbaycan iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün beş əsas prinsipi irəli sürmüşdür. Bu prinsiplər beynəlxalq hüququn norma və tələblərinə tam uyğundur və məhz bu prinsiplər əsasında ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı nəzərə alınaraq danışıqlara başlamaq və sülh müqaviləsini imzalamaq mümkündür. Diqqətəlayiq haldır ki, Prezident İlham Əliyev Ermənistan tərəfinin də prinsip etibarilə Azərbaycanın yanaşması ilə razı olduğunu zənn etdiyini bildirdi. Əslində bu məsələnin öz həllini tapması üçün başqa variant ümumiyyətlə yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Azərbaycan-Ermənistan sərhədlərinin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında müəyyənləşdirilməsini təsdiq edən rəsmi İrəvan bununla faktiki olaraq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Beləliklə, Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır. Dövlətimizin başçısı öz müsahibəsində bir daha açıq mətnlə bəyan etdi ki, Qarabağ Azərbaycanın daxili işidir və Azərbaycan bu məsələni heç bir xarici ölkə və ya qüvvə ilə müzakirə etməyəcək. Qarabağda yaşayan ermənilər isə, ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Azərbaycan məsələnin üçüncü həlli yolunun olmadığını dəfələrlə bəyan edib. Vətən müharibəsindən sonra keçən iki il yarım ərzində isə, həm Ermənistan, həm də onun havadarları Azərbaycanı heç bir vasitə ilə öz mövqeyini dəyişdirməyə məcbur etməyin mümkün olmadığına dəfələrlə əmin olublar.
Ermənistanda Azərbaycanın Dövlət Bayrağının yandırılmasına gəlincə isə, əlbəttə ki, bu, birmənalı olaraq erməni hökumətinin növbəti çirkin əməlidir, xaincəsinə planlaşdırıb həyata keçirdiyi təxribatdır. Eyni zamanda da bu təxribat bir daha erməni xislətinin əsas xarakterik cəhətlərini bütün dünyaya nümayiş etdirdi. Qorxaqlıq, xainlik, satqınlıq – budur həmin məşhur cəhətlər. Bu çirkin aksiyanın müəllifləri isə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin kifayət qədər sərt və aydın mesajından özləri üçün ciddi nəticə çıxarmalıdırlar: “...Əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”. Bu mesaj Ermənistanda şovinizmi və revanşizmi yenidən qızışdırmağa çalışan digər qüvvələr üçün də ciddi xəbərdarlıqdır.