“15 oktyabr cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il ötür. Bu tarix bizim üçün “son” yaxud “davam” arasında keçid oldu, amma Azərbaycan xalqı daxildən çoxsaylı xəyanətlərə, xaricdən təhdidlərə baxmayaraq dövlətçiliyimizin davamı üçün səs verdi. 19 il əvvəl seçki bülletenində İlham Əliyevin adını qeyd edən hər bir vətəndaş əslində Qarabağın bir daşını, bir qarış torpağını azad etmiş oldu. Məhz bu seçim bizi azad, inkişaf etmiş, iqtisadi müstəqilliyinə nail olmuş qalib Azərbaycana gətirib çıxardı”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib. “Aydındır ki, biz sabit bölgədə yerləşmirik, Şimala, Cənuba, Qərbə baxaq, hər tərəfdə vətəndaş qarşıdurması baş alıb gedir. Biz alovların arasında sabit yaşıl ada kimi görünürük. Hətta, 44 gün müharibə davam etdi, Bakıda bu müharibənin təhlükəsini kimsə hiss etmədi. Heç kim düşünməsin ki, bu sabitlik və bu ictimai təhlükəsizlik bizim üçün tarixin təbii gedişatının nəticəsidir. Bu stabillik yalnız və yalnız cənab İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsidir və Heydər Əliyev ideologiyasından başqa heç bir alternativ məfkurə, heç bir alternativ qüvvə Azərbaycanda sabitliyin sülhün sonrakı qarantına çevrilə bilməz. Bilirsiniz, məişət problemləri, sosial ehtiyaclar bütün dünyada var, amma hansı bir problem sabit təhlükəsiz həyat şəraiti ilə müqayisə oluna bilər.ə?! Mən çox arzu edirəm ki, aidiyyətı strukturlar, eyni zamanda mediamız bu reallığı sadə dillə vətəndaşa bir daha çatdıra bilsinlər ki, vətəndaş da bəzi hallarda olduğu kimi zərərli siyasi ideoloji təsirlərə düşməsin. Bilirsiniz, bu bölgədə balanslaşdırılmış siyasət asan məsələ deyil, özünüz şahidsiz ki, 12-14 sentyabr təxribatlarında düşmənin layiqli cavabını verdiyimiz üçün qərbdəki antiazərbaycan koalisiyası daxildəki satqınlarla bərabər siyasi cəbhədə Azərbaycana necə hücum çəkdi? Hətta Azərbaycana münasibətdə 30 il pas atmış beynəlxalq mexanizmləri Ermənistanın lehinə işə salmağa da cəhd etdilər. Azərbaycan Prezidenti şəxsi qətiyyəti, qurduğu mükəmməl siyasi konfiqurasiyalarla bütün hücumları zərərsizləşirdi. Həm də nəinki zərərsizləşdirdi, əksinə baş verənləri bizim üçün siyasi fürsətlərə çevirdi. Azərbaycan cəmiyyəti bu reallıqları bilməlidir, başa düşməlidir ki, İlham Əliyev bu xalq üçün bir şansdır. Heydər Əliyev yolu bu xalqın xilas yoludur. Bu gün Azərbaycan xalqına populizm, yaxud hansısa müavinət səviyyəsinə kiçilmiş psevdo vətənpərvərlik yox, real iş və nəticələr lazımdır ki, cənab Əliyevin də Qarabağ və Zəngəzur boyda, iqtisadi müstəqillik kimi ölçüyə gəlməz nəticələri var” – B.Məhərrəmov qeyd edib.