Xalqını uğurlu gələcəyə aparan Lider!

Ağsu şəhərində seçicilərlə növbəti görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Ağsu şəhərində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə, eləcə də idmançılarla görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə təşviqat qrupunun üzvləri Əli Hüseynov, Camaləddin Zeynalov, Günay İnayətova, Əmrulla Kərimov, Elnur Fərzəlizadə çıxış ediblər. Çıxışlarda fevralın 7-də keçiriləcək prezident seçkilərinin zəruriliyi vurğulanıb. Cənab İlham Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tap bərpa olunmasından və digər əldə olunmuş nailiyyətlərdən geniş bəhs olunub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin imzaladığı sosial paketlərin tələblərinə uyğun olaraq şəhid ailələri, müharibə veteranları və Qarabağ müharibəsi əlilləri hərtərəfli qayğı ilə əhatə olunub, onların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu proqram ardıcıl şəkildə uğurla davam etdirilir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlər zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.