Sentyabrın 7-də Bakı Konqres Mərkəzində “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin bağlanış mərasimi keçirilib.
Sabahinfo.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra yay məktəbi barədə hazırlanmış videoçarx nümayiş olunub və kollegiyanın əməkdaşı Günay Sultanova tədris proqramı barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, ölkədə ilk dəfə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 13 yerli və xarici universitetdən 300-dən artıq hüquqşünas tələbənin müraciət etdiyi bir aylıq yay məktəbi təşkil olunub. İyulun 15-dən avqust 15-dək keçirilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbini uğurla bitirən hüquqşünas tələbələrə sertifikatlar təqdim edilib, fərqlənmə ilə bitirən 36 tələbə isə bölgələrdə təşkil olunmuş yay düşərgəsində iştirak edib.
Layihənin əsas məqsədi gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsinə töhfə verməkdən ibarətdir.
Tədbirdə kollegiyanın sədri Anar Bağırov çıxış edərək layihənin yekunlarına həsr edilmiş tədbirdə iştirak edən hər kəsi salamlayıb və bildirib ki, ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də uğurla davam etdirilən gənclər siyasəti nəticəsində cəmiyyətimizdə gənclərin ictimai həyatın bütün sahələrində fəallığı artıb. O, yay məktəbinin gözləntiləri doğrultmasından, gələcəkdə bu kimi layihələrin davamlı keçiriləcəyindən, gənclərə dəstəyin daim diqqət mərkəzində olmasından bəhs edib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov layihənin uğurlu təşkili və başa çatması münasibətilə yay məktəbinin təşkilində əməyi olan hər kəsi və iştirakçıları təbrik edib, məktəbin gənc hüquqşünasların həm də praktiki biliklərinin artırılmasında böyük töhfə verdiyini qeyd edib.
Kollegiyanın Aparat rəhbəri Bayram Orucov təqdimat ilə çıxış edərək, son 4 il yarım ərzində kollegiyanın müxtəlif sahələrdəki fəaliyyəti, həyata keçirilən islahatlar, yerli və beynəlxalq sahədə görülən çoxsaylı işlər və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov çıxışında Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük Zəfərin dövlətimizin davamlı inkişafı üçün yeni imkanlar yaratdığını bildirib. Gənc nəslin bu imkanlardan səmərəli şəkildə istifadə etməsi üçün xalqımızın adət-ənənələrinə uyğun təhsil, tərbiyə, peşəkarlıq məsələlərinə diqqət yetirməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, o cümlədən gənc hüquqşünaslara aiddir. Çünki güclü dövlət güclü iqtisadiyyatla bərabər, ədalət və hüququn aliliyi prinsiplərinə əsaslanır.
Baş prokurorun müavini Heydər Məmmədov müasir Azərbaycan gəncinin ölkəmizdə davamlı şəkildə aparılan dinamik inkişafın hədəfi və bilavasitə iştirakçısı olduğunu, gənclərin dövlət idarəetmə sistemində təmsil olunmaları üçün yüksək dəstək və tam şərait yaradıldığını qeyd edib. Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin dayandığını vurğulayan Heydər Məmmədov 23 müsabiqə nəticəsində uğur qazanmış hüquqşünasların prokurorluq kadr korpusunun 83,9 faizini təşkil etdiyini diqqətə çatdırıb. Baş Prokurorun müavini çıxışında hüquqşünas tələbələrin praktiki bacarıqlarının formalaşması məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən layihələrin uğurlu nəticələrindən bəhs edib.
Bundan əlavə, yay məktəbində iştirak edən bir neçə fəal tələbə də bu məktəb barədə öz təəssürat və fikirlərini bölüşüb, yay tətillərinin səmərəli keçirilməsində verilən töhfələrə görə təşəkkürlərini bildirib və bu kimi layihələrin davamlı olması arzuladıqlarını vurğulayıblar.
Qeyd edək ki, yay məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlara məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər, səhnələşdirilib məhkəmə müsabiqələri Ali Məhkəmənin, Nəsimi Rayon Məhkəməsinin hakimlərinin, Prokurorluq orqanlarının əməkdaşlarının və təcrübəli vəkillərin iştirakı ilə təşkil edilib.
Tədbirin yekununda yay məktəbini uğurla bitirən tələbələrə sertifikatlar verilib, verdikləri töhfələrə görə təlimçilərə təşəkkürnamə təqdim olunub.