YAP Zaqatala və Şəki rayon təşkilatlarının hesabat konfranslarını keçirdi

Avqustun 11-də Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, rayon təşkilatının IX konfransından keçən 3 ildən artıq müddət ərzində ölkəmizin həyatında mühüm uğurlar əldə edilib, iqtisadi, sosial və digər sahələrdə əsaslı irəliləyişlər olub, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq nüfuzu xeyli artıb. Bu gün ulu öndər Heydər Əliyev ideyalarının və onun siyası kursunun qətiyyətli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, ölkə prezidenti cənab İlham Əliyevin çoxşaxəli səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir.

H.Qurbanov qeyd edib ki, rayon təşkilatı 68 ərazi ilk partiya təşkilatında 6888 üzvü birləşdirir. Onlardan 4243 nəfəri qadın, 3350 nəfəri isə gənclərdir. Partiya təşkilatı qarşısında duran ən ciddi vəzifə aparılan ideoloji təbliğat işinin səmərəli qurulması, hər bir partiya üzvünün dövlətimizin, Azərbaycan Prezidentinin siyasətinin həyata keçirilməsi, müdafiə və təbliğ edilməsində fəal iştirak etməsidir.

Sonra YAP Zaqatala rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Mirzə Hüseynov hesabat məruzəsi ilə çıxış edib.

Müzakirələr zamanı YAP Zaqatala rayon təşkilatının İdarə Heyətinin üzvü, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz  Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, rayon təşkilatının Qadınlar Şurasınını sədri Vəfa Süleymanova, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatının Şura üzvü Famil Rəhimov, Uşaq, Gənclər Şahmat məktəbi Dərs hissə müdiri, rayon təşkilatının İdarə Heyətinin üzvü Tahir Məmmədov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə nəticəsində ərazi bütövlüyü təmin olunan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu proseslərdə YAP daim ön sırada olub. Onun sözlərinə görə, YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla, bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir.

YAP Zaqatala rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP Zaqatala rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

***

Avqustun 11-də Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının videoformatda  IX hesabat konfransı keçirilib.

Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi  təsdiqləndikdən sonra YAP Şəki  şəhər təşkilatının sədri Həsən Həsənov  hesabat məruzəsi ilə çıxış edib. H.Həsənov  qeyd edib ki,  ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza malik  olan partiyadır. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə  həm ölkəmizin, həm də partiyamızın  həyatında yeni mərhələnin əsası qoyulub.

H.Həsənov vurğulayıb ki, YAP Şəki şəhər təşkilatı hazırda 110  ilk ərazi partiya təşkilatında 11245 üzvü birləşdirir. Partiya üzvlərinin 5867 nəfəri  qadınlar, 4160 nəfəri isə gənclərdir. Təşkilatın VIII konfransından bu günədək  sıralarına 564 nəfər üzv qəbul edilib ki,  onlardan 318 nəfəri qadınlar, 278 nəfəri  isə gənclərdir.  

Təşkilat sədri əminliklə vurğulayıb ki, Prezident  İlham Əliyevin ətrafında sıx birləşərək yeni reallıqların həyata keçirilməsi  istiqamətində  fəaliyyətimizi   müasir tələblərə uyğun qurmaqla, partiya Nizamnaməsindən irəli gələn vəzifələri bundan sonra da  yüksək səviyyədə yerinə yetirəcəyik. 

Sonra YAP Şəki şəhər təşkilatının  Nəzarət-Təftiş Qrupunun sədri Sadiq Yusifovun   hesabat məruzəsi dinlənilib.  

Müzakirələr zamanı çıxış edən YAP Şəki şəhər təşkilatının İdarə Heyətinin üzvü, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı  Elxan Usubov,  Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının  üzvü,  şəhər təşkilatının sədr müavini, Milli Məclisin deputatı Vüqar İskəndərov, şəhər təşkilatının İdarə Heyətinin üzvü, partiya veteranı Firqət Məmmədov, təşkilatın Şura üzvü Qabil Qədimov, partiyanın  gənc fəal üzvü  və könüllü Hülya Qədirbəyova   hesabat dövründə görülən işlərdən bəhs ediblər. 

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, 29 il   şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan Yeni Azərbaycan Partiyasını qarşıdakı illərdə  daha möhtəşəm nailiyyətlər  gözləyir. YAP öz Proqramını daim yeniləyir, populist vədlərdən uzaq olduğunu davamlı uğurları ilə təsdiqləyir. Yeni Azərbaycan Partiyasının güc mənbəyi  yaradıcısı olduğu  ümummilli lider Heydər Əliyevin zəngin irsi və son 18 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə daha böyük inamla addımlamağa əsas verən inkişaf strategiyamızdır.

Dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində   Yeni Azərbaycan Partiyasının rolundan  bəhs edən  Ə.Tağıyev YAP Şəki şəhər  təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Şəki şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.