Yasamal rayonunda Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunan bayram tədbiri keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ümummilli liderimiz Heydər Əliyevin "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladıb.
RİH başçısı bildirib ki, bu gün Prezident İlham Əliyev elm və təhsilə xüsusi qayğı göstərir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Hazırda azad edilmiş Qarabağda sürətlə yeni məktəblər tikilir və istifadəyə verilir. İndi biz Qarabağı bərpa edirik və ora həyat, təhsil, tədris qayıdır.
E.Həsənov vuğulayıb ki, müəllimlər təhsil sisteminin hərəkətverici qüvvəsidir. O qeyd edib ki,müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
Onun sözlərinə görə, ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Daha sonra rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən təhsil işçilərinə Yasamal Rayon İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edilib.