May ayının 10-u xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Çünki xalqımız Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövləti və xalqı qarşısında görüdüyü misilsiz xidmətləri çox gözəl anlayır və qiymətləndirir. Xalq bilir ki, Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən qoruyan, ölkəmizi ictimai-siyasi xaosdan, anarxiyanın, hakimiyyət uğrunda gedən çəkişmələrin, pərakəndəliyin məngənəsindən xilas edən xalqın böyük oğlu dahi Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etmiş, sözün əsl mənasında müstəqil Azərbaycan yaratmış və əsl lider, sərkərdə kimi qurduğu dövlətin keşiyində dayanaraq onun dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
Heydər Əliyev irsi bizim milli sərvətimizdir. Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, işıqlandırılması həm müasir Azərbaycanın müstəqillik və inkifaş tarixinin öyrənilməsi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgsinin gələcək nəsillərə ötürülməsi üçün ən gözəl nümunədir. Cənab Prezident İlham Əliyevin keçən il sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalaması Ulu Öndərin 100 illik yubileyinə dövlət səviyyəsində verilən diqqətin göstəricisi olmaqla yanaşı, həm də Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi üçün böyük fürsətdir.
Dahi şəxsiyyətin xidmətlərindən bəhs edərkən ilk öncə qeyd edim ki, Heydər Əliyevin hələ Azərbaycan müstəqilliyini bərpa etməzdən əvvəlki dövrdə Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri unudulmamalıdır. 1969-1982-ci illərdə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyə qoymayan Heydər Əliyev artıq xalqın sevgisini qazanmağa başlamışdı. Ulu Öndərin azərbaycançılıq ruhuna qayğısının ən bariz nümunəsi kimi onun ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsini, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmasını xüsusi qeyd etmək lazımdır. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək 20 Yanvar faciəsinin təşkilatçılarını cəsarətlə ifşa edən bəyanat verməsi və Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətdən sonra SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi Heydər Əliyevin siyasi iradəsinin, prinsipiallığının, cəsarətinin nümunəsidir.
Sonradan xalqın sevgisi və çağırışı ilə vətənə geri qayıdan Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın Ali Sovetindəki fəaliyyəti xalqı bir daha əmin etmişdir ki, Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, məsuliyyətli və cəsarətli addımlar atmaq bacarığı, xalq-millət sevgisi sonsuzdur və müqayisəedilməzdir. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyevxalqıntələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevəverilməsi barədə qərar qəbul etdi. Bu, artıq xalqın iradəsinin tam qələbəsi demək idi, bununla ölkəmizdə Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasına səbəb olan xalq-iqtidar birliyinin əsası qoyuldu. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentinruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun parlamentə rəhbərlik etdiyi dövr bu gün də Milli Məclisimizin üzvü olan hər bir deputat üçün ən böyük parlamentarizm məktəbidir. 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkilərində isə xalqımız böyüksəsçoxluğuiləHeydər ƏliyeviAzərbaycan Respublikasının Prezidentiseçdi. Xalq artıq millətin və dövlətin yeganə xilas yolunun Heydər Əliyev yolu olduğunu yaxşı başa düşmüşdü.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması Heydər Əliyev siyasətinin başlıca məqsədi idi. Bu məqsədə nail olmaq üçün dahi siyasətçi ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və bütün fəaliyyətini onun reallaşdırılmasına həsr etmişdir. İlk növbədə isə ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edilmişdi, xalqın tarixi yaddaşı özünə qaytarılmışdı. Azərbaycanın tarixi və mənəvi dəyərlərinin, rəmzlərinin bərpa olunması hamısı Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan Cümhuriyyətinin bayrağının Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsində rolu, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan olunmasının təşəbbüskarı olması, əsrlər boyu ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bütün fəlakətlərə siyasi və hüquqi qiymət verərək martın 31-nin “Azərbaycanlıların soyqırımı günü” elan etməsi Heydər Əliyevin Azərbaycan xalqı arşısında gördüyü və dəyəri heç bir meyar ilə ölçülə bilməyəcək qədər böyük olan mənəvi xidmətləridir. Məhz bu xidmətlərin nəticəsidir ki, ölkədə milli şüur dirçəlmiş və “azərbaycançılıq məfkurəsi” formalaşmışdır, Ulu Öndər mənəvi dəyərlərimizi bütün ölkə miqyasında birləşdirmiş və ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevirmişdir.
Dövlətçilik ənənələrinin formalaşdırılması, Azərbaycanda hüquqi dövlətin, demokratik vətəndaş cəmiyyətinin yaradılması, bir sözlə müstəqil və müasir Azərbaycanın dövlətçilik həyatında baş vermiş bütün tarixi hadisələr də Ulu Öndərin adı ilə bağlıdır. Ölkədə demokratik idarəetmə sisteminin formalaşdırılması, ilk parlament seçkilərinin keçirilməsi, müstəqil dözvlətimizin ilk milli Konstitusiyasının qəbul olunması, çoxpartiyalı siyasi sistemin yaradılması, iqtisadi dirçəlişimizin təməli sayılan “Əsrin müqaviləsi”nin bağlanması, dünya dövlətləri ilə diplomatik münasibətlərin inkişafı, beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı əməkdaşlıq mühitinin formalaşdırılması, sözün əsl mənasında müstəqil, müasir, güclü Azərbaycanın yaradılması Heydər Əliyevin əməyinin, qətiyyətinin, vətən sevgisinin məhsuludur. Heydər Əliyevin hakimiyyəti illərində mətbuatda senzuranın aradan qaldırılması, məhkəmə islahatlarının keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının yaradılması, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və yüzlərlə bu qəbildən olan siyasi-hüquqi islahatlar nəticəsində Azərbaycan sözün əsl mənasında demokratik-hüquqi dövlətə çevrildi. Ulu Öndər demişdir ki, biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Bu həqiqətən də belə oldu. Bu gün Azərbaycan həm daxili siyasətini, həm də xarici siyasət sahəsində digər dövlətlərlə əlaqələrini Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş həmin Konstitusiyanın demokratik prinsipləri əsasında həyata keçirir. Qanunun aliliyi, hüququn aliliyi, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş mötəbər prinsipləri və xalqın iradəsi Azərbaycan dövlətinin və dövlətçiliyinin idarə olunmasının təməlində dayanan ən yüksək dəyərlərdir.
Bizə tarixi Zəfər yaşadaraq işğal olunmuş torpaqlarımızı azad edən qüdrətli ordumuzun qurucusu da Ulu Öndərdir. Sovet dövründə Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini milli zabit kadrlarının hazırlanması təşkil edirdi ki, onun da əsası Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması olmuşdur. Müstəqilliyin ilk illərindən başlayaraq isə Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami silahlı qüvvələri yaradıldı, hərbi intizam möhkəmləndirildi, hərbi təhsil sistemi gücləndirildi. Odur ki, biz əminliklə deyə bilərik ki, Qarabağ Zəfərinin bünövrəsi Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü əzəmətli işlərin üzərində qurulmuşdur. Əlbəttə, Zəfəri şərtləndirən iqtisadi amilləri də unutmaq olmaz. Başda “Əsrin müqaviləsi” olmaqla Azərbaycanı iqtisadi müstəqilliyə və iqtisadi inkişafa aparan məqsədyönlü və uzaqgörən siyasət hərbi qüdrətimizi daha da artırmışdır.
Ulu Öndərin millətimiz və dövlətimiz qarşısındakı xidmətlərini bir qədər xatırlamaq kifayətdir ki, xalqımızın bu böyük oğluna olan sevgisinin və hörmətinin niyə sonsuz və tükənməz olduğunu anlayaq. Çünki bu sevginin təməlində xalqa həsr olunmuş fədakar ömür dayanır. Biz bu ömrün qarşısında, dahi şəxsiyyətin ölməz ruhu qarşısında baş əyirik. Bundan sonra da Ulu Öndərin qurduğu Azərbaycan dövlətini onun bizə miras qoyduğu yüksək dəyərlər əsasında yaşatmaq üçün əlimizdən gələni etməliyik.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov