“Prezident İlham Əliyev avqustun 8-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə fəxri qonaq qismində Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstanda səfərdə oldu. Bu səfər bir daha türk dünyasının birliyinə, həmrəyliyinə, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinə işıq saldı. Ümumilikdə türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Tarixi Zəfərimizdən sonra Azərbaycanla türk dövlətləri arasında əlaqələrin daha yüksələn xətlə inkişaf etdiyi diqqətdən kənarda qalmır. Həmçinin ölkəmizin son zamanlar fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycanın hər bir məsələdə mövqeyi xüsusi önəm daşıyır. Xarici siyasətinin dəyişməz prinsipləri ölkəmizin mövqeyinin möhkəmlənməsində, rolunun artmasında əhəmiyyətli rol oynayır. Qarşılıqlı etimaq mühitinin qorunması Azərbaycanın xarici siyasətində əsasdır. Ölkəmizin türk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələrin miqyası genişdir. Cənab İlham Əliyev daim bu çağırışı səsləndirir ki, biz böyük ailəyik. Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı baxışlarımız aydındır. Təşkilatın çox böyük gələcəyi var. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq. Dövlətimizin başçısı bu mühüm məqamı da xüsusi qeyd edir ki, Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır, daha möhkəm olur.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür: “Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində nəqliyyat dəhlizləri mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında tədbirə fəxri qonaq qismində dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirdi. Ötən il cənab İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə fəxri qonaq qismində iştirak etmişdir. Bu dəvətlər ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Bu mühüm məqam da qeyd edilir ki, əlaqələrin inkişafında, yeni istiqamətlərin müəyyənləşdirilməsində qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Dövlətimizin başçısı İlham Əliyev sözügedən tədbirdə bildirdi ki, bu səfər son iki ildə Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Prezidentləri Azərbaycana ümumilikdə 15 dəfə səfər ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.”
Millət vəkili onu da vurğulayıb ki, tarixi Zəfərimiz türk dünyası ölkələri arasında coğrafi bağlantını təmin etmək üçün gözəl imkanlar yaradıb: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılmasının yer alması və bu müddəanın yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək. Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşərək ölkələri, xalqları birləşdirir. Daim yeni körpülərin qurulması bu rolun daha artmasını şərtləndirir. Onu da qeyd edək ki, Azərbaycanın tranzit imkanlarının genişliyi yeni əməkdaşlıq formatlarının yaradılmasında öz sözünü deyir. Belə ki, ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə bildirdi ki, qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.”
Malik Həsənov qeyd edib ki, hər dövrün öz çağırışları vardır: “Azərbaycanın bu çağırışları yüksək səviyyədə cavablandırması uğurlarının davamlılığında əsas amillərdən biridir. Hazırkı dövrdə Azərbaycanın əməkdaşlıqda diqqət göstərdiyi məsələlərdən biri də bərpaolunan enerji sektoruna investisiyaların yatırılmasıdır. Ölkəmiz bu sahədə böyük potensiala malikdir. Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addım oldu.”
Millət vəkili Azərbaycanın beynəlxalq nüfuzunun, dövlət başçısı İlham Əliyevə etimadın əsas göstəricilərindən biri kimi ölkəmizin bu ilin noyabr ayında COP29-a ev sahibliyini xüsusi vurğulayıb: “Bu tədbir bərpaolunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsinə, iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə yol açacaq. Azərbaycanın bu istiqamətdə töhfələri beynəlxalq səviyyədə təqdir edilir. Cənab İlham Əliyev Astanada keçirilən tədbirdəki çıxışında da diqqəti COP29-a yönəltdi və bildirdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.”
Malik Həsənov qeyd edilənlərin fonunda bildirib ki, əməkdaşlıq məkanı kimi tanınan və nüfuz qazanan Azərbaycanın regionda, dünya siyasətində rolu daha da artır: “Ölkəmizin düşünülmüş, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti xarici siyasət uğurlarımızın miqyasını daha da genişləndirir. Cənab İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən bu çağırışı etmişdi ki, xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq. Bu problemlər sırasında iqlim dəyişikliyi xüsusi qeyd edilmişdir. COP29 bu çağırışların gerçəkləşməsinin təsdiqi olacaq.”