Cəmiyyətimizdə ziyalılar ilə gənclər arasında böyük uçurum yaranıb. Onları bir araya gətirmək nəinki çətinləşib, hətta mümkünsüzləşib. Hər iki tərəfdən bir neçə nəfərin təşəbbüs göstərməsi problemi həll etmir.
Tarixi keçmişdə ziyalılar və müdrik insanlar gənclər üçün o, cümlədən el-oba üçün düz yol göstərən, həyatı öyrədən mayak rolunu oynayıblar. Amma müasir dövrdə mədəniyyətimizə və mentalitetimizə yad dəyərlərin güclü təsiri bu prosesə mənfi təsir göstərməklə yanaşı onun istiqamətini də dəyişib. Böyük-kiçik münasibətləri pozulur, ailə dəyərləri ucuzlaşdırılır və cəmiyyətin ümumi qanunauyğunluqları tapdalanır. Bütün bunlar bizi xalq və cəmiyyət olaraq uçurumun kənarına, sonra isə dibinə sürükləyəcək. Buna imkan vermək olmaz. Dərk etməliyik ki, bu mövzu ümumilli əhəmiyyət daşıyır. Ziyalılar və gənclər arasında uzaqlaşmanın qarşısını almaq və tədricən yaxınlaşmalara nail olmaq üçün ciddi tədbirlər həyata keçirilməlidir.
Özündən yaşda böyük , dünya görüşü geniş olan insanlarla şəxsi münasibətlərdə olan gənclər cəmiyyətin müxtəlif təbəqələri o, cümlədən həmyaşıdları tərəfindən gülüş obyektinə çevrilir və qınanılır. Əslində isə həmin gənc həm özünün, həm də vətənimizin, xalqımızın parlaq gələcəyini düşünür və bu istiqamətdə irəliləyir. Onun dəstəkləyənlərin az, pisləyənlərin və yolundan daşındırmaq istəyənlərin çox olması həyəcan təbilinin çoxdan çalındığı deməkdir. Qloballaşma bütün dünyayanın xalqlarına və mədəniyyətlərinə təsir göstərir. Bu o demək deyil ki, minilliklərə söykənən adət-ənənələrimizdən, milli və mənəvi dəyərlərimizdən vaz keçməli, onları yeniləri ilə əvəz etməliyik. Əksinə ənənələrə sadiq və yeniliklərə açıq olmaqla onlardan məqsədyönlü istifadə etməliyik.
Anar Salehoğlu
İctimai-siyasi fəal