Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu Prezident İlham Əliyevin üzərinə götürdüyü öhdəliyə əsasən təşkil edilib
Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq reallaşdırdığı qlobalmiqyaslı layihələrlə dünyanı heyrətləndirir. Qüdrətli Azərbaycan dövlətinin təşəbbüs və təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirlərdə qlobal məsələlər müzakirə edilir. Son zamanlar diqqət çəkən bir çox belə tədbirlərin işaldan azad olunan rayonlarda təşkil edilməsidir. Sentyabrın 29-da Şərqi Zəngəzur iqtisadi rayonunun ev sahibliyi etdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu bu baxımdan diqqət çəkir. 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi Forumda dayanqlı şəhrəsalma və davamlı inkişaf üçün əməkdaşlıq imkanları müzakirə mövzusu olub. Foruma qatılan Prezident İlham Əliyev çıxışında bütün Qarabağın inkişaf etdiyini deyib. Cənab Prezident bildirib ki, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir: “Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır”.
Xatırladaq ki, 1-ci Azərbaycan Milli Şəhərsalma Forumu ötən ilin oktyabrın 5-6-da ölkəmizdə keçirlib. İşğaldan azad edilmiş Ağdam şəhərində və paytaxt Bakıda iki gün davam edən toplantı BMT-nin Məskunlaşma Proqramının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə reallaşıb. 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı ilk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilib. 2-ci Milli Şəhərsalma Forumundan da bənzər mövzular əsas diqqətdə saxlanılıb. Forumda cənab Prezidentin çıxışında bu kimi mövzuların müzakirə edilmsinin önəmli olduğunu vurğulayıb: “Hesab edirəm ki, bu gün burada - Zəngilanda, növbəti günlərdə Forumun Bakıda davam etdiyi müddətdə müzakirələr təkcə şəhər planlaması və inkişafa dair təcrübə mübadiləsi ilə bağlı olmayacaq, regionun gələcəyi barədə də fikir mübadiləsi aparılacaq. Biz bu regionun gələcəyini necə görürük? Diqqətinizə çatdırmaq istəyirəm ki, bizə qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib, bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar. Təsəvvür edirsinizmi, 1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi. Danışıqlara vasitəçilik edən ölkələrə baxsaq, görərik ki, onlar istəsəydilər, buna çoxdan nail olmuşdular. Baxın, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi - onlar keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar bizim ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə qəbul edilmişdi. Onlar kağız üzərində qalmışdı. Çünki siyasi iradə yox idi və məlum idi ki, Ermənistan bunu istəmir”.
Forumda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin çıxışından göründüyü kimi, Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu Prezident İlham Əliyevin üzərinə götürdüyü öhdəliyə əsasən təşkil edilib. “Əsas məqsəd bildiyiniz kimi, daha yaşıl, daha sağlam inkişaf, sözün həqiqi mənasında, təqdirəlayiqdir. Təbiətlə ahəngdar şəkildə, eləcə də su resurslarının, eyni zamanda, məhz məkanın düzgün idarə edilməsi ilə Siz şəhər vətəndaşları üçün daha parlaq gələcəyi təmin etmiş olursunuz. BMT-nin Baş katibi Antonio Quterreş də bu yaxınlarda Nyu-Yorkda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı keçirilən tədbirdə qeyd etmişdi ki, DİM-in bərpa planına kifayət qədər ehtiyacı var və artıq bütün dünyanın gözləri üzv dövlətlərə yönəlib”, - deyə icraçı direktor dövlətimizin başçısının vətəndaşlara göstərdiyi diqqəti yüksək qiymətləndirib.
Azərbaycan hazırda işğaldan azad olunan ərazilərdə uğurlu şəhərsalma işi həyata keçirir. Bu ərazilərdə bütün fəaliyyətlər beynəlxalq standartlara uyğun olaraq icra edilir. Ən müasir texnologiyaların tətbiq ilə aparılan abadlıq və qurucuuq işləri beynəlxalq ekspertlərin də diqqətini çəkir. Artıq bir sıra ölkələr Azərbaycanın xüsusən Qarabğdakı sürətli şəhərsalma metodlarını öyrənir və öz ölkələrində tətbiq etmək istəyirlər. 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu da bu baxımdan xarici qonaqlar üçün həm də təcrübə mübadiləsidir. Ona görə də bu forum Azərbaycan üçün əhəmiyyətli və uğurlu platforma hesab edilir.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor