Milli Məclisin deputatı Cavanşir Feyziyev Şəki rayonunun Baş Zəyzid bələdiyyəsinin Vərəzət kəndində səyyar qəbul keçirib.
Görüşə qatılan kənd sakinləri üzləşdikləri problemlərin həlli ilə bağlı deputata məlumat veriblər. Çıxışlar zamanı kəndin içərisindən keçən çayın üzərində 20 metr uzunluğunda körpünün tikilməsinə ehtiyac olduğu bildirilib. Həmçinin sakinlər bildiriblər ki, əkin sahələri üçün ayrılan subsidiya vəsaitlərini vaxtında ala bilmirlər və gübrənin qiymətinin bir neçə il əvvəlki qiymətlərlə müqayisədə 3 dəfə artdığından şikayət ediblər. Vətəndaşların dediyinə görə pay torpaqları üçün verilmiş sənədlər onlara məxsus olan torpaqların koordinatlarını doğru əks etdirmədiyinə görə sakinlər arasında tez- tez narazılıqlar yaşanır. Deputat Vərəzət sakinlərinin qaldırdıqları sosial məsələlərlə bağlı müvafiq icra qurumları ilə görüşüb müzakirələr aparacağını və problemlərin mövcud qanunvericilik çərçivəsində həllinə çalışacağını bildirib.
Millət vəkili Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan geniş abadlıq- quruculuq işlərindən danışıb. Bununla yanaşı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının da uğurla həyata keçirildiyini vurğulayan deputat bildirib ki, dövlət hazırda Vətən müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində çoxsaylı addımlar atır və hər bir şəhid ailəsi, müharibə əlili və iştirakçısı hərtərəfli qayğı ilə əhatə olunur. Bu işdə bir sıra qeyri-hökümət təşkilatları, xeyriyyə təşkilatları və ayrı-ayrı fərdlər də müxtəlif istiqamətlərdə Vətən müharibəsi iştirakçılarına öz dəstəyini göstərirlər.
Vərəzət sakinləri ölkədə aparılan geniş abadlıq-quruculuq işlərindən razı qaldıqlarını bildirərək Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə ediblər.