Xalqımızın siyasi-mənəvi sərvəti və milli tərəqqi yolu

Tarix yazmış və adını tarixə əbədi yazdırmış xalqların inkişaf yolu müxtəlif, rəngarəng və özünəməxsus olması ilə fərqlənir. Daha dəqiq desək, tarix səhnəsində yüksəlişi ilə nümunə yaratmış - bəşəriyyətin mənəvi-siyasi xəzinəsinin zənginləşməsinə mühüm töhfələr vermiş hər bir xalqın öz inkişaf yolu, mütərəqqi, unikal və nümunəvi təcrübəsi var.

Onların hər biri fərqli örnək və model kimi dəyərləndirilsə də, ümumi cəhət liderlik amili və ya lider fenomeni ilə birbaşa əlaqədardır. Tarixə ekskursun nəticələri və bugünkü reallıqlar deməyə əsas verir ki, güclü lider amili olmadan xalqın intibahını və rifahını, dövlətin inkişafını və yüksəlişini təmin və təsəvvür etmək olmaz. Elə çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının təcrübəsi də bu nəzəri tezisi və praktik reallığı birmənalı şəkildə təsdiqləyir. İnkaredilməz həqiqətdir ki, xalqımız istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin strateji zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdır.

Bu gün həm müstəqillik dövrünün, həm də çoxəsrlik tarixinin zirvə hadisələrinə şahidlik edən qədirbilən Azərbaycan xalqı bütün bu reallıqları, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini olduqca yüksək qiymətləndirir, müdrik dövlət xadiminin əziz xatirəsini böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir.

Çünki müasir Azərbaycan reallığı məhz Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur.

Ümumiyyətlə, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.

Ümumiyyətlə, Heydər Əliyevin adı və fəaliyyəti tarixi, coğrafi, siyasi və mənəvi nöqteyi-nəzərdən genişmiqyaslıdır. Mübaliğəsiz deyə bilərik ki, çoxəsrlik tariximizin Heydər Əliyev erası dövlətçilik salnaməsidir. Çünki Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, böyük tarixi nailiyyətlərə imza atmışdır. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə milli-mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanılması, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq olmuşdur. 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçildikdən sonra atdığı addımlar da xalqımızın gələcəyə yeni və mütərəqqi baxışının formalaşmasında, müstəqillik ideyasının əxz olunmasında və mənimsənilməsində, milli həmrəyliyin təmin edilməsində xüsusi rol oynamışdır. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın qaldırılması, Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsinin çıxarılması, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərara imza atılması dövlətçilik tariximizin ən mühüm hadisələri sırasında yer alır. Bu, Heydər Əliyevin fəaliyyətinin məhz milli maraqlara, dövlətçilik ənənələrinə və xalqın ali mənafeyinə əsaslandığını göstərən çox mühüm faktlardandır.

1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı uçurumdan xilas edərək zirvəyə yüksəltmişdir. O, böyük Öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai və siyasi qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb. Bu nümunə öz cəlbediciliyinə görə bütün dünyada maraqla öyrənilən, nüfuzlu reytinq agentliklərinin və tədqiqat mərkəzlərinin hesabatlarında yüksək dəyərləndirilən strateji model kimi xarakterizə olunur. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 19 il ərzində bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik nailiyyətlər əldə olunmuş, respublikamızın sosial-iqtisadi göstəriciləri mütəmadi olaraq yaxşılaşmış, beynəlxalq reytinqi artmışdır. Dövlət başçısının müəllifi olduğu milli inkişaf modelinin uğurla tətbiq olunması nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi sistem formalaşmış, bölgələrin davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin edilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına xidmət edən kompleks xarakterli islahatlar kursuna start verilmişdir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir. 44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri və postmünaqişə mərhələsində ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri bu siyasi birliyin bariz nümunəsi - əyani ifadəsdir. Paralel olaraq siyasi-ideoloji və mənəvi müstəvidə həyata keçirilən işlər xalqımızın həmrəyliyinin daha da güclənməsini, o cümlədən vətənə sədaqət ruhunda gənc nəslin yetişməsini təmin etmişdir. Milli dəyərlər əsasında tərbiyə olunan Azərbaycan gəncliyi həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirir, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlir. Digər tərəfdən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasət kursu və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın dünya miqyasında reputasiyası güclənmişdir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınmışdır. Respublikamız ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynamış, bu istiqamətdə əhəmiyyətli təşəbbüslər irəli sürmüş və sistemli fəaliyyət göstərmiş, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr vermişdir. Bununla yanaşı, bir zamanlar xəyal kimi görünən nəhəng enerji-nəqliyyat və infrastruktur layihələri dövlətimizin təşəbbüsü və liderliyi ilə reallaşdırılmış, Azərbaycan regional güc mərkəzinə və Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan dünyada təkcə davamlı və dayanıqlı inkişaf yolu tutan müasir, demokratik ölkə kimi, tolerantlıq nümunəsi və multikultiralizm diyarı olaraq tanınmır. Ötən əsrin sonunda müstəqilliyini bərpa etmiş respublikamız, eyni zamanda, öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmiş, müsbət beynəlxalq imicə sahib və müasir dünya siyasətinin nüfuz iyerarxiyasında mütəmadi yüksəlişə malik prestijli dövlət olaraq səciyyələndirilir.

O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli, ardıcıl və məqsədyönlü fəaliyyəti də ölkəmizin dayanıqlı inkişafına, xalqımızın rifahının daha da yaxşılaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, respublikamızın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə və müxtəlif sahələrdə davamlı strateji nailiyyətlərin əldə olunmasına müstəsna töhfədir. O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli, ardıcıl və məqsədyönlü fəaliyyəti də ölkəmizin dayanıqlı inkişafına, xalqımızın rifahının daha da yaxşılaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, respublikamızın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə və müxtəlif sahələrdə davamlı strateji nailiyyətlərin əldə olunmasına müstəsna töhfədir. Xüsusilə də, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderimizin zəngin irsinin araşdırılmasında və bu irsin xalqımızın mənəvi sərvəti kimi gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu, həm Heydər Əliyev fenomeninin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əvəzolunmaz yerinin və rolunun daha dərindən öyrənilməsi, həm də müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun siyasi, iqtisadi, mədəni, humanitar, tarixi aspektlərinin fundamental səviyyədə tədqiq olunması baxımından xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun fəaliyyəti olduqca genişmiqyaslı və dərinməzmunludur, ictimai həyatın bütün sahələrini əhatə edir, eyni zamanda, Azərbaycanın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır. Bütövlükdə, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr milli məqsədlərin və strateji hədəflərin gerçəkləşdirilməsini təmin edir.Birmənalı şəkildə vurğulamaq olar ki, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış torpaqlarımızın şərəfli milli mübarizə, haqq-ədalət mücadiləsi nəticəsində əsarətdən xilas edilməsi, tarixi ədalətin bərpası və ölkəmizin ərazi bütövlüyünün təmin olunması Heydər Əliyev siyasətinin təntənəsidir. Şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail olmuşdur. Əlbəttə, bu Zəfər salnaməsinin yaradılması, Qələbə dastanının yazılması, yəni mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olunması çox böyük hadisədir. Biz qürurla və iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur. Bu, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını göstərən çox mühüm faktdır. Amma, eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq strateji kursun məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir.Bir sözlə, Ulu Öndərin görmək istədiyi bugünkü güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirəcək, dünya müasir müstəqil dövlətimizin banisinin ideyalarının reallığa çevrilməsi nəticəsində daha möhtəşəm Azərbaycana şahidlik edəcək!

Varis Rüstəmov,

YAP Sabirabad rayon təşkilatının sədri