Azərbaycan xalqı öz tarixinin şərəfli və qüdrətli günlərini yaşayır. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi, hazırda həmin ərazilərdə həyata keçirilən sürətli, genişmiqyaslı və kompleks bərpa və quruculuq işləri, müharibədən sonra yaranmış yeni reallıqlar fonunda dövlətimizin qətiyyətli mövqeyi Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin, həyata keçirdiyi siyasətin Azərbaycanın milli maraqlarını layiqincə təmin etməsindən xəbər verir.
Bu gün hər birimizin qarşısında dayanan vətəndaşlıq borcu birinci növbədə milli maraqlardan çıxış edərək, öz fəaliyyətimizlə bu siyasətə dəstək verməkdir. Bu baxımdan Prezidentin ən böyük siyasi silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti hər birimiz üçün nümunə sayıla bilər. Bu gün Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasının altıncı ili tamam olur.
Yaxşı xatirimizdədir ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə Mehriban ƏliyevanmAzərbaycanm Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması cəmiyyətimiz, ictimaiyyət nümayəndələri tərəfindən sevinclə qarşılandı. Bu da səbəbsiz deyildi, çünki buna qədər Azərbaycan cəmiyyəti hansı vəzifəni daşımasından asılı olmayaraq, Mehriban Əliyevadan məhz dövlətə, xalqa xidmət etmək, insanların yanında olmaq missiyasını görmüşdülər. Bu vəzifəyə təyin olunana qədər Mehriban Əliyeva Azərbaycan Mədəniyyət Fondu, Heydər Əliyev Fondu kimi dövlətimizə layiqincə xidmət edən ictimai təşkilatlara, Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edirdi. Eyni zamanda Mehriban Əliyeva 2005-ci ildən Milli Məclisin deputatı idi. Bütün bunlar göstərir ki, Birinci vitse-prezident təyin olunana qədər Mehriban Əliyevanın fəaliyyəti istər ictimai, istərsə də siyasi baxımdan nə qədər əhatəli idi.
Daşıdığı hər bir vəzifədəki fəaliyyəti, ortaya qoyduğu vətəndaşlıq missiyası isə Mehriban Əliyevaya xalqın məhəbbətini qazandırıb. Mehriban Əliyevanın hələ 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyət Fondunun həyata keçirdiyi layihələr mədəniyyətimizin dünyada təbliği, mədəni irsimizin qorunması işinə olduqca böyük töhfələr verib və verməkdədir.
2004-cü ildə yaradılan Heydər Əliyev Fondu isə Mehriban Əliyevanın əzmkar rəhbərliyi ilə Ulu Öndərimizin ideyalarının həyata keçirilməsini təmin edir. Məhz Mehriban Əliyevanın işgüzarlığı və təşəbbüsləri ilə Heydər Əliyev Fondunun sosial, mədəniyyət və humanitar spektrlərdə həyata keçirdiyi layihə və proqramlar Prezident İlham Əliyevin inkişaf siyasətinə böyük dəstək verir. Bu layihələrin hər biri ölkəmizdə təhsilin, səhiyyənin inkişafında, mədəni və tarixi dəyərlərimizin qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın, xüsusilə körpə və uşaqların müalicəsində, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsində böyük rol oynayır.
Milli Məclisin deputatı kimi Mehriban Əliyevanın gördüyü işlər isə parlament tariximizin şərəfli səhifələridir. Təsadüfi deyil ki, son illərdə parlamentin qəbul etdiyi amnistiya aktlarının dördünün təşəbbüskarı Mehriban Əliyevadır. Eyni zamanda Mehriban Əliyeva Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sədri kimi Azərbaycanın beynəlxalq əlaqələrinə dəyərli töhfələr verib.
Məhz bu cür nümunələrə görə 2017-ci ildə Mehriban Əliyevanın Birinci vitse- prezident vəzifəsinə təyinatı hər kəs tərəfindən təqdir edildi. Eyni zamanda hər kəs əmin oldu ki, Mehriban Əliyeva buna qədər həyata keçirdiyi vətənə və insanlara xidmət amalını yeni vəzifədə daha əzmlə davam etdirəcək. Təsadüfi deyil ki, ilk gündən Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın Birinci vitse-prezident kimi işgüzarlığının, öz fəaliyyətini məhz insanların rifahının yaxşılaşmasına həsr etməsinin şahidi oldu. Yaxşı xatırlayırıq ki, Mehriban Əliyeva ilk müşavirələrini məcburi köçkünlərin sosial problemlərinin həllinə, onların mənzil şəraitinin yaxşılaşdırılmasına və 2016-cı il Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsinə həsr etmişdi.
Ötən 6 ildə Mehriban Əliyeva Birinci vitse-prezident kimi öz vəzifəsini əzmlə, uğurla həyata keçirib. Bu dövr ərzində Mehriban Əliyeva hər addımda vətəndaşların yanında olub, öz əməlləri ilə cəmiyyətin yüksək ovqatının təmin olunmasına böyük töhfə verib. Bu fəaliyyətin ən gözəl nümunəsini Vətən müharibəsi günlərində gördük. Mehriban Əliyeva Vətən müharibəsində yaralanmış əsgər və zabitlərin müalicəsini diqqət mərkəzində saxladı, şəhid ailələrinin yanında oldu. Heydər Əliyev Fondu tərəfindən yaralanmış əsgər və zabitlərimiz müalicə üçün Türkiyəyə göndərildilər.
O cümlədən koronavirus pandemiyasmm tüğyan etdiyi günlərdə Mehriban Əliyeva bu qlobal bəla ilə mübarizə üçün bütün imkanlarını səfərbər etdi. Heydər Əliyev Fondu tərəfindən respublikamıza tibbi avadanlıqların gətirilməsi, yaşlı vətəndaşlara ərzaq yardımlarının verilməsi heç vaxt yaddaşlardan silinməyəcək.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərində də Mehriban Əliyeva mükəmməl vətəndaşlıq mövqeyindən çıxış edir. Heydər Əliyev Fondunun təşəbbüsləri ilə işğaldan azad olunmuş ərazilərimizdə, xüsusən Şuşada tarixi və dini abidələrimizin bərpası Mehriban Əliyevanın vətənimizə və dəyərlərimizə bağlılığının təcəssümüdür. Heydər Əliyev Fondunun həyata keçirdiyi bu layihələr nəticə etibarilə azad olunmuş ərazilərin daha sürətli bərpasına xidmət edir.
Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ, çoxsaylı dağıntı və insan tələfatı hər birimizin qəlbini göynətdi. Bu günlərdə Azərbaycan ictimaiyyəti qardaş dövlət üçün səfərbər olub. O cümlədən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də Türkiyədə zəlzələdən zərərçəkənlər üçün dəstək aksiyasına qoşulub. Bu məsələdə də ən mükəmməl nümunəni Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ortaya qoydu. Bu günlərdə bir daha Mehriban Əliyevanın qayğıkeşlik, xeyirxahlıq, insansevərlik kimi nəcib bir missiyanı layiqincə daşıdığının şahidi olduq.
Olduqca qürurvericidir ki, Mehriban Əliyevanın humanist obrazı xalqımız tərəfindən yüksək qiymətləndirilir. O cümlədən bu misilsiz fəaliyyət sənət insanlarının yaradıcılığında da öz əksini tapır. Yüz minlərlə insanın bu böyük şəxsiyyətə rəğbətini, ehtiramını mən "Mehriban insan" əsərini bəstələməklə, "Ulu Öndər Fondu", "Mehriban Azərbaycan" musiqi layihələrini ərsəyə gətirməklə ifadə etmişəm.
Birinci vitse-prezident təyin olunması ilə dövlətə və xalqa xidmət amalı yeni mərhələyə daxil olan Mehriban Əliyevanın ötən 6 ildə gördüyü işlərin miqyası olduqca geniş və əhatəlidir. Ən əsası, bu fəaliyyətin hər bir məqamı həm də Mehriban Əliyevanın uğur hesabatıdır. Bu şərəfli yolda, Azərbaycanın yüksəlişi naminə möhtəşəm fəaliyyətində Mehriban Əliyevaya yeni uğurlar arzu edirəm.
Novruzəli ASLANOV,
Milli Məclisin deputatı,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti