Mayın 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda, mayın 24-ü gündüzdən 27-dək isə Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Mayın 24-ü gündüzdən 26-sı gündüzədək şərq küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.