YAP xalqın dəstəyinə arxalanır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun rayonun Aşağı Noxudlu və Yuxarı Noxudlu kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, ümumxalq partiyası olan YAP-ın yarandığı dövrdən indiyə qədər Azərbaycanın tərəqqisi naminə çalışdığını deyib: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artır”.

Sonra deputatlığa namizəd Sadiq Qurbanov çıxış edərək Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmiş YAP-ın qazandığı uğurlardan bəhs edib. O qeyd edib ki, Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu var: “Əsası Ulu Öndər tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atan YAP ölkəmizin və regionun ən böyük siyasi təşkilatıdır. Bu baxımdan, YAP-ın iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də qələbə qazanacağı şübhəsizdir”.

Həmçinin, görüşdə təşviqat qrupunun üzvləri Saleh Əzizov, İdris Əzizov, kənd sakinləri Mirlazım Mustafayev, Eldar Sadıqov və digərləri çıxış edərək YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamlarını ifadə ediblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd S.Qurbanov rayonun Aşağı Noxudlu və Yuxarı Noxudlu kəndlərində sakinlərlə fərdi görüşlər də keçirib.