Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri: “Rusiya 26 dövlətə parçalana bilər”

“Rusiya Federasiyasını qaçılmaz süqut gözləyir. Onun yerində isə 26 yeni dövlət yaranacaq”.

Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri və general Nikolay Malomuj “Arqument” proqramının yeni buraxılışında bildirib.

O qeyd edib ki, Rusiyanın bəzi qərb və cənub bölgələri isə hətta Ukraynanın bir hissəsi olmaq istəyini ifadə edə bilər.

“Mən iki ssenarini nəzərdən keçirirəm. Dünya ölkələri müəyyən mərhələdə bu rejimə təzyiq göstərəcək, Putin uzaqlaşdırılacaq, Qərbin zəmanəti altında hansısa keçid hökuməti yaranacaq. Biz öz məqsədlərimizə tam nail olacağıq - Ukraynanı azad edəcəyik”, - deyə o qeyd edib.

Malomuj əlavə edib ki, Rusiya Federasiyasında keçid mərhələsinin olması ilə bağlı ilk növbədə Qərb israr edəcək.

“Gələcəkdə Rusiya Federasiyasının hansısa hissəsinin Moskvanın nəzarətində olacağını nəzərdə tuturuq. Bəzi respublikalar, məsələn, Tuva, Tatarıstan isə ayrılmağa hazırdır”, - deyə Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri bildirib.

O əmindir ki, Çeçenistanda və Qafqazda vəziyyət tamamilə fərqli olacaq. Dövlət icmalarının formalaşmasının yeni aydın modelləri olacaq və onlar öz milli iqtisadiyyatlarını və ənənələrini formalaşdıracaqlar.

Malomuj hesab edir ki, təxminən 26 respublika meydana çıxa bilər və onlardan bəziləri Ukraynaya qoşulmaq istəyə bilər. Bunlar Rusiyanın qərb və cənub bölgələridir.