Xarici siyasətdə böyük strateji addımlar

Azərbaycan xalqının və müstəqil dövlətimizin inkişafında Heydər Əliyevin müstəsna xidmətləri bu dahi şəxsiyyətin həm ölkə daxilində qazandığı misilsiz nailiyyətlərlə, həm də uğurla həyata keçirdiyi xarici siyasət sahəsində əldə etdiyi mühüm nəticələrlə əlaqədardır. Ölkədaxili siyasətdə böyük məharət göstərən Ulu Öndər Heydər Əliyev xarici siyasət sahəsində də yüksək professionallıq nümayiş etdirmişdir. Buna görə də Heydər Əliyevin apardığı daxili və xarici siyasət kursu biri digərini tamamlamış və vəhdət təşkil etmişdir. O, ölkə miqyasında böyük quruculuq proqramlarının dahi memarı kimi qəbul edilmiş, xarici siyasətdə isə mahir diplomat istedadına malik olmuşdur. Dünyanın görkəmli dövlət xadimləri Heydər Əliyevin daxili və xarici siyasəti məharətlə uzlaşdıraraq vəhdətdə həyata keçirməsinə heyranlıqla yanaşmış, yüksək qiymət vermişlər.

Heydər Əliyevin xarici siyasətində tarazlaşdırma prinsipi əsas olmuşdur. O, beynəlxalq münasibətlərdə həmişə tarazlığı qoruyub saxlamış, qarşılıqlı etimadı zəruri hesab etmişdir. Ulu Öndər xarici siyasətdə qarşılıqlı münasibətlərin nəzərə alınmasını əlaqələrdə davamlı inkişafın təmin olunması üçün zəruri saymışdır. Heydər Əliyev xarici siyasətdə birtərəfli münasibətlərə siyasi hegemonluğun ifadəsi kimi baxmış və bu yolun tərəflərdən heç birinə fayda verməyəcəyi qənaətində olmuşdur. Böyük dövlət xadimi möhkəm surətdə inanırdı ki, xarici siyasətdə qarşılıqlı etimad münasibətləri olmazsa, beynəlxalq əlaqələrdə ortaq tarazlığı qoruyub saxlamaq və inkişaf etdirmək mümkün deyildir. Azərbaycan Respublikasının həm sovet dövründə və həm də müstəqillik mərhələsində ölkələrarası münasibətlərdə qarşılıqlı etimadı formalaşdıran Heydər Əliyev dövlətimizə başucalığı gətirmiş, etibarlı dostlar və tərəfdaşlar qazandırmışdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xarici siyasət kursunda mehriban qonşuluq və əməkdaşlıq siyasətinin formalaşdırılması və inkişaf etdirilməsinə ciddi fikir vermişdir. Sovet hakimiyyəti illərində Zaqafqaziya respublikaları arasında qarşılıqlı etimad əsasında əməkdaşlığın daim inkişaf etdirilməsini zəruri saymışdır. Birlik və həmrəylik üçün göstərdiyi xidmətlərə görə Heydər Əliyev Qafqazın lideri kimi qəbul edilmişdir. Hətta Sovetlər Birliyi dövründə SSRİ miqyasında böyük mövqe qazanmış, Gürcüstan Sovet Respublikasına rəhbərlik etmiş Eduard Şevardnadze məhz Heydər Əliyevi nəzərdə tutaraq demişdir ki, "liderlik baxımından Azərbaycan xalqının bəxti gətirmişdir". SSRİ xarici işlər naziri vəzifəsində çalışmış, Ümummilli Liderlə Siyasi Büroda birlikdə təmsil olunmuş Eduard Şevardnadze bu fikirdə idi ki, Heydər Əliyev yalnız yaşadığı epoxanın deyil, bütün dövrlərin lideridir. Böyük güc sahibləri olan dövlətlərin rəhbərləri də Heydər Əliyevin simasında dünyanın görkəmli dövlət xadimini, mahir siyasətçisini və peşəkar diplomatını görmüşlər.

Heydər Əliyevin mehriban qonşuluq siyasətində Gürcüstanın daim xüsusi yeri olmuşdur. Azərbaycanın siyasi və iqtisadi taleyində xüsusi yeri olan "Əsrin müqaviləsi"nin həyata keçirilməsinin Gürcüstan vasitəsilə gerçəkləşdirilməsinin təmin edilməsi Ulu Öndər Heydər Əliyevin bu dost ölkəyə olan xüsusi ehtiramının ifadəsidir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz ixracı layihələrinin Gürcüstandan keçməklə gerçəkləşdirilməsi uzaqgörən böyük siyasətinin dost və qonşu ölkənin də inkişafına təkan vermək, köməklik göstərmək üçün düşündüyü böyük layihədir. Doğrudur, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri həm də işğalçı Ermənistanı regionda təkləmək, sıxışdırmaq siyasətini yerinə yetirmişdir.

Lakin Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri iqtisadi əhəmiyyəti ilə yanaşı, dostluğa, həmrəyliyə, qarşılıqlı əməkdaşlığa hesablanan Azərbaycan-Gürcüstan və Türkiyə layihələri kimi də çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük səyləri ilə Gürcüstanın Batumi şəhərində irimiqyaslı neftayırma zavodlarının tikilib istifadəyə verilməsi ölkəmizin maraqları ilə yanaşı, dost və qonşu ölkənin də iqtisadi mənafelərinin təmin olunmasına yardım göstərir. Azərbaycanın Batumidəki neftayırma zavodları vasitəsilə bu regionda Gürcüstan üçün ənənəvi olmayan yeni neft emalı sənayesi formalaşdırılmaqdadır. Eyni zamanda Prezident İlham Əliyevin gerçəkləşdirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu da regional iqtisadi əməkdaşlığın, mehriban qonşuluq siyasətinin daha da genişlənib möhkəmləndirilməsinə uğurla xidmət edir.

Yeni tarixi epoxada Avropa ölkələri ilə çoxcəhətli münasibətlərin qurulmasında görkəmli dövlət xadimi Heydər Əliyevin böyük xidmətləri xüsusi qeyd  edilməlidir. Heydər Əliyev Prezident seçilərkən ilk səfərlərindən birini Fransa Respublikasına etməsi ilə müstəqillik qazanmış Azərbaycanın Qərbyönlü demokratik inkişaf yolunu seçdiyini bütün dünyaya bəyan etmişdir. Ulu Öndər siyasi rəhbərliyi dövründə Avropa ölkələri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir. Onun Avropa ölkələrinə ardıcıl səfərləri bu qitə ilə gənc Azərbaycan Respublikasının arasında möhkəm və etibarlı əməkdaşlıq körpülərinin yaadılması ilə nəticələnmişdir. Bu zəmində xüsusən Azərbaycanın Böyük Britaniya ilə əlaqələri çoxcəhətli əsaslar üzərində geniş inkişaf etmişdir. Azərbaycan-Almaniya əlaqələri məhdud "Mersedes" maşınları ticarəti sferasından tibb, təhsil, kənd təsərrüfatı, ticarət, turizm və sair istiqamətlərə doğru sürətlə inkişaf etdirilmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-İtaliya əlaqələrinin inkişaf etdirilməsi üçün vaxtilə açdığı yollar bu gün Prezident İlham Əliyev tərəfindən böyük əməkdaşlıq magistrallarına çevrilmişdir. Bu gün Azərbaycan Respublikasında İtaliya ilə bütün əsas sahələr üzrə geniş əməkdaşlıq layihələri həyata keçirilməkdədir. İtaliya şirkətləri Prezident

İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən Böyük qayıdış hərəkatında yaxından iştirak edirlər. Bu yaxınlarda təsis edilməsinə start verilmiş Azərbaycan-İtaliya birgə universiteti ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə və inkişaf etdirilməsinə öz töhfələrini verəcəkdir.

Müstəqil Azərbaycan Respublikası Avropanın keçmiş sosilaist ölkələri blokuna daxil olan Macarıstan, Polşa, Bolqarıstan, Rumıniya, Çexiya, Slovakiya və başqa ölkələrlə də dövlət müstəqilliyi meyarları əsasında qarşılıqlı əlaqələrini genişləndirməkdə davam edir. Macarıstan-Azərbaycan dostluğu və əməkdaşlığı, ümumiyyətlə, qarşılıqlı əlaqələrin böyük etimada əsaslandığını hər addımda sübut etməkdədir. Bolqarıstan Respublikasının Avropa bazarlarında Azərbaycanın karbohidrogen  ehtiyatlarına bəslədiyi maraq iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də ölkələrarası münasibətlərdəki dostluq və həmrəyliyin də əyani təzahürüdür.

Bütün bunlar müstəqil Azərbaycan dövlətinin hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə Avropa Şurasının üzvlüyünə qəbul edilməsi ilə nəticələnmişdir. Hələ bir çox Avropa dövlətinin Avropa Şurasına qəbul edilməsi məsələlərinin müzakirə prosesində olduğu bir dövrdə Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbul edilməsi dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin parlaq təntənəsidir. Avropa Şurasının qarşısında Azərbaycanın Dövlət bayrağının dalğalandırılması Heydər Əliyev dühasının əməli əsəridir. Sovet hakimiyyəti illərində Azərbaycan Respublikasını Sovetlər İttifaqının ən ali orqanı olan Siyasi Büro səviyyəsinə qaldıran görkəmli dövlət xadimi Heydər Əliyev müstəqillik dövründə də respublikamızı Avropa Şurası miqyasına çatdırmışdır. Bu tarixi hadisələr Heydər Əliyev dühasının genişliyini, böyüklüyünü əyani şəkildə təsəvvür etməyə imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Avropa Şurası səviyyəsində inkişafını daha da genişləndirmək istiqamətində məqsədyönlü şəkildə iş aparmaqla ölkəmizə əlavə imkanlar, yeni dostlar və tərəfdaşlar qazandırır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərlik etməsi müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən böyük uğurudur.

Bütün bunlarla bərabər, görkəmli dövlət xadimi Heydər Əliyevin beynəlxalq münasibətlərə dair siyasətində və fəaliyyətində Asiya faktoruna da daim yüksək diqqət yetirilmişdir. Ulu Öndərin Azərbaycan Respublikasının Asiya ölkələri ilə əlaqələrə müsbət münasibəti müstəqillik dövründə Avropa Şurası tərəfindən həyata keçirilməsinə başlanılan Şərq tərəfdaşlığı siyasətinin müddəaları ilə səsləşdiyindən Qərbdən də dəstək almışdır. Geniş mənada Asiya ölkələri ilə əlaqələrin uğurla davam etdirilməsi  həm də müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Şərq dünyasına verdiyi xüsusi önəmin də nəticəsi idi.

Asiya istiqamətində Heydər Əliyevin atdığı ilk böyük addımlar müstəqil Azərbaycan dövlətinin İran İslam Respublikası ilə çoxcəhətli əlaqələrinin yaradılması ilə başlanmışdır. Ulu Öndərin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən İran İslam Respublikası ilə yaratdığı möhkəm əlaqələr geniş mənada müstəqil Azərbaycanın Asiyaya, Şərqə doğru münasibətlərinin möhkəm əsaslarını təşkil etmişdir. Dövlət  müstəqilliyinin başlanğıc dövrünün ən gərgin zamanlarında Heydər Əliyevin İran İslam Respublikasının ozamankı rəhbərləri ilə tarixi görüşləri, əldə etdiyi razılaşmalar, imzaladığı mühüm tarixi əhəmiyyətə malik sənədlər, açdığı yollar həm ağır blokada şəraitində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasını Ermənistanın haqsız təcavüzlərindən qorumuş, iqtisadi böhrandan xilas etməyə xidmət etmiş, həm də bu əbədi qonşu ölkə ilə qarşılıqlı etibarlı münasibətlərin möhkəm əsaslarını formalaşdırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm və etibarlı qonşuluq siyasətində İran İslam Respublikası ilə çoxcəhətli əlaqələrə xüsusi diqqət yetirməsi, bu ölkə ilə bir çox dövlətlərarası beynəlxalq layihələrin həyata keçirilməsinə ciddi fikir verməsi əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş müdrik siyasətin yeni tarixi şəraitdəki uğurlu davamıdır. Bu gün Azərbaycan-İran əlaqələri bütün sahələr üzrə sürətlə inkişaf edir və hər iki ölkə bu əlaqələrdən qarşılıqlı şəkildə faydalanır.

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Əfqanıstan, Banqladeş və sair Şərq müsəlman ölkələri ilə geniş əlaqələri Asiya ilə əlaqələrin miqyasında daha da genişləndirilmişdir. Asiya ölkələri ilə əlaqələrdə islami dəyərlər amilinin nəzərə alınması həm də müstəqil Azərbaycan dövlətində keçmiş sovet dövlətindəki ateizm təbliğatından fərqli olaraq, ölkəmizdə islam-müsəlman sivilizasiyası amilinə diqqət yetirilməsini də gündəmdə saxlamağın nəzərə alınmasını şərtləndirmişdir. Ümummilli Lider Heydər Əliyevin müqəddəs Kəbə ziyarətinə getməsi, Bakıda Bibiheybət məscidinin memarlıq əsəri kimi yenidən inşasını təmin etməsi, Naxçıvanda Kazım Qarabəkir məscidinin açılışında nitq söyləməsi dünyəvi dövlət olan Azərbaycanda islam dininin rolunu, yerini və əhəmiyyətini dəqiq müəyyən edib inkişaf etdirməyə nümunə sayılmağa layiqdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda VIII əsrdə tikilmiş qədim Şamaxı məscidini əsaslı şəkildə yenidən qurması, din-dövlət münasibətlərində tolerantlığı ön mövqeyə çəkməsi, müqəddəs Kəbəni ziyarət etməsi Azərbaycanda yeni cəmiyyət quruculuğunda böyük ənənələrin yaradıcı şəkildə inkişaf etdirilməsinin parlaq nəticəsidir. Artıq Azərbaycan Respublikası dünyada həm mədəniyyətlərarası, həm də dinlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilmişdir.  Dünya dini liderlərinin birinci və ikinci sammitlərinin Azərbaycanda keçirilməsi bu istiqamətdə aparılan uğurlu dövlət siyasətinin təntənəsidir. Bu, dünya dövlətləri içərisində Azərbaycanın nüfuzunun daha da artmasına meydan açmaqla bərabər, Azərbaycanda multikulturalizm və tolerantlığın daha da inkişaf etdirilməsinə özünün böyük töhfələrini vermişdir.

Azərbaycan-Pakistan əlaqələrindəki qarşılıqlı etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətləri də xüsusilə yüksək qiymətləndirilir. Həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Pakistana səfərləri, Pakistanın dövlət rəhbərlərinin Azərbaycanda imzaladıqları sənədlər, əldə etdikləri razılaşmalar bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər açmışdır. Pakistanla ölkəmizin hərbi, iqtisadi, diplomatik, mədəniyyət sahələrində atdığı birgə addımlar hər iki ölkə üçün əhəmiyyətli olmuşdur. Bu gün Azərbaycan üçün Pakistan ən etibarlı və əhəmiyyətli bir tərəfdaş ölkədir və dövlətlərarası münasibətlərimiz ardıcıl surətdə inkişaf etməkdədir.

Müstəqil Azərbaycan Respublikasının Asiyanın böyük dövlətləri ilə əlaqələrinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi Heydər Əliyevin 7-10 mart 1994-cü il tarixdə Çin Xalq Respublikasına səfəri əslində qədim İpək yolunun bərpası və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından müstəsna dərəcədə əhəmiyyətli hadisə idi. Səfər zamanı Çin Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etməsi həmin tarixi dövrün mühüm əhəmiyyətə malik hadisəsi idi. Bundan başqa, Çin səfəri çərçivəsində sərmayələrin təşviqi, turizm, elmi-texniki əlaqələr, hava nəqliyyatı əlaqəsi, səhiyyə, teleradio sahələrində qarşılıqlı əməkdaşlığa dair imzalanmış sənədlər dövlətlərarası münasibətlərin mühüm bünövrəsini təşkil etmişdir. Ölkə rəhbəri Heydər Əliyevin səfər zamanı 9 mart 1994-cü ildə Pekin İctimai Elmlər Akademiyasındakı nitqində deyildiyi kimi, "Çin ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının perspektivlərini müəyyənləşdirən mühüm addımlar atılmışdır. Bu, dostluq əlaqələrimizin gələcək inkişafının proqramıdır. Bütün bunlar Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi deməkdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri (mart 2005, avqust 2008; avqust 2014; dekabr 2015) bu böyük Asiya dövləti ilə əlaqələrin üfüqlərini daha da genişləndirmişdir. Azərbaycan Respubilkasının Çin Xalq Respublikası ilə əlaqələri tarixi İpək yolunun Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Dəmir İpək yoluna çevrilməsi ilə nəticələnmişdir. Azərbaycan dövlətinin indiki çətin pandemiya dövründə Çin Xalq Respublikası ilə qarşılıqlı şəkildə əməkdaşlıq etməsi ölkələrimiz arasındakı etibarlı dostluq və əməkdaşlıq münasibətlərinin mühüm bir göstəricisidir. Koronavirus bəlası ilə mübarizədə göstərdiyi dəstəyə və həmrəyliyə görə Çin Xalq Respublikasının Prezidenti Si Cinpinin Azərbaycan Respublikasına xüsusi təşəkkür məktubu göndərməsi bu dev ölkə ilə əlaqələrimizin qarşılıqlı bir dostluq münasibətlərinə çevrildiyini nümayiş etdirir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Asiya siyasətində Yaponiya ilə əlaqələrin qurulub inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi xüsusi yer tutur. Görkəmli dövlət xadimi Heydər Əliyevin 24-28 fevral 1998-ci il tarixdə Yaponiyaya rəsmi səfəri Azərbaycan Respublikasının Asiya qitəsindəki tərəfdaşlığının daha da genişləndirilməsinə səbəb olmuşdur. Bu səfərdə də Heydər Əliyev Yaponiyanın ölkəmizin ərazi bütövlüyünü tanıması haqqında bəyanatının səslənməsinə nail olmuş, iqtisadi-mədəni əməkdaşlığın yeni üfüqlərini açmışdır. Yaponiyanın dünyada qəbul edilmiş firmaları və şirkətləri ilə Azərbaycan Respubilkasının əlaqələrinin yaradılması, mühüm sazişlərin bağlanması, neft sektorunda əməkdaşlığın müəyyən olunması o dövr üçün böyük əhəmiyyətə malik olan hadisələrdir.

Prezident İlham Əliyevin 17-10 mart 2006-cı il tarixdə gündoğar ölkəyə - Yaponiyaya rəsmi dövlət səfəri ölkələrarası münasibətləri yeni səviyyəyə qaldırmışdır. Bundan sonra Yaponiya kapitalı Azərbaycanda müxtəlif sahələrdə daha aktiv şəkildə iştirak etməyə başlamışdır. Yaponiyanın Azərbaycanda həyata keçirdiyi sosial layihələr qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə güclü təkan vermişdir. İqtisadi sahə, neft sektoru ilə bərabər, turizm və humanitar istiqamətlərdə Yaponiyanın ölkəmizdə icra etdiyi mədəniyyət layihələri ölkələrarası münasibətlərin əhəmiyyətli çalarlarına çevrilmişdir.

Eyni zamanda Asiya qitəsində özünəməxsus mövqeyə malik olan Hindistan, Cənubi Koreya, Vyetnam, İndoneziya, Malayziya, Sinqapur və başqa ölkələrlə əlaqələrin yaradılması və inkişaf etdirilməsi də Şərq ölkələri ilə əlaqələrin genişləndirilməsinə dair Heydər Əliyev strategiyasının uğurlu davamıdır. Şərq ölkələri ilə çoxcəhətli əlaqələr ölkəmizin iqtisadi-mədəni inkişafında və əməkdaşlıq sahəsində mühüm nailiyyətlərin qazanılmasına əhəmiyyətli töhfələr verməkdədir.

Müstəqil Azərbaycan Respublikası Şərqlə Qərb arasında möhkəm və etibarlı  körpü funksiyasını həyata keçirir. Bu, Azərbaycanda dövlət müstəqilliyinin mühüm nailiyyətidir.

 

Rza TALIBOV,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, dosent