Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə Albaniya və Azərbaycan dövlətləri arasında olan münasibətlərdən söz açdı, həm Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində oynadığı rola, həm də iki ölkə arasında mövcud olan dostluq əlaqələrinə, beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlığa toxunaraq qeyd olunan gedişatdan məmnunluğunu dilə gətirdi.
Təməli 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan; Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər uzanan “Cənub Qaz Dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Cənub Qaz Dəhlizi layihəsi Prezident İlham Əliyevin uzaqgörən enerji siyasətinin daha bir uğurudur. Uzunluğu 3500 kilometr olan boru kəmərlərinin çəkilməsi üçün təkcə maliyyə resurslarının olması kifayət etmirdi, boru kəmərlərinin keçəcəyi ölkələrlə doğru əlaqələrin qurulması, layihənin onlarla razılaşdırılması, addımların birlikdə atılması ən az maliyyə resurları qədər mühüm əhəmiyyət kəsb edir və bütün bunları realizə etmək üçün diplomatik səriştə tələb olunurdu. Bu gün artıq qeyd olunan layihə reallığa çevrilib və həm boru kəmərlərinin keçdiyi ölkələrin, həm də digər Avropa ölkələrinin qazla təchizatında vacib rol oynayır.
Azərbaycanın yanacaq resursları potensialı hər kəsə məlumdur. Ancaq daha da önəmlisi bu potensialdan necə istifadə olunmasıdır ki, ötən dövrə nəzər saldıqda görürük ki, Azərbaycan bu potensialdan oluna biləcək ən yaxşı formada istifadə etməyi bacarıb.
Belə ki, bu resurslardan əldə olunan gəlirlərin doğru şəkildə dəyərləndirilməsi, doğru yatırımlar edilməsi nəticəsində iqtisadi, siyasi, hərbi sahələrdə bir çox uğurlar əldə edən Azərbaycan dövləti, eyni zamanda dünya dövlətləri ilə güclü, etibarlı dostluq əlaqələrinin qurulmasında gözlə görülən uğurlara imza atıb.
Bir reallıqdır ki, Ukrayna-Rusiya müharibəsi fonunda ortaya çıxan yanacaq çatışmazlığı, enerji təhlükəsizliyi problemləri bəzi Avropa dövlətlərini yeni yanacaq resursları axtarışına vadar edib. Qeyd olunan faktordan uğurla istifadə edərək, həmin ölkələrə Azərbaycan qazının ixrac olunması ilə bağlı razılığa nail olan İlham Əliyev diplomatiyası, qeyd olunan dövlətlərlə strateji müttəfiqlik əlaqələrinin qurulmasında çox mühüm addımlar atıb. Çıxışında bu məsələyə də yer verən ölkə başçısı qeyd edib: “Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir”.
Azərbaycanın neft-qaz siyasəti ilə bağlı diqqət çəkən digər bir məqam isə neft-qaz layihələrindən yalnızca ixrac yolu ilə birbaşa gəlir əldə olunması deyil, bu imkandan fərqli formatlarda əlverişli istifadə olunmasıdır.
Müstəqilliyin əldə olunduğu ilk illərdən fərqli olaraq, bu gün Azərbaycanın neft-qaz layihələrini öz gücünə həyata keçirmək üçün çox geniş imkanları var. Ancaq Cənab Prezident tərəfindən formalaşdırılan enerji siyasətinin baza prinsiplərindən biri də bu layihələrin həyata keçirilməsinə xarici investorların cəlb olunmasıdır ki, burada da əsas məqsəd digər ölkələrlə yeni əməkdaşlıq münasibətlərinin qurulması yolu ilə Azərbaycanın beynəlxalq nüfuzunu və beynəlxalq proseslərdə rolunu artırmaq, ölkəyə xarici valyuta axınına əlverişli zəmin yaratmaqdır. Məhz bu məqama toxunaraq Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkətinin enerji layihlərimizi həyata keçirən digər investorlar sırasına daxil olaraq, yeni qaz ehtiyatları aşkarlanan Abşeron layihəsinin səhmdarı olmasını tədbir iştirakçılarının nəzərinə çatdıran dövlət başçısı, bunun əlavə maliyyələşmə, təcrübə demək olduğunu və beynəlxalq əməkdaşlığımızı genişləndirəcəyini vurğuladı.
Həmçinin tədbir zamanı Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində çıxışında və tədbirin gedişatında “Euronews” televiziyasına müsahibəsi zamanı Azərbaycanın yaşıl enerjiyə olan baxışı ilə bağlı məsələyə də münasibət bildirən Möhtərəm Cənab Prezident Azərbaycanın zəngin yanacaq resurslarının mövcudluğuna baxmayaraq, yaşıl enerji layihələrinə çox böyük dəstək verdiyini bildirdi: “Qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.”
Bir çox ölkələr kimi Azərbaycan da iqlim dəyşikliyinin fəsadlarını hiss edən ölkələrdən biridir. Məlumdur ki, bu gün dünyada şirin su ehtiyatları azalır, qlobal istiləşmənin və hava kirliliyinin fəsadları günü-gündən artır və bütün bu olanlar dünyamızı ciddi şəkildə təhdid edir. Hər bir dünya ölkəsinin bərpa olunan enerji layihələrinin çoxaldılmasına töhfə verməsi, bu istiqamətdə ümumi konsensusun əldə olunması, bu gün üçün dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Zəngin yanacaq ehtiyatlarına baxmayaraq, Azərbaycanın yaşıl enerji ehtiyatlarına önəm verdiyini vurğulayan Cənab Prezident, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyinin çox iddialı olduğunu, Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Azərbaycanın Xəzər dənizinin özünə aid olan sektorunda potensialının 157 giqavat təşkil etdiyini və bu imkanlardan maksimum dərəcədə istifadə edərək daxili bazarda təbii qaz istehlakını azaltmağın planlaşdırıldığını qeyd etdi.
Prezident İlham Əliyevin enerji siyasətinin nəticələri və indiyədək əldə etdiyi uğurlar, həyata keçirilən irimiqyaslı enerji layihələri ilə bağlı nailiyyətlər göz qarşısındadır və bütün bunlar həm də bu istiqamətdə yaxın gələcəkdə görüləcək işlərin təminatçısıdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov