Xızı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevral ayının 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də YAP Xızı rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra  cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvləri Əzət Qarayev, Svetlana Rüstəmova və Xanbaba Əzimov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, dövlətə və xalqa sədaqət andını - bütün vədlərini gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli Liderdir. Dövlət rəhbəri  uğurlu siyasəti nəticəsində Zəfər tarixi yazaraq yeni reallıqlar yaratdı.

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.       

Seçicilər fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.