Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxış edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 44 günlük Vətən müharibəsindən, xalqımızın milli həmrəyliyindən, igid Azərbaycan əsgərinin əyilməz döyüş ruhundan və müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək əzəli torpaqlarımızı düşmən işğalından azad etməsindən geniş bəhs etdi.
Prezident cənab İlham Əliyevin 20 il ərzində həyata keçirdiyi düşünülmüş siyasət beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeyini möhkəmləndirirdi. Siyasi müstəvidə aparılan uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, Azərbaycan haqlı tərəfdir. Ölkə başçısının iqtisadi sahədə apardığı islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat qurulsun, ölkə heç kimdən asılı olmasın. Prezident cənab İlham Əliyevin güclü siyasi iradəsi imkan verdi ki, Azərbaycan müstəqil xarici siyasət aparsın və kimsə ölkəmizin işinə müdaxilə edə bilsin. Ötən illər ərzində ordu quruculuğu bir nömrəli vəzifə olmuşdur. Həmçinin maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi, xüsusilə də, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan əsas amillər olaraq müəyyən edilmişdi.
Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda da ölkə başçısı vurğuladı ki, nə qədər silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah olan əsgərdir, zabitdir. Azərbaycan əsgər və zabiti ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, əsl qəhrəmanlıq və şücaət göstərmişdir. Peşəkar Azərbaycan ordusunun göstərdiyi fədakarlığı XXI əsrdə heç bir ordu göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır.
Separatçıların kitabının bağlandığını və artıq Azərbaycanda separatçılığa yer olmayacağını bildirən Prezident cənab İlham Əliyev Azərbaycan dövlətinin bu gün bütün əraziyə nəzarət etiyini və bunun səbəbkarlarının on minlərlə Azərbaycan hərbçiləri olduğunu bəyan etdi. Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilib və oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırılıb.
Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistana və havadarlarında ciddi mesajlar da verdi. Ölkə başçısı vurğuladı ki, Azərbaycana yeni müharibə lazım deyil. Azərbaycan istədiyinə nail olub, beynəlxalq hüququ, tarixi ədaləti, öz milli ləyaqətini bərpa edib. Əgər Ermənistan rəhbərliyi revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o zaman Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsinlər. Bilsinlər ki, Azərbaycanı heç bir qüvvə təhdid edə bilməz.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri