Təranə Tağı-zadə: Müalicə və diaqnostika üzrə xaricdən gətirilən tibbi protokollar yerli mühitə uyğunlaşdırılmalıdır
Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə ilə eksklüziv müsahibəmizdə müasir pediatriyanın aktual problemləri, uşaq sağlamlığının qorunması istiqamətində yeni yanaşmalar və Assosiasiyanın bu sahədə fəaliyyəti barədə danışdıq. Alim, həmçinin təşkilatın gələcək hədəfləri, innovativ tibbi metodların tətbiqi və pediatrik xidmətlərin keyfiyyətinin artırılması üçün nəzərdə tutulan işlər barədə fikirlərini bölüşdü.
- Təranə xanım, istərdik ki, Azərbaycan Pediatrlar Assosiasiyasının tarixinə qısa nəzər salaq. Bu təşkilatın yaranması nə zaman və hansı zərurətdən doğdu?
- APA-nın yaranması 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında təsis edilən Azərbaycan Tibb Universitetinin (ATU) yaranması ilə eyni tarixi dövrə təsadüf edir. Təşkilata uzun illər, yəni 50-ci illərə qədər ilk azərbaycanlı pediatr, Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısı, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayev rəhbərlik edib. Zəngin tarixə malik bu qurum ötən onilliklər ərzində elm və təcrübənin vəhdətini təmin edən tanınmış alimlərin rəhbərliyi ilə fəaliyyət göstərmişdir.
Azərbaycan Pediatrlar Assosiasiyasına uzun illər ölkənin görkəmli tibb xadimləri rəhbərlik edib. Professor Əbülfəs Qarayev, professor Nəsibə Hüseynova, akademik Adilə Namazova və digər dəyərli elm adamları bu təşkilata sədrlik edərək ölkəmizdə pediatriyanın inkişafına misilsiz töhfələr bəxş ediblər. Bu ali missiya çərçivəsində Assosiasiya öz inkişaf yolunda böyük irəliləyişlər əldə edərək, uşaq sağlamlığının qorunması istiqamətində mühüm nailiyyətlər qazanıb, islahatlar həyata keçirib. Fədakar səylər və məqsədyönlü fəaliyyət nəticəsində gələcək nəsillərin sağlam və firavan böyüməsi naminə vacib addımlar atılıb, mühüm strategiyalar formalaşdırılıb. Assosiasiyanın keçdiyi inkişaf yoluna nəzər saldıqda, xüsusilə 1993-cü ildən etibarən yeni bir dövrün başlandığını görmək mümkündür. Məhz həmin il Ulu Öndər Heydər Əliyevin yüksək diqqət və qayğısı nəticəsində Assosiasiya qlobal səhiyyə cəmiyyətinə inteqrasiya olunaraq məşhur türkiyəli tibb alimi, pediatr, professor İhsan Doğramacının dəstəyi ilə beynəlxalq təşkilatların üzvü seçildi. Bu hadisə təşkilatın qlobal miqyasda tanınmasına və beynəlxalq əməkdaşlıqların qurulmasına zəmin yaratdı.
Azərbaycan səhiyyəsində strateji islahatların həyata keçirildiyi bir dövrdə Pediatrlar Assosiasiyası öz fəaliyyətini daha da genişləndirdi. Ümummilli Lider Heydər Əliyevin yüksək qayğısı və uzaqgörən dəstəyi Assosiasiyanın işində yeni mərhələnin başlanmasına zəmin yaratdı və Onun dəstəyi ilə Azərbaycanda Türkdilli dövlətlərin pediatrlarının ilk konqresi keçirildi.
Qeyd etməliyəm ki, 90-cı illərdə Azərbaycan səhiyyəsi üçün ciddi sınaq illərindən biri oldu. Ölkədə geniş yayılmış difteriya epidemiyası ictimai sağlamlıq üçün ciddi təhlükə yaratmışdı. Məhz belə çətin bir məqamda akademik Adilə Namazova vəziyyətin ciddiliyini dəyərləndirərək, birbaşa Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Onun dəstəyi ilə qısa zamanda Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Nəticədə, vaksinlər təcili ölkəyə gətirildi və epidemiyanın yayılmasının qarşısı uğurla alındı. Beləliklə, minlərlə insanların həyatı xilas olundu. Zamanla akademik Adilə Namazovanın rəhbərliyi altında aparılan elmi araşdırmalar nəticəsində təşkilatın beynəlxalq nüfuzu daha da artdı. Pediatriya elminin inkişafına misilsiz töhfələr verən bu məktəb bu gün də aktiv fəaliyyət göstərməkdədir.
Elmi tədqiqatlar elektron şüalanmanın onkoloji xəstəliklər, göz zəifliyi və psixoloji durumların, ruhi xəstəliklərin inkişafına səbəb olduğunu sübut edir
- Özünüzün Assosiasiyadakı fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan sürətlə inkişaf edir. Ali Baş Komandanımız cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva uşaq sağlamlığı ilə bağlı problemlərin həllini daim diqqət mərkəzində saxlayırlar.
Özümə gəldikdə deyə bilərəm ki, ümumi səhiyyə sahəsində beynəlxalq əməkdaşlıq və milli strategiyaların formalaşdırılması prosesində yaxından iştirakım 1995-ci ildən başlanıb. Həmin illərdə mən Assosiasiyada katib vəzifəsində çalışaraq bu proseslərin birbaşa şahidi və iştirakçısı olmuşam. Sonradan APA-nın icraçı direktoru vəzifəsinə, 2022-ci ildə isə Assosiasiyaya sədr seçildim. Hələ buna qədər, yəni1997-ci ildə Səhiyyə Nazirliyində beynəlxalq proqramlar üzrə məsləhətçi-ekspert qrupunun üzvü seçilmişdim. Həmin dövrdə müasir, elmi sübutlu protokolların ölkəmizə uyğunlaşdırılması olduqca zəruri idi. Biz Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq protokollarını tərcümə və Azərbaycan mühitinə uyğunlaşdıraraq, respublikamızın hər bir regionunda seminarlar və məşqələlər keçirdik. O dövrdə, həmçinin BMT-nin Uşaq Fondunun eksperti kimi fəaliyyət göstərirdim və çoxsaylı xüsusi ÜST-ün proqramları üzrə beynəlxalq səhiyyə kadr hazırlığı tibbi kurslarında iştirak edirdim. 2008-ci ildə isə Ana və uşaq sağlamlığı üzrə milli koordinator təyin olundum və ölkənin səhiyyə sisteminin təkmilləşdirilməsi, layihələrin icrasında fəal iştirak etməyə başladım. Belə ki, BMT-nin, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans təşkilatında ölkəmizi təmsil etməyə dəvət edildim və burada Azərbaycan üçün mühüm bir texniki qrantın qazanılmasına nail oldum. Bu dəstək uşaqlarda pnevmoniyadan ölum hallarını azaltmaq məqsədilə ağır pnevmoniya xəstəliyinin tədqiqinə yönəldildi. Aparılan araşdırmalar nəticəsində iki il ərzində üç böyük xəstəxanada xəstəliyin diaqnostikası və müalicəsi istiqamətində əhəmiyyətli addımlar atıldı. 2010-cu ildə isə Nazirlər Kabinetinin qərarı ilə ölkəyə iki yeni vaksin dəsti gətirilərək, uşaq sağlamlığının qorunması üçün vacib bir səhiyyə proqramı həyata keçirildi.
Bu gün Azərbaycan Pediatrlar Assosiasiyası yalnız elmi tədqiqatlarla kifayətlənmir, eyni zamanda həkimlərin, tələbə-rezidentlərin və regionlarda fəaliyyət göstərən ailə həkimlərinin bilik və bacarıqlarını artırmaq üçün genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirir. Assosiasiyamız tərəfindən müxtəlif şəhər və rayonlarda mütəmadi elmi konfranslar və seminarlar təşkil olunur, müasir tibb sahəsindəki yeniliklər həkimlərə və orta tibb işçilərinə təqdim edilir. Eyni zamanda, uşaqların yalnız sağlamlığı deyil, onların hüquqları və maariflənməsi də diqqət mərkəzindədir. Hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində uşaq hüquqları ilə bağlı nağıllardan ibarət xüsusi kitab nəşr edilir. Bu kitablar şəhid və qazi ailələrinin övladlarına, imtiyazlı ailələrin uşaqlarına və uşaq evlərinə paylanılır. Bundan başqa, şəhid və qazi ailələrinin övladlarını əhatə edən çoxmərkəzli tibbi müayinələr təşkil edilir. Azərbaycan Pediatrlar Assosiasiyası gələcəkdə də tibb elminin inkişafına, uşaq sağlamlığının qorunmasına və maarifləndirmə tədbirlərinə böyük töhfələr verməyə davam edəcək.
- Bəs, Assosiasiyanın beynəlxalq əlaqələriniz hansı səviyyədədir?
- 1995-ci ildən APA Beynəlxalq Pediatriya Assosiasiyasının üzvü seçilmişdir. 2013-cü ildən isə biz Avropa Pediatriya Assosiasiyasının üzvü olaraq, beynəlxalq aləmdə daha da tanınmağa başladıq. Bu mühüm addımın bir hissəsi olaraq keçirilən son Avropa Pediatriya Konqresində ilk dəfə Azərbaycan üçün xüsusi təşkil etdiyimiz sessiya böyük marağa səbəb olub. Həmçinin EPA-UNEPSA-nın Türkiyədəki konqresində bu sahədəki yenilikləri göstərən gənc alimlərimizin təqdimatları diqqətlə izlənilib və ciddi təqdir alıb.
Məhz bu tədbirdə İngiltərədən olan tanınmış alim, Lord Steforson Azərbaycanda COVID-ə yoluxmuş uşaqlarda tranzitor ürək işemiyasının tədqiqatının onların apardıqları araşdırmalarla üst-üstə düşdüyünü bildirib. Bu müsbət qarşılanma bizim işimizə olan beynəlxalq diqqətin göstəricisi idi. Eyni zamanda, həmin tədbirdə “Avropa Elm İnkişaf” medalı ilə təltif olunmağımız da bu sahədəki əzmkarlığımızın nəticəsdir.
Onu da qeyd edim ki, Türkiyədəki bu möhtəşəm tədbirdə TUBİTAK tərəfindən bizə verilən təşəkkürnamə göstərdiyimiz səylərin yalnız ölkəmizdə deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirildiyinin və elmi fəaliyyətimizin nə qədər dərin təsir yaratdığının bariz nümunəsidir.
- Bu il APA-nın 95 yaşı tamam olur. Yubiley ilində nə kimi tədbirlərin keçirilməsi planlaşdırılıb?
- Bu il bizim üçün əlamətdar və təntənəli bir ildir. 95 illik bir zaman kəsiyi, əslində, çox böyük və mənalı bir müddətdir. Bu uzun illər ərzində APA Azərbaycanın milli pediatriya məktəbi olaraq bir çox mühüm işlərə imza atmışıq. Bu tədbirlər həm elmi müzakirələr, həm də təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyacaq və gələcək fəaliyyətimizə yeni təkan verəcək. Bu yubiley ilində də bizləri yeniliklərlə dolu bir yol gözləyir.
- Siz Bakıda dəfələrlə beynəlxalq konqreslərin təşkilatçılarından olmusunuz. Ötən il paytaxtımızda keçirilən Avrasiya Konqresi barədə məlumat verməyinizi istərdik.
-2023-cü ildə Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayı keçirilib. Beynəlxalq Pediatriya Assosiasiyası (IPA) öz fəaliyyət tarixində ilk dəfə olaraq Azərbaycan Pediatrlar Assosiasiyasına, eləcə də qurultay iştirakçılarına və spikerlərə IPA-nın loqosu, möhürü və IPA prezidentinin imzası əlavə olunmuş sertifikatı təqdim edilib. Keçən ilin 9-11 noyabr tarixlərində, Bakıda təşkil etdiyimiz Avrasiya Konqresi sözün əsl mənasında möhtəşəm bir hadisə oldu. Bu əlamətdar tədbirə 9 ölkədən 300-ə yaxın qonaq qatıldı. Xüsusilə Çindən yüksək rütbəli şəxslərin iştirak etməsi konqresin beynəlxalq əhəmiyyətini daha da artırdı. Çinin nümayəndələri bizə Azərbaycanda nevroloji uşaqlara və qazilərə xüsusi bərpa proqramları tətbiq etməyi təklif etdilər.
Psixiatrlar və psixoloqlar telefon asılılığından əziyyət çəkən uşaqlara bəzən kömək edə bilmirlər, bu da aqressiya və özünəqapanma hallarının artmasına səbəb olur
- Təranə xanım, istərdik ki, Azərbaycanda tibbi bioetika, təhsil və tədris proqramının yaradılmasında Fəaliyyətiniz haqqında məlumat verəsiniz.
- Azərbaycan Pediatrlar Assosiasiyasının Azərbaycanda tibbi bioetikanın tibbi təhsil sistemində tədrisi fəaliyyətində uzun illərə söykənən təcrübəsi var. 2000-ci ildən başlayaraq UNESCO-nun prinsipləri əsasında ATU-nun tələbələri ilə bioetikaya dair təcrübi məşğələlər aparılır, mühazirələr təqdim edilir, tədris vəsaitləri hazırlanır.
İlk dəfə 1999-cu ildə Gürcüstanda "Din və qanun" mövzusunda keçirilən mühüm bir konqresdə iştirak etdik. Bu tədbirdəki çıxışımız böyük maraqla qarşılandı, Azərbaycanda tibbi etika məsələsini geniş şəkildə müzakirə etdik. Azərbaycanla bağlı bir tarixi fakt kongres iştirakçıları böyük maraq yaratdı. Tbilisidəki konqresin xarici iştirakçıları çıxışlarında qeyd etdilər ki, tibbi etika elmi ABŞ-da 70-ci illərdə, Avropada 90-cı illərdə həyata vəsiqə alıb. Onlar bizə sübut etmək istəyirdilər ki, Azərbaycanda bioetika 1999-cu ildə yaradılmışdır. Biz isə öz çıxışımızda göstərdik ki, məşhur azərbaycanlı alim, loğman, əzzaçı Ömər Osmanoğlu Azərbaycanda bioetikanın əsaslarını hələ XI əsrdə qoymuşdur. O, Şamaxı şəhərində “Dar əl Şəfa” tibb məktəbini açaraq tibb təhsilini inkişaf etdirmişdir. Ö.Osmanoğlu dərsliklərində təbib və loğmanlara tibbin əsasları ilə birgə bioetikanın əsaslarını da tədris edirdi. Belə ki, o tələbələrinə, xəstələrə ürəklə yanaşma və onların arasında ayrı-seçkilik etməmək, xəstə düşmən olsa da ona yardım göstərmək və diqər bioetik postulatları tədris edirdi. Azərbaycanda bioetikanın dərin tarixi köklərə söykəndiyini təsdiq edən konkret faktlar və sənədlər (akademik Zərifə Əliyevanın “Yuksək əqidə” kitabı) təqdim olundu və nəticədə Avropada bu məlumatlar nəşr edildi.
2000-ci ildə tibb təhsili ilə bağlı tərtib etdiyimiz “Ali və orta ixtisas tibb təhsilinə tibbi bioetikanın əsasları fənninin tədbiqi” proqramını Təhsil Nazirliyinə (indiki Elm və Təhsil Nazirliyi), Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasına, UNESCO-nun Bakıda keçirilən sessiyasına və Bakı Beynəlxalq Humanitar Forumuna təqdim etdik. Proqramımız Azərbaycanda qəbul edildi və ilk metodik vəsaitlər, dərsliklər Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatında nəşr olundu. Beləliklə Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında 24 ildir ki, fəaliyyət göstərən “Tibbi bioetikanın əsasları” tədris kursu üç dildə tədris olunur və müasir gənc kadrların yetişməsində əvəzsiz rol oynayır. Azərbaycanda tibbi bioetikanın inkişafı sahəsində həyata krçirdiyimiz fəaliyyətlər haqqında məqaləmiz ABŞ-ın məşhur Con Hopkins Universitetinin saytında yerləşdirilmişdir. Nəticədə Azərbaycanın tibbi etika sahəsindəki tarixi, inkişafı və mövqeyi beynəlxalq elm aləmində tanındı.
- Sizcə, uşaq xəstəliklərinin qarşısının alınması üçün ölkəmizdə hansı vacib addımlar atılmalıdır? Özünüz bunun üçün hansı təkliflərlə çıxış etmisinizmi?
- Biz, fəaliyyətimizi hər zaman ölkəmizin siyasətinə uyğun şəkildə qururuq. Keçdiyimiz son illər ərzində Səhiyyə Nazirliyinə təqdim etdiyimiz təkliflər, dövlətin səhiyyə siyasətinin inkişafına əhəmiyyətli töhfələr verib. Təkliflərimizin bir hissəsi qəbul olunmuş və həyata keçirilmişdir. Məsələn, təkliflərimiz əsasında hazırlanan tibbi elektron kartlar, artıq 400 min nəfərə təqdim olunub. Bu kartlarda hər bir vətəndaşın sağlamlıq durumu, keçirdiyi xəstəliklər və əməliyyatlar barədə məlumatlar qeyd olunur. Artıq istənilən rayonun xəstəxanasında sadəcə baza sisteminə daxil olmaqla, vətəndaşın tibbi məlumatlarına asanlıqla çatmaq mümkündür.
İkinci təklifimiz isə səhiyyə sahəsində reformaların daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə "İslahat və Reform Mərkəzi" nin yaradılması təşəbbüsü olub. Təklifimiz əsasında mərkəz yaradılmışdır, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi olaraq fəaliyyətini davam etdirir və ölkəmizin səhiyyə sistemindəki islahatlara öncüllük edir. Bu təşəbbüslər yalnız səhiyyə sahəsində deyil, eyni zamanda, bütün cəmiyyətin rifahına yönəlmiş mühüm addımlardır.
Son illərdə Azərbaycanda tibb yönümlü qeyri-hökumət təşkilatlarının sayı artır. Məqsədə uyğun olardı ki, yeni yaradılan cəmiyyətlər konkret istiqamətə fokuslansın onların adları da bu fokusa uyğun olsun. Təssüf ki, oxşar adlı QHT-lər, xüsusilə xarici tədbirlərdə diqqət cəlb edir və bu böyük çaşqınlıq yaradır, xoşagəlməz müzakirələrə səbəb olur.
- Bu gün uşaqlar arasında ən çox yayılan xəstəliklər hansılardır?
- Müasir dövrdə, xüsusilə payız-qış mövsümündə bir çox virus infeksiyalar aktivləşir və valideynlər tərəfindən antibiotiklər və qızdırmasalıcı dərman vasitələri tam əsassız olaraq uşaqlara tətbiq olunur. Həkim məsləhəti olmadan təyin olunan dərmanlar çox təhlükə yaradır. Bunların nəticəsində antibiotiklərə davamlılıq, allergik reaksiyalar və hətta ölüm halları müşahidə olunur.
Bu gün müasir texnologiyaların uşaqların həyatına və sağlamlığına təsiri böyükdür. Elmi tədqiqatlar elektron şüalanmanın onkoloji xəstəliklər, göz zəifliyi və psixoloji durumların, ruhi xəstəliklərin inkişafına səbəb olduğunu sübut edir. Psixiatrlar və psixoloqlar telefon asılılığından əziyyət çəkən uşaqlara bəzən kömək edə bilmirlər, bu da aqressiya və özünəqapanma hallarının artmasına səbəb olur.
Bizim fəaliyyətlərimiz istər tibb elminin inkişafı, istər davamlı tibbi təhsil sahəsində, istərsə də əhali arasında kompleks tibbi müayinələrin və genişmiqyaslı sağlamlıq maarifləndirilmə aksiyalarının təşkili ilə davam edir. Xüsusilə, uşaqların ana südü ilə qidalanmasının onların sağlam inkişafında əvəzolunmaz rol oynadığını izah edir, valideynlərə bunun faydaları və düzgün qidalanma prinsipləri barədə ətraflı məlumatlar təqdim edirik.
- Müsahibə üçün təşəkkür edirik!