YAP funksioneri deputatların davasından DANIŞDI

Mayın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 30 illiyinə həsr olunmuş Zirvə toplantısı keçirilib. Təşkilatın plenar sessiyasında, həmçinin Büro və Daimi komitə iclaslarında iştirak etmək üçün üzv ölkələrin nümayəndə heyətləri Ankarada bir araya gəlib.

İclaslarda “QDİƏT PM-in 30-cu ildönümü: ümumi coğrafiya, ümumi baxış və gələcək”, “Qlobal dəyişikliklərin dinamikasında parlament diplomatiyasının rolu: inkişaf, sülh və sabitlik” və gündəliyinə daxil olan digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.  

Sammit çərçivəsində Rusiya və Ukrayna deputatları arasında insident yaşanıb. Belə ki, Ukrayna Ali Radasının deputatları Rusiya nümayəndə heyətinin çıxışını pozmağa cəhd edib.

Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Olqa Timofeyeva çıxışı zamanı pencəyinə “Müqəddəs Georgi lenti” sancıb. Ukrayna rəsmiləri onun çıxışına mane olmağa çalışıblar. Rusiya nümayəndə heyətinin üzvləri isə ukraynalıların hərəkətlərinin qarşısını almağa cəhd göstərib. Nəticədə tərəflər arasında dava düşüb.

Milli Məclisin QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü Elşad Mirbəşiroğlu Ankarada baş verən insidentlə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

Onun sözlərinə görə, Ukrayna tərəfi sammitin reqlamentini pozmağa çalışırdı: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinə bu dəfə Ankara ev sahibliyi edirdi. Sammit iqtisadi əməkdaşlığın artırılmasında əlverişli platforma hesab edilir. Bu çərçivədə Ankarada çox ciddi məsələlər müzakirəyə çıxarıldı. Amma bununla bərabər Ukrayna və Rusiya deputatları arasında insident yaşandı.

Mənim gördüyüm odur ki, Ukrayna tərəfi məsələləri tam siyasi müstəviyə çıxarmağa çalışırdı. Təşkilatın reqlamentinə uyğun gəlməyən davranışlara yol verirdilər. Əsas insident Ukrayna tərəfinin Rusiya nümayəndələrinin danışıqlarını kəsməsindən sonra yaşandı. Ukrayna nümayəndə heyəti rusiyalı deputatları günahlandırmağa çalışırdı. Moderator onları sakitləşdirmək istəsə də, mümkün olmurdu. Eşitdiyimizə görə, ukraynalı deputat rusiyalı həmkarına hücum etmişdi. Rusiyalı deputat xəstəxanaya yerləşdirilmişdi. Bütün hallarda Ukrayna deputatları ölkələrinin bayraqlarını önə çəkməyə çalışırdı. Bununla da Ukrayna nümayəndə heyəti nizam-intizama dəvət olunurdu. Sammit çərçivəsində mənim gördüyüm bundan ibarət idi”.  

Deputat, həmçinin Azərbaycan nümayəndə heyətinin erməni deputatların ittihamlarına tutarlı faktlarla cavab verdiyini söyləyib. “Ermənistan həmişəki kimi köhnə mövqeyində qalmaqda idi. Ermənistan nümyəndə heyətinin sədri əsassız iddialar səsləndirməyə çalışırdı. Azərbaycan tərəfi arqumentlərlə onların cavablarını verdi. Onlar Azərbaycan nümayəndə heyətinin sərt mövqeyi ilə susmalı oldular. Simonyanın "Laçın dəhlizi"nin bağlanmasına dair manipulyasiyalarına tutarlı cavablar verildi. Tərəflər arasında Rusiya və Ukrayna nümayəndələri kimi insident yaranmadı. Sammitdən kənar danışıqlar aparılmadı”,- deyə o bildirib.