Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, dünya elm və mədəniyyət xəzinəsinə öz dəyərli töhfələrini vermişlər. Belə qadınlarımızın sayı çoxdur. Onlardan biri də xalqın yaddaşında novator və istedadlı alim, bilikli və bacarıqlı həkim, tanınmış ictimai xadim, gözəl və qayğıkeş ana, sədaqətli ömür yoldaşı, etibarlı dost, səmimi insan , eyni zamanda nümunəyə çevrilən Zərifə xanım Əliyevadır.
Bu təmkinli, səbirli, dözümlü qadın biliyi, bacarığı, müdrik söhbətləri, duzlu zarafatları, səmimi, xoş rəftarı ilə, ətrafındakılara şəfqəti, mərhəməti ilə hamının rəğbətini qazanmışdı. Azərbaycan qadınlarının bütün gözəl keyfiyyətlərini özündə birləşdirmiş Zərifə xanım insanlara təmənnasız sevgi bəxş etmişdi. Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyevlə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir xalqın Milli Liderinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşıyır, Ulu Öndərin inam və etibarını hər addımında doğruldurdu. Onun Zərifə xanımla bağlı xatirələrində də bunu aydın görmək olur: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Qeyd etmək lazımdır ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. O, həmçinin SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı idi. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi. Sovet Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın idi. Keçmiş SSRİ Qadınlar Komitəsinin sədr müavini (sədr ilk kosmonavt qadın- Valentina Tereşkova idi) kimi qadın hərəkatına mühüm töhfələr vermişdir.
Vətənə, valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək mənəvi keyfiyyətlərə malik uşaqların böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri yandırırlar. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. Bu gün ruhu şaddır ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları böyük Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Azərbaycanın Prezidenti cənab İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin bütün dünyada lider dövlətə çevrilməsini təmin edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir. Ömrünün son günlərinədək hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqına xidmətə yönəldən, ətrafına nur saçan ziyalı kimi tanıdığı Zərifə xanım bu gün də yaddaşlarda ilahi duyğulara malik qadınlıq meyarı kimi yaşayır. O, baharda doğulmuş, elə baharda da dünyasını dəyişmişdi. Zərifə xanım az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük işlər gördü. Xalqımız öz vətənpərvər, istedadlı, nəcib qızının xatirəsini həmişə əziz tutur və böyük ehtiramla yad edir.
Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova