Xarici siyasətimiz milli maraqlara, beynəlxalq hüquqa əsaslanır

Pərviz SADAYOĞLU

Müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasətində daim xoş məram nümayiş etdirir. Respublikamız indiyədək özünün geniş imkanlarına əsaslanaraq regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə sanballı töhfələr verib. Ən əsası isə hər zaman beynəlxalq hüquq və onun təmin olunması, ədalət prinsipi Azərbaycan üçün mühüm əhəmiyyət daşımaqdadır. 30 ilə yaxın işğaldan əziyyət çəkən, beynəlxalq aləmin ikili standartları ilə qarşılaşan Azərbaycan dövləti bütün beynəlxalq münaqişələrin ədalət və hüquq çərçivəsində həllinə tərədfar olduğunu bildirir. Məsələn, Azərbaycan hər zaman ölkələrin ərazi bütövlüyünü dəstəkləyir, problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirir. ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, mən fəxr edirəm ki, biz Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik, böyük ağacların arxasında gizlətmirik. Nə demək istədiyimizi deyirik: “Bəli, bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir”.

Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi-siyasi ekspert Elçin Axundzadə qeyd edib ki, Azərbaycanın milli maraqlara əsaslanan, eləcə də müasir çağırışları özündə ehtiva edən xarici siyasət kursu bütün məqamlarda beynəlxalq hüquqa söykənir. Aparılan bu praqmatik siyasət isə qlobal miqyasda ölkəmizə böyük nüfuz qazandırıb və respublikamızın beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib: “Bu gün Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan dövləti regionda yeni siyasi reallıqlar formalaşdırdı. Bu reallıqlar isə qlobal müstəvidə əməkdaşlığın inkişafını, təhlükəsizliyn təmin olunmasını özündə əks etdirməkdədir. Son bir neçə ayda post-Sovet məkanında baş verən bəzi hərbi-siyasi qarşıdurmalar bir sıra həqiqətləri üzə çıxardı. Azərbaycan regionun aparıcı siyasi-iqtsadi aktoru olmasına, o cümlədən Rusiya ilə strateji müttəfiqlik sənədi imzalamasına baxmayaraq, növbəti dəfə beynəlxalq hüququn prinsiplərini əsas götürdüyünü bəyan və nümayiş etdirdi. Çünki 30 ilə yaxın müddətdə Azərbaycan beynəlxalq ədalətin bərpasına nail ola bilməyib. Hətta BMT TŞ-nın 4 qətnaməsi olmasına baxmayaraq, ərazi bütövlüyümüz təmin olunmadı. Azərbaycan öz xalqının, Ali Baş Komandanının, Ordusunun gücü ilə, əzmi ilə həm ərazi bütövlüyünü, həm də beynəlxalq hüququn prinsiplərini təmin etdi. Bu gün də Azərbaycan öz yolunu, milli maraqlara əsaslanan dövlət siyasətini uğurla davam etdirir”.

E.Axundzadə onu da vurğulayıb ki, Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesində vasitəçi kimi də öz rolunu təklif edib. Hətta bununla bağlı tərəflərlə görüş də keçirilib. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu göstərir. Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə hər zaman etimad göstərilir. Bu inam və etibar isə aparılan düzgün siyasət kursunun nəticəsidir.