Kitabxanamızın fəxri oxucusu Gülzar İbrahimovanın nağıllar aləmi

Azərbaycanda uşaq ədəbiyyatına çox ehtiyac var. Oxucularımız bu baxımdan çox tələbkardır. Hər dəfə bizdən yeni kitablar istəyirlər. Bu baxımdan kitabxanamıza ən çox gələn, kitablarından Yasamal rayonu M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya ən çox hədiyyə edən Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Gülzar İbrahimova oxucularımız qarşısında həmişə başımızı uca edir.

Gülzar İbrahimova nəinki Azərbaycanda, hətta vətənin hüdudlarından kənarda da tanınmağa, sevilməyə başlanıb. Bu uğur yazıçıya ona görə gəlib ki, onun əsərləri çox sadə dildə yazılır, uşaqlar üçün maraqlıdır, həm də öyrədicidir. Məhz o baxımdan yazıçı başına 100 minlərlə oxucu yığmağa nail olub.

Gülzar xanımın hər bir əsəri oxucusuna nəsə öyrədir. Elə bu baxımdan da yazıçı nəinki uşaqlar tərəfindən sevilir, həm də böyüklər, - valideynlər və pedoqoqlar tərəfindən də sevilir.

Nağıllarına rəsm çəkmiş, Bulud adlı rəssamı Gülzar İbrahimovaya “Gülzar nənə” təxəllüsü vermiş, yazıçı qadın da bu adı gənc – 35 yaşından sevə-sevə götürmüşdür.

Uşaqlar sevə-sevə Gülzar xanıma “nənə”, deyə müraciət edirlər. Hətta nənənin özündən yaşca böyük, qocaman şair və yazıçılar da Gülzar xanımı əzizləyərək, ona “nənə” deyirlər. “Nənə” təxəllüsü yazıçı xanıma uğur gətirmiş, indi onun “nəvə”lərinin sayı durmadan artır.

Hazırda dünyanın hər yerində Gülzar nənənin oxucuları var. Onlar yazıçının “Sehrli Dünya” Youtube kanalından nağıllarını izləyirlər. 100 min abunəçisi olan kanalda dünyanın uzaq qitələrindən müəllifə sevgi dolu məsajlar gəlir, oxucuların, izləyicilərin sayı durmadan artır.

Təbrizdə Gülzar nənənin artıq 4 kitabı çapdan çıxıb: “Şahzadə və Mələk”, “Yalançı pəhləvan”, “Günəşli xalçanın sirri”, Qəddar ovçu” kitabları Təbriz Nəşriyyat Evi tərəfindən nəşr edilib, artıq təbrizli balalara çatdırılıb. Digər kitablar isə çapa hazırlanır.

Türkiyədə Gülzar İbrahimovanın “Yeni il sirri” nağılı Pamukkale Universitetinin professoru Yaşar Sözən tərəfindən tərcümə olunub, Universitet onu çap elətdirib, balaca türk balalarına çatdırıb. Hazırda Gülzar xanımın “Mən böyüdüm, sən də böyü” 100 səhfəlik yeniyetmələr üçün povesti də çox bəyənilmiş, bu yaxınlarda çapa hazırlanır.

Hər iki əsər – “Yeni il sirri” nağılı və “Mən böyüdüm, sən də böyü” povesti çox dəyərlidir, çünki özündə Türkiyə-Azərbaycan dostluğunu möhkəmləndirməyə yönəldilib.

Hətta nağıllar ölkəsi sayılan – Skandinaviyada, - Osloda Gülzar İbrahimovanın “Trolların sirri” nağıl kitabı Norveç dilinə tərcümə edilib, hazırda kitab Osloda çapa hazırlanır. Nağılın yaranma tarixi belə olub. Norveçdə yerləşən Azərbaycan Məktəbinin uşaqları bir gün yazıçı Gülzar İbrahimova ilə onlayn görüşmək istədiklərini bildiriblər. Məktəbin koordinatoru Günay Əliyeva uşaqların arzusunu yerinə yetirib, uşaqları uzaqdan-uzağa nağılçı ilə görüşdürüb. Maraqlı keçən görüşdə yazıçı uşaqlara söz verib ki, onlar üçün Skandinaviya nağıl qəhrəmanı Trollardan nağıl yazacaq. Gülzar İbrahimova düz bir ilə 100 səhifəlik nağıl yazıb uşaqlara göndərib. Nağıl Norveçdəki Azərbaycan Məktəbi rəhbərliyinin və şagirdlərinin o qədər çox xoşuna gəlib ki, onlar yazıçını Norveçə dəvət ediblər.

Gülzar nənə də bu dəvəti məmnuniyyətlə dəvət edib, 2023-cü ilin yazında Oslo şəhərində oxucuları ilə görüşüb.

Gülzar İbrahimovanın əsərlərində məqsəd tərbiyə etmək, öyrətmək, düzgün yolu başa salmaq, səhvi anlatmaq və digər öyrədici mövzular olsa da, istiqamət fərqlidir. Yəni, Gülzar İbrahimova bunları həm nağıl dili ilə, həm hekayə ilə, həm də şeirlə oxucusuna çatdıra bilir. Hətta o, şeir-nağıl, şeir-hekayə üslubundan da istifadə edir ki, bu da yeniyetmə oxucuya çox maraqlı gəlir.

Gülzar xanım heç vaxt tərbiyəni uşağa birbaşa vermir, baş verən hadisənin izi ilə aparır, oxucu əsərin sonunda başa düşür ki, aldatmaq, yalan danışmaq düz deyil. Adi misal ilə göstərək. Gülzar İbrahiova “Tərlan və yalan” hekayə-poemasında belə yazır: “Tərlan adlı bir oğlan olur. O yeniyetmə yaşda olsa da, yalan danışmağı, özünü öyməyi sevir. Hamı onu yalançı, göpçu Tərlan kimi tanıyır. Hər yerdə utanmadan özünü öyən Tərlan bir gün öz yalanının bəlasına düşür.

Gülzar xanım bu hekayə-poemasını atalar sözündən götürüb: “Yalançının evi yandı, heç kəs ona inanmadı”. Həmişə yalan danışan Tərlan çox vaxt zəng edib telefonla xidmət işçilərini aldadarmış. Gah 101-ə zəng edər, “burda yanğın var”, deyərdi. Gah polisə zəng vurar, “burda dalaşırlar”, deyərdi. Gah da tibbi yardım stansiyasına zəng edər, “kimsə ağır xəstələnib”, deyərdi.

Xidmət işçiləri artıq Tərlanı səsindən tanıyar, ona irad tutardılar. Bir gün Tərlan 101-ə zəng edib həyəcanla dedi: “Tez gəlin, burda yanğın var!”. Amma yanğınsöndürənlər ona inanmayıb üstünə qışqırdılar: “Oğlan ayıbdır, bəsdir bizi bezdirdin, yalandan zəng elədin!”.

Təəssüf ki, bu dəfə Tərlan yalan demirdi. Onların evində doğrudan yanğın başlamışdı. Tərslikdən də evdə böyüklərdən heç kəs yox idi.

Düzdür, nəticədə Tərlanı xilas edirlər. Amma öz yalanı Tərlanı çox qorxudur. Ondan sonra Tərlan daha heç vaxt yalan danışmır.

Tərbiyəni Gülzar nənə oxucusuna dəlillərlə, sübtlarla öyrədir. Bu yolla o, oxucusuna vətənə sevgi, böyüklərə hörmət, kiçiklərə kömək, düzgünlük, dostluq, əməksevərlik, təbiətə sevgi və digər yaxşı davranışlar öyrədir. Yazıçı öz əsərlərində çalışır ki, yazdıqlarından oxucular nə isə yaxşı bir şey götürsün.

Gülzar İbrahimovanın nağılları onun balaca oxucularını düşündürür. Yazdıqları uşaqlara yaxşı insan olmağı, dürüst, mərhəmətli olmağı öyrədir. Həyatda rast gəlinən çətin vəziyyətlərdən necə asanlıqla çıxmağın yollarını başa salır. Yazıçının əsərləri uşaqların dünyagörüşünü artırır, gələcəkdə düzgün qərar verməyə kömək edir.

Hazırda yeniyetmələr üçün yazan yazıçılar çox azdır. Bəlkə də hardasa var. Amma biz kitabxanaçılar onları tanımırıq. Gülzar xanımın isə yeniyetmələr üçün gözəl əsərləri var. Onlardan bir neçəsini nəzərinizə çatdıırıram: “Bir zalım şah vardı”, Tac Mahal”, İlanlı dərənin sirri”, “Ən qiymətli kitab”, “Mən böyüdüm, sən də böyü”, “Zərdüşt”, “Ən varlı məmləkət”, “Hippokrat andı”, “Şah və Cavan” və başqa əsərləri.

“Şah və Cavan” poemasını oxuyarkən əmin olursan ki, yazıçı, şair xanım Nizami Gəncəvinin əsərlərini sevir və onlardan bəhrələnir. “Cavan və şah” əsəri nəsihətamizdir, yeniyetmələrə bir həyat dərsidir. Əsərdən qısaldılmış şəkildə nəzərinizə çatdırıram: “Ədalətli bir şah qocalıb, əldən düşüb. Yerinə elə bir kəsi qoymaq istəyir ki, halal-haram bilsin, rəiyyəti ədalətlə idarə etsin. Ona görə 40 ədəd gül toxumunu xəlvəti qaynar suya salır və paylayır ki, onu əksinlər, gül açanda şaha gətirsinlər. Düz 40 günün tamamında 39 nəfər şaha gül gətirir. Yalnız bir adam deyir gül açmadı. Şah məhz həmin cavanı şah qoymaq istəyir, bunun üçün ona bir neçə sual verir:

 

Şah çavana qulaq asıb sevindi,

Bağrına basıb, ona, “əhsən”, dedi.

Cavan qorxdu, düşündü ki, görəsən,

Şah nə səbəbdən ona desin, “Əhsən”,

Sonra şah həmin cavanı göstərdi,

Onu tərif edib hamıya dedi:

 

  • Odur məmləkətdə ən halal adam,

Yalan danışmayan sözü düz olan!

Baxmayaraq, hamını aldatmışdım,

Toxumları xəlvəti qaynatmışdım,

Heyf ki, hamıda toxum cücərdi,

Açan güllər məni məyus elədi.

 

Bircə ümid verdi mənə bu cavan,

Məni aldatmadı, demədi yalan.

Saraya dibçəyi o boş gətirdi,

  • Ey padşah günahımdan keç,- dedi,

Nə əziyyət çəkdim toxum bitmədi,

Hər gün su verdim, amma cücərmədi! ”,

  • Görünür ki, cavan, halal adamsan.

Yalandan, haramdan uzaq insansan!

 

Eşit, sənə vardır neçə sualım,

Ki görüm necədir, ağlın, kamalın?

Cavan ədəblə dedi: - Buyurun, şahım!

 

  • Dünyada qorxduğun varmı bir adam?
  • Çox qorxaram Tanrıdan qorxmayandan!

 

  • Söylə nə tövsiyən vardır şahlara?
  • Şahmat qurtaranda şah və piyada,

Hər ikisi olar dar, boş qutuda!

 

  • Səncə bir qocaya yaxşı dərs keçsən,

Onu sən sənətkar edə bilərsən?

  • Qocanı öyrədib, ona dərs desən,

Demək ki, ölüyə sən dərs keçirsən!

 

  • Bacarıq şagirddə olar, ustada?
  • Yaxşı şagird ustad olar ustada!

 

  • Cavan demək, sən hər şeyi bilirsən?
  • “Hər şeyi bilirəm” heç vaxt demərəm,

“Bilirəm”, deyənlər cox şeyi bilməz,

Heç bir sənəti dərindən öyrənməz!

 

  • Ən gözəl bir qızla evlənərsən sən?
  • Yox, əvvəl o qızdan soraq alaram,

Ondan nə desələr qulaq asaram.

Yaxşı söz eşitsəm, qızı taparam,

Yox, pis söz eşitsəm, tez qayıdaram.

Ceyran çöldə gəzər, gözəl qız dildə,

Insanı məhv edər zəhərli dil də,

Çox gözəl olsa da, ilan nə qədər,

Dilinin altına toplayar zəhər.

 

Bəs kiminlə dostluq eləmək olmaz?

Yaxşılıq bilməyənin dostu olmaz!

 

  • İnsana vacib olan iki şey nədir?
  • Ən çox sağlamlıq və ağıl vacibdir!

 

  • Bəs həyat yoluna nur səpən nədir?
  • İnsanın savadı, bir də elmidir.

 

  • İnsana düşmən qazandıran nədir?

 

  • Hər kəsin özünün acı dilidir!

 

  • İnsan nə vaxt şan-şöhrətə yüksələr?

Çox xeyirxah işlər görərsə əgər!

 

  • Var-dövlətsiz adam necə yaşayar?

Qızıldan, gümüşdən söylə, nəyin var?

  • Varlılığa tələsən, tez kasıb düşər,

Səadət qızılda, puldadır məgər?

Qızıldan qiymətli bir torpağım var,

Nə vaxt zəhmət çəksəm o qızıl olar!

 

  • Bu yaşda bu qədər hardan bilirsən?
  • Həm müdrik bir şahın rəiyyətiyəm,

Həm də bir müdrikdən dərs alıram mən.

 

Şah səbrlə qulaq asdı cavana,

Heyran oldu onun cavablarına.

Dedi: -Cavan, xahiş edirəm səndən,

Bu gündən şahlığı qəbul edəsən!

Elimdən-obamdan alım ixtiyar,

Səni öz yerimə qoyum hökmdar!

 

Bu dialoq yeniyetmələrə bir həyat Qabusnaməsidir.

Uşaqlar Gülzar İbrahimovanı da, onun əsərlərini də çox sevir. Bütün görüşlərində - həmin görüş ya kitabxanada olsun, ya hansısa ucqar bir rayonda olur-olsun, fərq eləməz, Gülzar nənənin görüşündə çıxış edən, onun mahnılarını, şeirlərini ifa edən həır kəs Gülzar nənəsindən bir hədiyyə almalıdır. Bu bir bayraq da ola bilər, bir kitab da, bir diplom da... Ən əsası odur ki, mütaliləli bir uşaq sevinsin. Kitaba daha çox bağlansın. Azərbaycanlı balaların maariflənməsini sanki yazıçı qarşısına bir məqsəd kimi qoyub. O, bütün qüvvəsi ilə bu istiqamətdə böyük layihələr həyata keçirir.

Gülzar İbrahimova balalarımızın maaariflənməsi üçün “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İcyimai Birliyini açıb. Birliyin təsisçisi və sədridir. İctimai Birliyin adı “Kiçik Dünya” olsa da, gördüyü işlər böyükdür.

Hal-hazırda “Kiçik Dünya” İctimai Birliyi olaraq Gülzar nənə, işğaldan azad olmuş Füzuli, Laçın və Xocalılı uşaqlarla görüşdən qayıdıb. Yəqin ki bu yay uşaqlar üçün daha maraqlı olacaq. Çünki onlar yay sevincini sevimli yazıçıları Gülzar nənə ilə bir seviniblər.

Gülzar nənə balaları çox sevir. İlhamını onlardan alır. Bu sevgi minlərlə uşaqdan Gülzar nənəyə qayıdır. Bu qədər sevgi isə Gülzar nənəni daha gözəl əsərlər yaratmağa həvəsləndirir.

Gülzar İbrahimovanın Kitabları, nağılları, hekayə və şeirləri, əldən-ələ gəzir. Kitabxanaya gələn balaca oxucular Gülzar İbrahimovanın əsərlərini soruşur. Kitab rəflərində onun kitabları bir gün də olsa, oxunmamış qalmır. Bu, biz kitabxanaçılara da xoşdur ki, müasir uşaqlar kitaba belə sevgi göstərir.

Oxucular Gülzar İbrahimovanı görmək üçün tez-tez onunla görüşməyi arzu edirlər. Elə bu səbəbdəndir ki, bəlkə də ayda bir dəfə oxucularımız arasında görüşlər keçirilir. Bu artıq Yasamal rayonu kitabxanasında və filiallarında bir ənənəyə çevrilib.

  1. İbrahimova istedadlı uşaqlara dəstək olmaq üçün kitabxanamızın nəzdində M. Ş. Vazeh adına uşaq və yeniyetmələr arasında balaca şair və yazıçıların bədii məclisini açıb. Ayda iki dəfə istedadlı uşaqlar Gülzar İbrahimovanın başına yığışır, onun yeni əsərlərinə qulaq asırlar. Uşaqlar özləri də məclisdə yeni yazdıqları nağıl, hekayə və şeirlərini oxuyurlar, bu haqda Gülzar nənələrindən məsləhət alırlar.

 

Aytən Məmmədova,

Yasamal rayonu M.Ş.Vazeh

adına Mərkəzi Kitabxananın

multimedia mütəxəssisi

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi tərəfindən icra olunan “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsi çərçivəsində hazırlanmışdır.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.