“Vəhşi heyvanların sayının artırılmasına ehtiyac var və bu proses çoxdan başlayıb. Zaman-zaman əvvəlki dövrlərdə dinozavrların nəslinin kəsilməsi təbii proseslərlə bağlı olurdusa, müasir dövrdə vəhşi heyvanların azalmasında insan amilləri də mövcuddur”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin sədri Elşad Əsgərov nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O bildirib ki, qədim insanlarda ovçuluğun inkişafı vəhşi heyvanların nəslinin kəsilməsinə gətirib çıxaran amillər olub:
“İnsanların odlu silah və müasir texnikalar əldə etdikcə təbiətə vurduğu ziyanın da miqdarı artmağa başladı. Azərbaycanda keçən əsrin əvvəlində insanlar tərəfindən turan pələnginin nəsli kəsilmişdi. Sonuncu pələnglər 1932-ci ildə Astara rayonunda ovlanmışdı, eləcə də Talış meşələrindən marallar yoxa çıxmışdı. Bütün bunları insanlar edirdi. Bu gün görülən işlər həmin dövrlərdə nəsli kəsilən heyvanların varlığını bərpa etməkdir”.