Xocalı Soyqırımı Günü

31 il öncə baş vermiş Xocalı Soyqırımı Azərbaycan tarixinin, ümumən bəşər tarixinin ən dəhşətli, amansız insanlıq dramlarından biridir. Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq hüquq norma və prinsiplərini çox kobudcasına pozaraq, ən sıravi insanın belə malik olduğu hisslərə arxa çevirərək, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Bu qəddarlıq, vandallıq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə baş tutdu. Ancaq ermənilərin içüzünü, özkeçmişini az-çox bilən hər kəs (dinindən, dilindən, irqindən, coğrafiyasından və s. asılı olmayaraq hər bir vicdanlı insan) təsdiq edər ki, Xocalı Soyqırımı yalnız 366-cı alayın, yalnız “Dağlıq Qarabağ”dakı bir ovuc separatçının, və yalnız Ermənistan siyasi-hərbi rəhbərliyinin deyil, bütün dünya erməniliyinin və şəryanlıların ortaq “əsər”idir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Bəli, bu insanlıq dramı bütün bəşəriyyətə qarşı tarixi cinayət idi və hər hansı bir bəraəti yoxdur. “Hər halda bu dünyada haqq var və o haqq zordan üstünür” (Atatürk). – Əzəl-axır dünya erməniliyi, ilk növbədə Ermənistan adlanan respublikanın rəhbərliyi və xalqı idrak edəcək, qəbullanacaq ki, Azərbaycanla normal münasibətlər olmazsa olmazdır və bununçün təməl şərtlərdən biri Xocalı Soyqırımına münasibətdə etirafçı, ədalətli davranmaqdır. Haqqın zor üzərində təntənəsini biz 44 günlük müharibədə dəqiq gördük. Gördük ki, biz Xocalının qisasını aldıq və məhz hərb meydanında, işğalçı orduya münasibətdə aldıq. Biz ləyaqətli müharibə apardıq, uşaq, qadın, qoca, ümumən mülki şəxslərə silah tuşlamadıq. Bu, bir xarakter məsələsidir. Ən sadə cümlələrlə desək, biz erməni deyilik!

Xocalı Soyqırımı qurbanlarının xatirəsini Azərbaycan Respublikası, Dünya azərbaycanlıları, ümumən haqqpərvər, sülhpərvər, ədalətli insanlar hər yerdə hər zaman əziz tutur, ehtiramla yad edir. Ümummilli lider Heydər Əliyevin 26 il öncə - 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Bakıda, respublikamızın digər şəhər-rayonlarında, qardaş Türkiyədə Xocalı Soyqırımı ilə, şəhidlərimizin adı ilə bağlı çoxsaylı abidələr, yer adları var. 16 dövlət – Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala, Latviya, həmçinin ABŞ-ın 24 ştatı Xocalı Soyqırımını tanıyıb.

2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı Soyqırımının tanınması yönündə zəruri səylər göstərməyə çağırılıb. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “Müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbəri olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyası artıq dünyanın dörd bir yanında geniş əks-səda verib, ciddi nəticələr doğurub. Bu, beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanımın təşəbbüsü ilə 2008-ci ildə başlanıb. Kampaniya bir çox ölkədə səmərəli şəkildə fəaliyyət göstərir. Yüz minlərlə insan, 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Çoxsaylı nəşrlər araya-ərsəyə gətirilib, kitabxanalara, digər müvafiq ünvanlara göndərilib. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar, digər uyğun tədbirlər kampaniyanın öz məqsədlərinə çatması üçün istifadə olunan səmərəli vasitələrdəndir. “Xocalıya ədalət” kampaniyası acı faktları müxtəlif dillərdə dünyaya yayır.

Artıq dünyada milyonlarla insan bilir ki, Xocalı Soyqırımı törədilərkən 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 Xocalı sakini girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək bəlli deyil. Şəhər yerlə-yeksan edilib. Həmin dəhşətli gecə 487 nəfər Xocalı sakini ömürlük şikəst edilib və onlardan 76 nəfəri uşaq idi. 8 ailə son nəfərinədək öldürülüb, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Bax, XX yüzil sonlarında belə bir dəhşətli soyqırım, vandalizm aktı törətmiş ermənilər, Ermənistan və havadarları nə üzlə bizi nədəsə qınaya, suçlaya bilər? Amma belə cəhddə bulunanlar olub, bu gün də var. Təsəvvür edin: Xankəndi-Laçın yolunun Şuşa səmtində ekofəallarımızın haqlı aksiyasını “blokada” kimi qiymətləndirən “zehniyyət” hansı haqq-hüquqla bizi “birgə yaşayış”a çağıra bilər və biz belə yaramazlarla necə ortaq qərara imza ata bilərik. Çox şükürlər, indi qüdrətli ordumuz, Müzəffər Ali Baş Komandanımız, dövlət-xalq birliyimiz var və kimsə bizi nəyəsə vadar edə bilməz. Ən böyük təsəllimiz də budur. Təsəlli tapırıq ki, 44 günlük müharibədəki şanlı, ləyaqətli Zəfərimizlə Xocalı şəhidlərinin, bütün dövrlərdəki şəhidlərimizin ruhunu şad etmişik, dünyaya qürurlu xalq olduğumuzu sübut etmişik.

Əlbəttə, biz indi Xocalıya hər mənada daha yaxınıq. Xocalıda Azərbaycan bayrağının ucaldılacağına heç vaxt şübhəmiz olmayıb, son 3 ildə isə inamımız konkretləşib, real müstəvi üzərində maddiləşib.

Xocalı əbədi olaraq Azərbaycan bayrağı altında yaşayacaq və heç vaxt Soyqırımı unutmayacaq!

DÖVLƏTİMİZ VAR OLSUN!

QƏNİRƏ PAŞAYEVA
MİLLİ MƏCLİSİN DEPUTATI