Milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidi

Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Fenomenal siyasi və dövlət xadimi kimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə böyük nəzəri-siyasi və əməli əhəmiyyətə malikdir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi inkişafında yüksəliş, tərəqqi meylləri ilə fərqlənir.

Ümummilli lider Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

O, həmçinin, müstəqil Azərbaycan Respublikasının yaranmasının, onun dövlət quraculuğunun əsas qanunu Konstitusiyanın əsas memarı olmuşdur. Məhz ölkəmizdə hüquqi, dünyəvi və demokratik dövlət bilavasitə onun rəhbərliyi ilə qurulmuş və uğurla inkişaf etməkdədir. Bu gün ölkəmizdə bütün sahələrdə sosial-iqtisadi siyasət müvəffəqiyyətlə həyata keçirilir.

Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ümummilli liderin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Azərbaycanın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır. Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur. Bir sözlə, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilmişdir.

Beləliklə, birmənalı qaydada qeyd etmək lazımdır ki, ötən dövr ərzində ölkəmizin bütün sahələrdə qazandığı möhtəşəm uğurlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasının yeni modelinin nəticəsidir. Bu model Azərbaycanın qüdrətli və işıqlı gələcəyinin təminatçısıdır. Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir və bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.

Dosent Araz Fərəcov - ADPU-nun riyaziyyat fakültəsinin dekanı