X Bakı Forumu Azərbaycanın nüfuzunun göstəricisidir

Son illərdə həyata keçirilən layihələr Azərbaycanı yeni bir təkamül xəttinə çıxarıb.Artıq ölkə Cənubi Qafqazın geosiyasi,geoiqtisadi,nəqliyyat və logistika mərkəzi kimi qəbul edilir.Bu, çox ciddi tarixi irəliləyiş, nailiyyətdir.Dünya miqyasında və regionda geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir və hətta böyük dövlətlər mövcud mövqelərini saxlamaq üçün ciddi mübarizə aparırlar.Azərbaycan isə bütün istiqamətlərdə hər il yeni zirvələr fəth edir.Azərbaycanın geosiyasi,geoiqtisadi,nəqliyyat-logistika uğurları bir-birini üzvi şəkildə tamamlayır. Azərbaycan müstəqilliyinə nail olan ölkə kimi bir inkişaf modeli ortaya qoyur.Bu təcrübənin yalnız region dövlətləri üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyəti dərk edilməlidir.Azərbaycan keçən əsrin 90-cı illərində özü üçün yaranmış mürəkkəb, ziddiyyətli və mənfi təsirli geosiyasi mənzərəni həyata keçirdiyi konkret proqramlar sayəsində tamamilə dəyişə bildi.

2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən siyasi, biznes və akademik liderlərinin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən beynəlxalq tədbirdir. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Foruma 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı qatılıb. Qlobal Bakı Forumu oxşar çağırışları və məqsədləri paylaşan, bəşəriyyəti narahat edən problemlərlə əlaqədar yeni yanaşma və həll yolları təqdim edən mühüm dialoq platformasıdır. Forum həm də Azərbaycanın regionda lider kimi potensialını göstərməsi, mədəniyyətini və tarixini təbliğ etməsi baxımından böyük önəm daşıyır.

Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib.

X Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident tərəfindən bir çox məqamlar barədə, o cümlədən ölkəmizdə mövcud olan dinlərarası və mədəniyyətlərarası harmoniya, birgəyaşayış ənənəsi, tolerantlıq mövzusunda vacib mesajlar verildi. Xüsusilə Qarabağda yaşayan erməni əhalinin hüquqları məsələsində dövlətimizin başçısı konseptual çərçivəni Forum iştirakçılarının diqqətinə çatdırdı.

X Qlobal Bakı Forumu Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, bütövlükdə dünyamızda baş verən proseslərə nə qədər ədalətli, obyektiv və humanist prinsiplərdən yanaşdığını əks etdirdi. Habelə, Prezident İlham Əliyevin Forumdakı çıxışı göstərdi ki, Azərbaycan mövcud problemləri qeyd etməklə yanaşı, həm də onların aradan qaldırılması ilə bağlı konkret təkliflərə, çıxış yollarına malikdir.

X Qlobal Bakı Forumunun ölkəmizdə təşkili, Azərbaycan Prezidentinin çıxışına olan yüksək maraq ölkəmizin, dövlət başçımızın beynəlxalq aləmdə artan nüfuzunu bir daha ortaya qoydu. Forum göstərdi ki, Azərbaycan dünyadakı nüfuzunu artırmaqda, ölkəmiz qlobal miqyasda əsas söz sahiblərindən birinə çevrilməkdədir.

Əminə Ağazadə

Milli Məclisin deputatı