Bakıda yollarda yüksək səslə musiqi dinləyən sürücülərə tez-tez rast gəlinir. Bəzən hərəkətdə olan maşının pəncərəsindən bədənini yarıya kimi bayıra çıxarıb müxtəlif hərəkətlər edilməsi halları da baş verir.
Sabahinfo.az xəbər verir ki, hadisə ötən gün paytaxt ərazisində də qeydə alınıb.
Belə ki, avtomobildən ətrafa yayılan səsi uzaq məsfədadən belə eşitmək mümkün olub. Bir neçə xanımın avtomobildən bədənlərini çölə çıxararaq müxtəlif hərəkətlər etməsi birmənalı qarşılanmayıb.
Bu kimi hallar baş verdiyi halda sürücüləri hansı cəzalar gözləyir? Ümumiyyətlə avtomobil idarə edərkən musiqiyə həddən artıq səs vermək olarmı? Avtomobil hərəkətdə olarkən bədən hissələrini şüşədən çıxarmaq qanun pozuntusu sayılırmı?
Bu suallara cavab tapmaq üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis daxil olmuş müraciət əsasında məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri həyata keçirir:
"Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tədbiq edə bilər".
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli BAKU.WS-ə deyib ki, hər bir halda sürücü sərnişinlərin təhlükəsizliyinə cavabdehdir: "Sürücü nəqliyyat vasitəsində sərnişinləri bu şəkildə daşımaqla onların həyat və sağlamlıqlarını təhlükə altına atır. Sərnişinlərin özlərinin də səhlənkarlığa yol verərək fərqinə varmadan etdikləri hərəkətlər digər hərəkət iştirakçıları üçün ciddi qəza riski yaradır ki, bu da yolverilməzdir.
İstər sürücülər, istərsə də sərnişinlər qaydalara ciddi şəkildə riayət etməlidirlər. Unutmaq olmaz ki, yol hərəkəti qaydalarına biganəlik sonda xoşagəlməz halların baş verməsinə səbəb ola bilər.
Məlum video ilə bağlı sürücü və sərnişinlərin məsuliyyəti müəyyənləşdirilərək barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə uyğun olaraq məlum videodakı sürücünü 80 manat cərimə və 3 cərimə balı gözləyir. Sərnişinlər isə müvafiq maddə ilə 30 manat cərimələnə bilər.