Türkiyənin İzmir şəhərindən olan “Uluslararası Sürdürülebilir Kadın Derneği” (USKD) İdarə Heyətinin rəhbəri Ayla Alkan və üzvləri Azərbaycana səfər edərək, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndələri ilə görüşüb. Səfərin məqsədi iki ölkə arasında qadın sahibkarların əməkdaşlığını gücləndirmək və yeni layihələr üçün platforma yaratmaq olub.
Qarşılama və Şəhidlər Xiyabanını Ziyarət
USKD nümayəndələri Bakıya gəlişlərində AQSİA üzvləri tərəfindən səmimi şəkildə qarşılanıb.
25 noyabr tarixində gün şəhidlərin xatirəsinə ehtiramla başlayıb. Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar və ev sahibləri şəhidlərin ruhuna dualar edib, USKD yönetim kurulu başkanı Ayla Alkan və AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva şəhidlərin xatirə abidəsinə əklil qoyublar.
İşgüzar Görüşlər və Təşkilatlara Səfərlər
Daha sonra AQSİA və AKİAB üzvləri arasında "Hazel" restoranında B2B formatlı görüş keçirilib. Sahibkarlar öz fəaliyyətləri haqqında məlumat verib, vizit kartlarını bölüşərək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Ardınca qonaqlar "Bakı KOB Evi"ni ziyarət edib, burada kiçik və orta biznesin dəstəklənməsi istiqamətində görülən işlərlə tanış olublar.
USKD nümayəndələri "EXSPO Home" müəssisəsini də ziyarət edərək, ev əşyaları üzrə geniş çeşidlə bağlı ətraflı məlumat alıb. Günün ikinci yarısında "Loqos Psixoloji və Nitq Mərkəzi"ni ziyarət edən qonaqlar müəssisənin təsisçisi Təranə Paşayeva ilə görüşüb, mərkəzin fəaliyyəti haqqında məlumat əldə ediblər.
Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən görüşdə səfir Cahit Bağçı qadın sahibkarların üzləşdiyi problemlər və onların həlli yolları barədə müzakirələr aparıb.
Qadın Sahibkarlığının dəyərli tərəfdaşları təltif edildi
Günün sonunda təşkil olunan şam yeməyində Səkinə Babayeva, Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri Hicran Hüseynovanı "Qadın Sahibkarlığının İnkişafında Dəyərli Tərəfdaş" statusu ilə təltif edərək ona plaket təqdim edib.
B2B Forumu və Yeni Əməkdaşlıq Perspektivləri
26 noyabrda "İqtisadiyyatda Həmrəy Qadınlar" adlı korporativ səhər yeməyi keçirilib. Tədbirdə Azərbaycan və Türk iş qadınları arasında B2B görüşlər, dostluq və biznes şəbəkələrinin inkişafı müzakirə olunub.
Daha sonra USKD nümayəndələri "Boulevard Marriott" oteldə keçirilən B2B forumuna qatılıb. Forum çərçivəsində qadın sahibkarlar arasında əməkdaşlıq imkanları müzakirə edilib və biznes əlaqələrinin möhkəmləndirilməsi üçün platforma yaradılıb.
Günün ikinci yarısında qonaqlar AQSİA üzvlərinə məxsus "Amorini Concept" və "Aqat Silver" mağazalarını ziyarət edərək, müvafiq olaraq yeni kolleksiyalar və təbii daşlar haqqında məlumat əldə ediblər.
Dostluq və Birlik Mesajı
Səfərin sonunda sonunda USKD yönetim kurulu başkanı Ayla Alkan Türkiyədən gətirdikləri hədiyyələri AQSİA İH sədri Səkinə Babayevaya və əməkdaşlara təqdim edərək AQSİA-ya göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, bu cür səfərlərin daha sıx təşkil olunmasının, qadın sahibkarların bir-birinə dəstək olmasının vacibliyini vurğulayıb.
Bu səfər Azərbaycan və Türkiyə qadın sahibkarları arasında əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm addım kimi tarixə düşdü.