Vardanyanın həbs qətimkan tədbirinin müddəti uzadıldı

Rusiyalı milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma  “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.

Sabahinfo.az xəbər verir ki, bu haqda Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən R.Vardanyanın həbsdə saxlama müddəti 4 ay uzadılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham irəli sürülüb.

Qeyd edək ki, BBC bu yaxınlarda Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi./Qafqazinfo