Xalqlar dünyada tarixi şəxsiyyətləri ilə tanınır 

Xalqlar dünyada maddi nemətləri, təbii sərvətləri ilə deyil, tarixi şəxsiyyətləri ilə tanınır. Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanı dünyada son 20 ildə Prezident İlham Əliyev şəxsiyyəti tanıtdı. 2003-cü ildə keçirilən prezident seçkiləri tariximizin ən önəmli seçkilərindən oldu desək, yanılmarıq. 

2003-cü il oktyabrın 15-də xalq doğru seçimini edərək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə etimad göstərib Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Geridə qoyduğumuz 20 ildə Azərbaycanda elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın, inkişafa nail olunmasın. Bu 20 ildə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. Bu gün məhz İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, hər birimiz "var imzamız imzalar içində" sözlərini qürurla deyir, Ulu Öndərin söylədiyi kimi, azərbaycanlı olmağımızla fəxr edirik. Bu gün xalq öz lideri ilə öyünür.  

İlham Əliyev dünyanın nəhəng siyasətçiləri tərəfindən heyrətlə izlənilən liderdir. Cənab Prezidentin diplomatiya və dövlət idarəçiliyindəki zəngin təcrübəsi, biliyi, eyni zamanda şəxsi nüfuzu və xarizmasının nəticəsidir ki, Azərbaycana beynəlxalq arenada böyük hörmət var. Ölkəmizdə aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. 

İlham Əliyevin apardığı məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanın iqtisadi və hərbi-müdafiə qüdrəti daha da gücləndi və bu, 44 günlük Vətən müharibəsində parlaq qələbəmizin qazanılmasına zəmin yaratdı. Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü, birliyimiz bizi 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qalib xalq etdi. Ali Baş Komandan İlham Əliyev tarix yazdı. Bu il sentyabrın 19-da isə Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. 

Prezident İlham Əliyev tarix yazır. Dövlətimizin başçısının adı tariximizə həm də Müzəffər Sərkərdə kimi həkk olundu. Bu gün Azərbaycan dünyanı həm də işğaldan azad edilmiş ərazilərində sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, strateji infrastruktur obyektləri açılır. Bir sözlə, azad edilmiş ərazilər yenidən qurulur. Dövlətimizin başçısının dediyi kimi, Qarabağ cənnətə çevriləcək. Artıq keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına dönürlər. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib, inanıb, ona arxa və dayaq olub. İnanırıq ki, İlham Əliyevin prezidentliyi ilə Azərbaycan bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə addımlayacaq. 

 

Oqtay ƏSƏDOV, 

Milli Məclisin deputatı