“Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində panel müzakirələr davam edir

Noyabrın 17-də COP29 çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi, Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar ictimai birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərinin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi fəaliyyətə başlayıb. Layihə çərçivəsində 17 noyabr tarixində yaşıl zonada müzakirə paneli baş tutmuşdur. Qarabağın Tərəqqisi Naminə İB-nin nümayəndəsi Sənan Ağayevin moderatorluğu ilə Afrika Diplomatiya və Beynəlxalq əlaqələr məktəbinin vitse prezidenti, Afrika gənclərinin inkişafı fondunun rəhbəri professor Tunji Asaolu, Bakı Dövlət Universitetinin keyfiyyət təminatı üzrə rektor müşaviri Asiman İlyasov və GEM CRS təşkilatının icracı direktoru Liya Bayramova iştirak etmişdir. Panel zamanı “Davamlı Gələcəyin Qurulması: Əsas Fokus Sahələri” – Pr. Tunjii Asaolu, “Uşaqlar üçün İqlim Təhsili və Maarifləndirmə” – Liya Bayramova , “Ali Təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinə Yönəlmiş Keyfiyyət Təminatı və Dayanıqlı İnkişaf Məqsədlərinə Yönəlmiş Reytinqlərin Əhəmiyyəti”- Asiman İlyasov mövzuları müzakirə edilmişdir.

Ümumi layihənin əsas məqsədi su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması kimi ekoloji problemlərin həlli üçün sosial maarifləndirmə və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Layihə çərçivəsində yaradılan “Yaşıl Dialoq Forumu” hökumət nümayəndələri, özəl sahə ekspertləri və akademik mühit nümayəndələrini bir araya gətirən illik forumun keçirilməsi üçün təsis edilmişdir.

Növbəti panel müzakirələri 21 noyabr tarixlərində Yaşıl zonada davam etdiriləcək.