2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt şəhər 8-ci və 12-ci mikrorayonların müxtəlif ünvanlarında seçicilərlə görüşləri keçirilib.
Görüşdə çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli bayrağımız bütün ərazilərimizdə ucaldılıb: “Hazırda ölkəmiz regionda iqtisadi inkişafına görə lider ölkə olmaqla yanaşı, sabitlik və təhlükəsizlik adası olaraq tanınır. Ölkəmizdə dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi prioritet olan hədəflərdəndir”.
Daha sonra deputatlığa namizəd M.Vəliyeva seçicilərin təklif və müraciətlərini dinləyib, onların suallarını cavablandırıb.
Seçicilər öz növbəsində Yeni Azərbaycan Partiyasını və onun Sədri olan Prezident cənab İlham Əliyevi dəstəklədiklərini bildirərək partiya tərəfindən namizədlikləri irəli sürülən deputatlığa namizədlərə səs verəcəklərini ifadə ediblər.
Qeyd edək ki, deputatlığa namizəd M.Vəliyeva lokal antiterror tədbirləri nəticəsində şəhid olmuş polis əməkdaşı Asim Camalzadənin ailəsini də ziyarət edib.