Avropa İttifaqı yenə Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etmək istiqamətində cəhdləri davam etdirir. Şarl Mişel sonuncu müsahibəsində qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini təşkil etmək üçün sülh sazişi lazımdır. Bu sülh sazişi demarkasiya prosesinə əsaslanmalıdır. Aİ hesab edir ki, bu, Cənubi Qafqaz regionu ilə əməkdaşlıq üçün bir vasitə kimi müsbət əsas ola bilər.
Mişel bildirib ki, danışıqların əsas istiqaməti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasıdır. Bu arada, Vaşinqtonda da Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün mümkünlüyü ilə bağlı məlumat yayılıb.
Məsələ burasındadır ki, bu gün bütün vasitəçilər sülh danışıqlarının bərpasına çalışır. Amma burada əsas məqsəd danışıqlar xatirinə danışıqlar olmamalıdır. Çünki işğal dövründə də təsdiqləndi ki, bu cür danışıqlar sülhə yox, “status-kvo”nun qorunub saxlanmasına yönəlib.
Brüssel, Moskva və Vaşinqton platformasında danışıqlar davam etsə də, hətta bəzi razılıqlar bəyan olunsa da nəticə əldə olunmayıb. Vasitəçilərin prosesdən kənarda qalması onları daha çox narahat edir, nəinki sülhün yubanması. Bu da çox təhlükəli tendensiyadır. Qlobal güclərin bölgədə hegemonluq iddiası özünü qabarıq şəkildə göstərir. Halbuki vasitəçi olmadan da Azərbaycanla Ermənistan arasında müəyyən razılaşmalar mümkündür. Biz COP29-a Azərbaycanın ev sahibliyi ilə bağlı Ermənistanın dəstəyi və ötən gün sərhəddə əsirlərin qarşılıqlı mübadiləsi zamanı da bunun şahidi olduq. İlk dəfə Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan baş naziri Aparatının birgə rəsmi razılığı baş tutdu. Qarşıdakı mərhələdə bu təcrübənin davam etdirilməsi daha məqsədəuyğun olardı.
Sülhə gəlincə, Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsi zamanı da bəyan edib ki, təqribən iki ay yarımdır ki, Ermənistan bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu,isə o deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. Amma rəsmi Bakı bəyan edib ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin. Yəni, “Qarabağ Azərbaycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözləyirik.