Vitse-prezident vəzifəsindən azad edilən Rəfiqə Hüseyn-zadə kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Sabahinfo.az-ın məlumatına görə, Rəfiqə Hüseyn-zadə 12 il idi ki, bu vəzifədə çalışırdı. O, 1952-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı fakültəsini "mühəndis geoloq" ixtisası üzrə bitirib. 1975-1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olub. 1981-ci ildə geologiya-minerologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1985-1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışıb.

ABŞ-ın Hyuston şəhərinin HARC elmi-tədqiqat Mərkəzində, Norveçin Tronheym şəhərində “Geolab” şirkətində və “Statoil” şirkətinin “Reserch Center” mərkəzində işləyib.

1999-2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi “Azlab” MMC-nin Baş direktoru olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci ildən ARDNŞ-nin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunub.

2001-ci ildən Bakı Dövlət Universitetinin “Faydalı qazıntılar” kafedrasında dosent kimi elmi fəaliyyətini davam etdirir, 70-ə yaxın elmi məqalənin müəllifidir. “Discover Azerbaijan” kitablarının birinci və ikinci buraxılışının, eləcə də “Azerbaijan and United Kingdom 100 Years of Partnership” kitabının həmmüəllifidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Tərəqqi" medalına və “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qeyd edək ki, Rəfiqə Hüseyn-zadə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin həyat yoldaşıdır.