Azərbaycanın bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında qaldığı dönəmdə olduqca ağır və riskli məsuliyyətin altına girərək ölkəni uçurumun bir addımlığından xilas edən Ümummilli Lider Heydər Əliyev əbəs yerə Müasir Azərbaycanın memarı hesab olunmur. Siyasi böhranın, xaosun hökm sürdüyü bir vaxtda ikinci dəfə hakimiyyətə qayıdan Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik əsaslı şəkildə azaldı, respublikamız vətəndaş müharibəsindən, parçalanma təhlükəsindən xilas oldu. 3 oktyabr 1993-cü il isə Azərbaycanın inkişaf tarixində yeni səhifə oldu. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti seçməklə dövlətimizi inkişafa, zəfərə aparan yolun başlanğıcına qədəm qoydu. Ümummilli Lider ölkəmizi böyük bəlalardan, faciələrdən qoruyaraq sabitlik və iqtisadi inkişafa nail oldu. Qlobal enerji layihələrini reallaşdırmaqla Vətənə sədaqətli xidmətin nümunəsini ortaya qoydu.
Bu gün Ulu Öndər bütün dünyada hörmətlə anılır. Mərhum Prezidentimiz tarixin bütün sınaqlarından, çətinliklərdən keçib və üzüağ çıxıb. Ümummilli lider 14 il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində Azərbaycan xalqına xidmət edib. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin nəticəsində respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi
Daha sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləyib. Sonra isə onun təqib dövrü başlayıb və bu təqib təxminən üç il davam edib.
“Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır”, deyə Ulu Öndər bildirib.
Mərhum dövlət başçısının siyasi fəaliyyətindəki ən böyük uğurlardan biri Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə ictimai-siyasi sabitliyi bərpa etməsi, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirməsi, dövlət çevrilişi cəhdlərinin qarşısı alması və Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etməsi oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. Mərhum Prezidentimizin qeyd etdiyi kimi, “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti 2003-cü ildən layiqincə davam etdirən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Qələbənin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Ümummilli liderin dövlətimiz, xalqımız qarşısındakı mühüm xidmətlərindən biri 2003-cü ildə xalqa tarixi müraciətidir. Həmin müraciətdə ulu öndər namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürdüyünü önə çəkərək belə bir inamı ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıra biləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin bütün arzularını reallığa çevirdi. Bu gün hər birimiz sonsuz qürur hissi keçiririk ki, Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və digər işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Nə qədər ki Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev daim xatirələrdə yaşayacaq. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı