Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayından 2 il keçir. İllərdir ki, partiyamız regionun ən güclü siyasi partiyası olaraq liderliyini saxlayır. Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
Ölkəmizdə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü keçirilir. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi formal xarakter daşımayır. Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanı müdafiə edirlər. Ölkəmizdə aparılan siyasi dialoqun böyük əhəmiyyəti var. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün dialoq önəmli amildir.
Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, Partiyanın fəaliyyətinin təbliği, o cümlədən həyata keçirilən tədbirlərin və layihələrin geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür. Dövlət başçısı, Partiyanın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin görüşləri, çıxışları və müsahibələri YAP-ın rəsmi internet saytında mütəmadi olaraq yayımlanmış, millət vəkillərinin, Partiya fəallarının, dövlət nümayəndələrinin və ekspertlərin iştirakı ilə canlı yayım formatında müzakirələr aparılmış, şərhlər və müsahibələr təqdim olunmuşdur.
Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır. YAP sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. 2022-ci ilin 22 noyabr tarixində Bakıda “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda İCAPP ilə birgə beynəlxalq konfrans keçirilmişdir. Bundan əlavə, YAP Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) İcra Komitəsinin və Baş Assambleyasının beş onlayn iclasında təmsil olunmuşdur.
YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır.
Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.
Hakim partiyanın siyasi-iqtisadi əlaqələrindən söz açarkən humanitar fəaliyyətini də önə çəkmək yerinə düşər. Ölkədə etdiyi saysız-hesabsız humanitar yardımlarla yanaşı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım da partiyamız üçün prioritetdir. Təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib.
Yekunda qeyd etmək yerinə düşər ki, VII qurultayından keçən 2 il müddətində YAP daha da inkişaf edib, fəaliyyət istiqamətini genişləndirib.
Məşhur Məmmədov
Milli Məclisin deputatı