Yaddaşımızda əbədi yaşayan liderimiz

Hər bir tarixi hadisənin  aparıcı qüvvəsi xalqdır. Xalqın istəyini reallaşdıran,  arzularını gerçəkləşdirmək  gücünə malik  şəxsiyyət isə xalqın lideridir. Əbəs deyil ki, millətlərin və xalqların taleyində həlledici rol oynayan,  xalqını və dövlətini xilas edən, millətini millətlər içində tanıdan liderlərin adı tarixin  yaddaşında  əbədi yaşayır. Tanrının seçilmiş bəndələri olan şəxsiyyətlər Ümummilli Lider, Böyük öndər, dahi, müdrik siyasətçi, millətin atası kimi statuslar qazanırlar: Ulu öndər,  görkəmli dövlət xadimi və böyük strateq Heydər Əlirza oğlu Əliyev kimi!  

Məlum olduğu kimi, 2023-cü il  Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli  siyasi və dövlət xadimi Heydər Əliyevin ilidir. Böyük Öndərin anadan olmasının 100 illik yubileyi  münasibətilə ölkəmizdə   "Heydər Əliyev İli"   dövlət səviyyəsində qeyd olunur. Əlbəttə, bu tarixi hadisəni şərtləndirən ölkə, dövlət əhəmiyyətli amillər mövcuddur. 

Qüdrətli şəxsiyyətin istər Azərbaycana rəhbərliyinin birinci dövrünə, istərsə də ötən əsrin 90-cı illərindəki fəaliyyətinə nəzər salanda onun Vətən, Torpaq, Azərbaycançılıq ideologiyası naminə göstərdiyi misilsiz xidmətlərinin, fədakarlığının,  həyata keçirdiyi fundamental daxili və xarici siyasətin şahidi oluruq:

-  Ulu öndərin yenidən hakimiyyətə qaydışı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsindən xilas etdi 

- Uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin qorunması kimi taleyüklü məsələni kökündən həll etdi 

- Ölkəmizdə həyata keçirilən quruculuq işləri, neft sənayesinin inkişafı, sosial-iqtisadi strategiya rifahın, tərəqqinin əsasını qoydu 

- Müdrik siyasəti sayəsində mümkünsüz sayılan ən çətin layihələri  həyata keçirərək sarsılmaz bünövrəyə malik bir dövlət qurdu

Bugünkü Azərbaycan dövləti həmin fundamental bünövrənin  üzərində daha da güclənərək inkişaf edir, Ulu Öndərin dediyi kimi, "Azərbaycan dünyaya günəş kimi doğur".  

Dünyanın nüfuzlu siyasətçilərinin  Ümummili Lider Heydər Əliyevi  tarixi şəxsiyyətlərlə bir sırada şərh etməsi   Heydər Əliyev şəxsiyyətinə beynəlxalq miqyasda verilən qiymətdir. Lakin ona ən böyük qiyməti, yolunda canını fəda etdiyi Azərbaycan xalqı və dövləti verdi: Ümummilli Lider, Ulu Öndər!

Yuxarıda qeyd olunduğu kimi, bu gün hansı sahədən, hansı uğurdan, hansı zəfərdən danışsaq, orda Heydər Əliyev izi, Heydər Əliyev siyasətinin bəhrəsi var.  Azərbaycan adının dünyanın siyasi xəritəsindən silinmək  təhlükəsi ilə üzbəüz qalanda, Heydər Əliyev xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdanda DQ  ərazisi erməni separatçıları tərəfindən işğal edilmiş, ölkə vətəndaş müharibəsi girdabına sürüklənmişdi.   Dünya miqyasında siyasi reytinqi sıfıra bərabər olan, müstəqilliyini yenicə əldə edən bir ölkənin yalnız  Heydər Əliyev kimi bir müdrik siyasətçiyə ehtiyacı vrdı.  Belə bir tarixi məqamda  Heydər Əliyevin hakimiyyətə qayıdışı  Azərbaycanın  böyük şansı, Tanrının xalqımıza lütfi idi. O vaxtdan başlayaraq iqtisadi və siyasi platformalarda həyata keçirilən misilsiz layihələr Azərbaycanı bugünkü durumuna addım-addım yaxınlaşdırırdı...

Heydər Əliyev  100 minlərlə şəhidin qanı ilə suvarılmış Azərbaycan torpaqlarının bütövlüyünü qorumaq, milliyyətindən-dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək,  xalqın sosial vəziyyətini yaxşılaşdırmaq, müstəqil Azərbaycanı dünya birliyinin tam hüquqlu üzvü etmək üçün uzun və çətin bir yola çıxdı. Bunu dərk edən xalq Azərbaycan dövlətçiliyini və müstəqilliyini qorumaq üçün ən çətin məqamlarda, dövlət çevrilişinə edilən cəhdlər zamanı öz liderinin çağırışına səs verib, dövlət-xalq  həmrəyliyini qorudu, müdafiə etdi. 30 ilə yaxın keçən bu zaman kəsiyində qazanılan və qorunan hər bir dəyər birmənalı şəkildə əbədiyaşar liderimizin adı ilə bağlıdır.  Xalqımız xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünya ictimaiyyətinin hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var.  Hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti  adı tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhəsiz ki, xalq öz liderini tarixində və qəlbində əbədi yaşadacaq. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcəkdir. 

Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət misilsiz xidmətləri ilə hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyev, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun həyata keçirə bilmədiyi idealları tarixə çevirir. 

Fakt: Ulu Öndərin davamçısı 44 günlük savaşda  Azərbaycan tarixinə  ZƏFƏR yazdı. Tarixə  qızıl hərflərlə yazılmış bu ZƏFƏR  xalqın yaddaşında əbədi iz qoydu. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti, dünya azərbaycanlılarının lideri, qalib Sərkərdə, Ali Baş Komandan  İlham Əliyevin  ötən ilin sentyabrında  "Heydər Əliyev ili"ylə bağlı imzaladığı     sərəncam həm də  şərti xarakter daşıyır. Çünki ölməz liderin ideyaları və əməlləri hər hansı bir məhdudiyyət tanımır. Onun zamanı  əbədiyyətə qədər davam edəcək. Necə ki, Ümummili Liderimiz özü də buna inanır və deyirdi: "Mən Azərbaycanda əbədi olacağam".

Afət Həsənova

Tibb üzrə fəlsəfə doktoru, dosent,

Yeni Azərbaycan Partiyasının üzvü,  "Tərəqqi" medallı