Bu gün cənab İlham Əliyevin respublikamıza birinci dəfə prezident seçilməsinin 19-cu ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə etimad göstərməklə, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamına və beləliklə, özünün etibarlı və aydın gələcəyinə, inkişafa və quruculuğa səs verdi.
Həmin vaxt keçirilən andiçmə mərasimində ölkəmizin gələcək inkişafı ilə bağlı fikirlərini bildirən möhtərəm İlham Əliyev demişdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
2003-cü ildən indiyədək İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda olduqca mühüm dəyişikliklər, tariximizə qızıl hərflərlə həkk olunan hadisələr baş verib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ilk gündən hər bir sahədə sürətli inkişafa yol açıb, ölkəmizin beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib. Bütün bunlar isə Heydər Əliyev ideyalarının təntənəsidir.
2003-cü ildə Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri yeni iqtisadi islahatların aparılması və bununla da iqtisadiyyatda qazanılan uğurların miqyasının genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, işsizliyin və yoxsulluğun aradan qaldırılması idi. Ötən 19 ilin statistikası göstərir ki, bu dövrdə bütün sosial-iqtisadi çağırışlar uğurla reallaşıb, iqtisadiyyatımızın, hər bir regionun inkişaf yoluna çıxarılması, bölgələrin iqtisadi potensialının hərəkətə gətirilməsi təmin olunub, bütün şəhər və rayonlarımızın siması dəyişib. O cümlədən işsizliyin və yoxsulluğun səviyyəsi minimal həddə endirilib.
Bu dövr ərzində Naxçıvan Muxtar Respublikasının tərəqqisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının ən gözəl və nümunəvi təqdimatıdır. Möhtərəm
İlham Əliyevin inkişaf strategiyasının, qəbul olunmuş proqramların uğurla icra edilməsi nəticəsində bu dövrdə muxtar respublika hər il davamlı olaraq yüksək inkişaf göstəriciləri nümayiş etdirir. 19 il ərzində demək olaraq ki, bütün parametrlər üzrə davamlı inkişafa nail olunub, ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib. 2021-ci il may ayının 10-da, Ulu Öndər Heydər Əliyevin doğum günündə Naxçıvana səfər edən Prezident İlham Əliyev muxtar respublikanı iqtisadi artımın templərinə görə belə adlandırıb: "Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb".
Qürur hissi ilə qeyd etmək istərdim ki, ölkəmizə rəhbərliyi dövründə Prezident İlham Əliyev 15 dəfə Naxçıvana gəlib. Dövlət başçısının hər səfəri muxtar respublikanın inkişafında yeni səhifə açıb. Bu səfərlər zamanı Prezident İlham Əliyev Naxçıvanda 100-dən artıq təhsil, səhiyyə, idman və mədəniyyət ocağının, çoxsaylı istehsal müəssisəsinin və hərbi təyinatlı obyektin açılışını edib. Ümumilikdə isə ötən 19 ildə Naxçıvanda ölkə rəhbərinin himayəsi, tapşırığı, tövsiyəsi ilə ərsəyə gələn müəssisələrin sayı minlərlədir. Blokada şəraitində yaşayan muxtar respublikada əldə olunan bu inkişaf göstəriciləri Prezident İlham Əliyevin siyasi kursunun təcəssümü, Heydər Əliyev ideyalarının təntənəsidir.
Ötən 19 ilin ən böyük hadisəsi isə əlbəttə ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsidir. 44 günlük müharibədə qazanılan qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün uğurlarımızın zirvəsində dayanır. Bu Zəfər cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin ən şərəfli səhifəsi, müstəqilliyimizin, dövlətçiliyimizin möhtəşəm qəhrəmanlıq salnaməsidir.
Vətən müharibəsi həm də İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi fəaliyyətinin məhz milli mənafelərimizin təmin olunması üzərində formalaşdığını xalqımıza daha yaxından göstərdi. Belə ki, bu Qələbədən sonra Azərbaycan ictimaiyyəti gördü ki, Prezident İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad olunması üçün kompleks fəaliyyət ortaya qoyub. Beynəlxalq müstəvidə Ermənistanın diplomatik küncə sıxışdırılması, hücum diplomatiyasının həyata keçirilməsi ilə yanaşı,
İlham Əliyev güc yolu ilə torpaqlarımızın azad edilməsi variantını da daim diqqətdə saxlayıb və bu məqsədlə davamlı şəkildə ordumuzun döyüş imkanları artırılıb. Bu baxımdan Vətən müharibəsindəki Zəfər İlham Əliyevin müdrik və uzaqgörən, milli mənafeləri rəhbər tutan siyasətinin məntiqi nəticəsi kimi tarixə düşüb.
Azərbaycanın uğurları isə davamlıdır. İşğaldan azad edilmiş ərazilərimizin kompleks şəkildə yenidən qurulması, Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməsi və Azərbaycanın ərazi bütövlüyünü tanıması bir daha göstərir ki, Prezident İlham Əliyev dövlətimizin milli mənafelərini postmüharibə dövründə də inamla təmin edir.
Cəbi QULİYEV,
Milli Məclisin deputatı