YAP nazirliklə birgə aksiya keçirdi

Aprelin 23-də Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Yer Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Bakı-Şamaxı  yolunun Müşfiqabad qəsəbəsi ərazisində keçirilən aksiyada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatları, YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin üzvləri, Mərkəzi Aparatının əməkdaşları, partiya fəalları və ETSN-nin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsi ərazisində 3 hektar sahədə 2000-dən çox müxtəlif növ ağaclar, əsasən zeytun və eldar şamı əkilib.

Qeyd edək ki, Beynəlxalq Yer Günü 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Hər il Beynəlxalq Yer Günü ilə əlaqədar dünyada milyonlarla insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağac əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir.