Hazırda Qərbi Kaspi Universitetinin tələbəsiyəm. Mütaliəni sevirəm. Kitaba sevgi məndə uşaq yaşından yaranıb. Uşaqlıqdan Gülzar nənənin nağılları ilə böyümüşəm. İlk oxuduğum kitablar “Sehrli nağıllar” kitabından, ən çox sevdiyim nağıllar “Cığal baba” və “Dəcəl Keçəl” olub.
İndi mən sevinirəm ki, Azərbaycanda belə bir nağılçı nənə var. Uşaqlar da onun nağıllarını sevə-sevə izləyir. Ona görə də Gülzar nənənin Youtube kanalında artıq 100 minə yaxın nağıl sevəni var.
Gülzar nənənin nağıllarında elə gözəl nağıl qəhrəmanları olur ki, adam istər-istəməz onları sevir, ürəyində onlarla dost olur.
Bu nağıllar həm maraqlıdır, həm də öyrədicidir. Onlar sanki adi nağıllar deyil, sehrlidir. Oxuyanda onun sehrinə düşür, oxuduqca oxuyursan.
Gülzar İbrahimovanın nağıllarında insana dəyər verilir. İnsanlar bir-birini sevir, bir-birinə qayğı göstərir. Nağıllarda ata-anaya, baba-nənəyə məhəbbət və hörmət var. “Anamın portreti” hekayəsində Gülzar nənə anaya məhəbbəti çox gözəl təsvir edib:
“- Rəssam, anamın ad günü olacaq. Onun portretini çəkə bilərsən?
- Çəkərəm, şəklini ver, baxım, çəkim.
- Yaxşı şəklini tapmadım. Mən deyim, sən də çək.
- De!
- Gözəldir anam. Bilmrəm necə başa salım səni. Mən deyim, sən də başla çək.
- çox qəribədir, elə bil bir az Günəşə, bənzəyir. Adamı isidir. Özü də sanki, isti, şəfəq saçır, Eynən Günəş kimi gözəllik yaradır. Ən soyuq havada belə onu görəndə isinirsən, sevinirsən. Anamın bircə fərqi var Günəşdən. Anam heç vaxt yandırmır, qaraltmır, qaçıb buludların arxasında gizlənmir.
Bir az yaşıl təbiətə bənzəyir, baxırsan, ürəyin gözəlliklə dolur. Qoynunda yatırsan, sənə dünyanın ən gözəl mahnısını, – öz mehriban ürəyindən qopub gələn laylasını oxuyur. Aman, bu laylanı düyanın ən məhşur ulduzu belə, ana kimi ifa eləyə bilməz.
Dənizə də oxşayır anam. Dəniz suyu kimi gözəldir. Anamın gözlərində dəniz saflığı, ürəyində dəniz qədər sevgisi var. Yayın qızmarında adamın ürəyinə sərinlik verər, qəlbinə, ruhuna sakitlik gətirib dəniz sevinci bəxş edər. Amma bir fərqi var dənizdən. Anam heç vaxt dəniz kimi coşub-daşmaz. Elə vaxtlar anam dənizə oxşamaz. Mənim anam dənizdən də gözəldir.
Anam bir az yağışa da oxşayır. O qədər zəhmətkeşdir ki, hər yanı yağış kimi yuyub tərtəmiz edir. Kimsə qəlbinə dəyəndə bulud kimi dolur. Məndən nigaran qalanda yağış kimi yağır.
Anam küləyə də bənzəyir. Həmişə xəzri olub saçlarımı sığallayır. Kimsə xətrimə dəyəndə dəyişir, tufana dönüb həmin adamı bərdən
silkələyir, sonra sillələyir, saçlarını yolur, məndən uzaqlaşdırır.
Gül-çiçəyə lap çox bənzəyir anam. Gül üzlüdür. Ətir qoxur saçları, isti qucağı. O ətirdən heç yerdə yoxdur. Ən bahalı ətir olsa belə, o, ananın ətrini əvəz eləməz.
Belədir mənim anam. Gözəl, çox gözəldi mənim anam. Bir fərqi var gül-çiçəkdən. Onun qızılgülün tikanları kimi tikanı yoxdu. Ona görə anam çiçəklərdən gözəldi.
Amma gül-çiçəklə çox oxşardı anam. O qədər oxşardılar ki, anam da zaman-zaman gül-çiçəklər kimi solur. Rəssam, sən onun portretini elə çək ki, solmasın somasın, heç vaxt solmasın mənim anam!”.
“Anamın portreti” hekayəsində Gülzar xanım ananı təbiətin bütün gözəllikləri ilə müqayisə edib.
Gülzar nənənin nağıllarında uşaqlar mehriban olur, dostlar dara düşəndə bir-birinə kömək edir. Bu nağıllarda dostluğa böyük dəyər verilir.
Gülzar nənə nağıllarında, hekayələrində uşaqlara öyrədir ki, dostluq çox dəyərlidir. Dostu və dostluğu qorumaq vacibdir. Əgər dostun çətinə düşübsə, onu tək qoymaq olmaz. Sən mütləq onun yanında olmalısan. Nağılçı nənə başa salır ki, dost ilə həyat daha gözəldir. Uşaqlar mehriban olmalı və dostluğu dəyərləndirməlidirlər.
Bu baxımdan Gülzar İbrahimovanın dostluğa aid olan çox nağıl və hekayəsini misal göstərmək olar. “Əsl dost”, “Əsl dost necə olmalıdır”, “Yetim Əlinin nağılı”, “Şahzadə və Fidan”, “Tutunun hekayəti”, “Sehrli Fırça”, “Təmraz və Gün”, “Xınalı qayanın sirri” və başqaları.
Gülzar nənənin “Əsl dost necə olmalıdır” hekayəsində dostluğa, insanlığa böyük dəyər verilib. Hekayənin qısa məzmunu belədir:
“Sinifdə sakitlikdir. Uşaqlar “Əsl insan necə olmalıdır” mövzusunda inşa yazır. Lalə ilə Rəşad yanaşı oturub. Lalə əlaçıdır, inşanı yazır. Yarıya çatanda Rəşaddan soruşur:
- Niyə yazmırsan?
- Özümü pis hiss edirəm, yaza bilmirəm, ürəyim sıxılır, gözləyirəm keçsin.
Lalə müəllimədən icazə alır, gedib Rəşada su gətirir. Rəşad suyu içəndən sonra özünə gəlir və inşanı yazmağa başlayır. Az sonra tənəffüs olduğundan hər ikisinin yazısı yarımçıq qalır.
Səhər qiymətlər oxunanda Lalənin gözləri dolmuşdu. Elə bilirdi ki, müəllimə onun pis qiymət aldığını deyəcək. Amma qiymətini eşidəndə qulaqlarına inanmadı:
- Əzizova Lalə - 5!
- Ola bilməz, müəllimə, mən inşanı axıradək yaza bilməmişdim!
Sən demə, Lalə su gətirməyə gedəndə müəllimə Rəşaddan niyə yazmadığını soruşmuş və bilmişdi ki, Lalə yoldaşına su gətirməyə gedib.
Müəllimə təəccüblə ona baxan Lalənin başını sığalladı:
- Sən “Əsl insan necə olmalıdır” mövzusunu yazıda yox, həyatda, canlı göstərmisən, buna görə də ən yüksək qiyməti sən almısan.
Rəşad isə qiymət almadığına görə məyus olmadı. Çünki o özünə əsl dost tapmışdı”.
Əlbəttə ki, belə bir hekayəni oxuyan uşaq da çalışacaq ki, oxşar vəziyyətdə Lalə kimi hərəkət eləsin.
Gülzar nənə təbiəti sevir, oxucularına təbiəti, təbiətdəki canlıları sevib-qorumağı öyrədir. Nağıllarında çiçəklər, quşlar, meşə, günəş o qədər gözəl təsvir olunur ki, adam həmin an təbiətin qoynuna can atır. Belə nağıl və hekayələrdən “Süsən və Sünbülün nağılı”, “Qəddar ovçu”, “Yusif və cücələr”, “Gələcəyimiz təmiz olsun” təbiətin gözəlliyinə və təbiətdəki canlıların qorunmasına həsr edilib.
“Gələcəyimiz təmiz olsun” hekayəsindən bir hissəni nəzərinizə çatdırıram.
“Aynur elə sevinirdi ki... Baba ilə dənizkənarı parka getmək onun çox xoşuna gəlirdi. Nə istəyirdi, baba alırdı, nəyə istəyirdi, baba mindirirdi. Demirdi: “Pulumuz qurtardı!”.
Həmin gün Aynur yaxşı gəzdi. Yelləncəklərin çoxuna mindi. Elə yorulmuşdu, qaçıb bir skamyada oturub dedi:
- Yorulmuşam, baba, bir az oturaq?
- Oturaq, qəşəng balam!
- Baba, mənə bir dondurma alarsan, oturum yeyim?
Baba Aynura dondurma aldı. O, dondurma xoşlasa da, yarısını yedi. Elə yorulmuşdu gözləri yumulurdu:
- Baba, yuxum gəlir, gedək evə!
Aynur dondurmanın qalanını skamyada qoydu.
İki gündən sonra ana Aynura ağ don aldı. Paltar ona gözəl yaraşdı. Aynur aynanın qarşısında özünə heyran oldu. Səhər baba onu bulvara aparanda Aynur həmin paltarı geyindi. Elə bil bulvardakılar da paltarın təzə olduğunu başa düşmüşdülər. Aynura baxır, gülümsəyir, "Nə qəşəng qızdır!", deyə pıçıldaşırdılar. Aynur fərəhindən az qalırdı uçsun.
Paltarın ətəyi elə enli idi, oturanda lap şahzadə paltarına oxşayırdı. Paltarının gözəlliyini hamıya göstərmək üçün Aynur skamyada oturdu. Amma ayağa qalxanda paltar bir az skamyaya yapışdı. Elə bil oturacağa yapışqan sürtmüşdün. Aynur dönüb arxadan paltarına baxanda nə görsə yaxşıdır?! Ağ paltar skamyaya dağılmış dondurmaya bulaşmışdı. Şokolad uzaqdan lap “pis bir şeyə” oxşayırdı. Aynur hirsindən ağlamağa başladı. Ətrafdakılar elə bildilər uşaq, paltarını bulaşdırıb onu sakitləşdirməyə çalışdılar:
- Darıxma, qızım, balaca olanda çoxunda bu baş verir, böyüyəndə yadından çıxaracaqsan!
Ona hamı təsəlli verirdi:
- Heç nə olmaz, get evə, yuyun, təmizlən, ağlama!
Bu sözləri eşidəndə Aynur lap hirslənir, başa düşürdü ki, onu, paltarını bulaşdıran “balaca bəbə” sayıb, sakitləşdirirlər.
Baba nəm salfetlə Aynurun üstünü təmizləyə-təmizləyə ətrafdakılara dedi:
- O, balaca deyil, paltarını bulaşdırmaz. Sadəcə, kimsə skamyaya dondurma töküb, saqqız yapışdırıb, o da görməyib üstündə oturub!
Qucağında körpə uşaq olan bir qadın başını bulayıb dedi:
- Qəm yemə, gözəl qızım, sənə təzə paltar alarlar! Bu yaxınlıqda zibil qutusu ola-ola, necə ola bilər ki, dondurmanı, saqqızı skamyanın üstünə atasan...
- Eləsini gərək tənbeh edəsən! ‒ Deyə, hərə Aynuru bir cür sakitləşdirdi.
Aynur bir az sakitləşib ağlamağını dayandırdı. Baba çətinliklə saqqızı paltardan qoparsa da, ləkə təzə paltarın görkəmini pozdu.
Baba hirslə saqqızı ətrafdakılara göstərəndə, Aynur üç gün bundan qabaq dondurma yeyərkən ağzından çıxarıb skamyaya yapışdırdığı rəngli saqqızı tanıdı. Yadına düşdü ki, onda da babası ilə burda oturmuşdu. Yuxusu gəldiyindən dondurmanı skamyada qoyub getmişdi.
Əlbəttə, baba bunu görməmişdi. Görsəydi, mütləq onu zibil qabına atacaqdı. Bu yadına düşəndə Aynur pis oldu. Çünki öz səhlənkarlığından ən gözəl paltarı korlanmışdı. Üstəlik baba da dilxor olmuşdu.
Bu vaxt bir gombul əmi kobud səslə dedi:
- Nə qədər pis adamlar var! Biz bütün günü bulvarda səliqə yaradırıq, hamı gəlsin burda vaxtını xoş keçirsin, pislər isə həmişə camaatın kefini pozur. Mikrobdurlar elələri. Hər yana mikrob səpirlər!
Bunları eşidən Aynur bərkdən ağladı:
- Mən pis deyiləm! Mən mikrob deyiləm!
Baba o saat hər şeyi başa düşdü. Neçə gün bundan əvvəl burda Aynur əvvəl saqqız çeynəmiş, sonra dondurma yemişdi. Aynurun birdən belə ürəkdən ağlamağının səbəbi babaya aydın oldu. Aynur səhvini başa düşmüşdü. Baba onu sakitləşdirməyə çalışdı:
- Pis deyilsən, balam! “Pis”, səhvini başa düşməyənə deyirlər!
- Mən bir də belə eləmərəm, baba! ‒ Deyib, Aynur çantasından nəm salfet çıxarıb, paltarını yox, skamyanı təmizlədi.
Ətrafdakılar skamyanı təmizlədiyinə görə Aynuru alqışladılar:
- Afərin, qızım! Sən ağıllı qızsan, çünki gələcəyi təmiz görmək istəyənlərdənsən!
- Mən istəyirəm ki, hər yan tərtəmiz olsun! – Aynur dedi.”.
Əlbəttə, belə bir hekayə onu oxuyan uşağa elə təsir edə bilər ki, o həmişə təbiəti, onun gözəlliklərini qorumağa çalışar.
Gülzar nənənin uşaqlar üçün nağıl və hekayələrindən başqa onun böyüklər üçün olan nağılları, romanları, povestləri, şeirləri mənsur şeirləri də var. Mən indi Universitet tələbəsiyəm, öz həmyaşıdlarıma Gülzar İbrahimovanın böyüklər üçün yazdığı “Bir zalım şah vardı”, “Tac Mahal” , “İlanlı dərənin sirri” kitablarını və “Ağır cəza” romanını oxumağı tövsiyyə edirəm. Çünki hamı Gülzar İbrahimovanı uşaq yazıçısı kimi tanısa da, mən onu 7-77 yaş qrupu üçün maraqlı yazan bir yazıçı kimi tanıyıram. Mənim neçə yaşım olsa da, Gülzar İbrahimova xatirimdə sevimli, nağılçı Gülzar nənəm olaraq qalacaq.
Nəzrin Məmmədova
Qərbi Kaspi Universitetinin tələbəsi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi tərəfindən icra olunan “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.