“Yaxşı insandır, amma sənəti yoxdur, Allah məndə insanlara sevgi verib...”

"Xalqımın qarşısında hər zaman borcluyam. Heç vaxt məni sevən, məni arzulayanlardan sevgimi əsirgəməmişəm. Sevənlərim evimə də çox gəlib, qapımı da onlara açıram, onlarla görüşürəm də. Başqa cür ola da bilməz. O qədər evimə məktublar gəlir ki. Onların hər birini vaxt edib oxuyuram da. Hamısı da yazır ki, "bu gün sizi dünəndən çox sevirəm". Demək ki, sevgi günü-gündən artır".
 
Sabahinfo.az
bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. O daha sonra toylara getməsinə də münasibət bildirib.
 
"Məlum səbəblərdən toylara getmirdim. Amma mən gördüm ki, bu müddətdə tamaşaçılarımın sevgisi daha da artdı. Onlar məni qoymadılar ki, sənətdən uzaqlaşım. Mənə ruh verdilər, elə sözlər dedilər ki. Bu bir tərəfə bükülüb, atılası sənət deyil axı. Ailəvi dostumuzun toyunda çıxış etdim, daha sonra da dəvət olunduğum toylara getdim. Allah xalqımıza hər zaman gözəl toylar nəsib etsin. Hər bir ana öz övladının toyunda qol qaldırıb oynasın", - deyə sənətkar bildirib.
 
Sənətkar gənclərə tövsiyyə də edib.
 
"Oxumaq, sənət elə bir şeydir ki, ona məcburiyyət olmaz. Sənət varsa o istedad bir yandan parıldayıb çıxacaq. Bəzən çox eşidirik ki, yaxşı insandır amma sənəti yoxdur, yaxud da əksinə. Onda xoşbəxt olmuşam ki, Allah məndə insanlara sevgi də verib. Sənətə yeni gələn gənclərə hər zaman tövsiyyə etmişəm ki, özünüzü tərifləməyin, özünüzdən danışmasın. Qoy bunu başqaları sizin haqqınızda desin. Özünüzü tərifləyən adamlara mən aciz kimi baxıram. Onun sənəti də zəifdir, insan kimi xarakteri də", - deyə xalq artisti bildirib.
 
Xalq artisti son yeniliklərindən də danışıb.
 
 "Şəhidlər üçün çox mahnılar oxumuşam. Bəzilərinin sözlərini elə həmin şəhidlərin ailə üzvəri-anaları, həyat yoldaşları yazıb. Mən də onu bəstəkarlara təqdim edib, hazırlamışam. Bir neçə mahnılarım da var, lentə almalıyam. Müğənni Tunar da həyatıma həsr etdiyi mahnı var. Mən artıq sənətə qayıtmışam, gücümü bir daha göstərməliyəm. Tamaşaçılar üçün yaşayıb, onlar üçün oxumalıyam", - deyə sənətkar bildirib.
 
Xalq artisti dillərə əzbər olan "Bağışla ana" mahnısından da danışıb.
 
"Bağışla ana" mahnısının sözlərini Nüsrət Kəsəmənli, musiqisini isə Cabbar Musayev yazmışdı. Bu mahnını oxuyanda aylarla studiyadan çıxa bilmirdim. Çünki oxuya bilmirdim, qəhər məni boğurdu. O ərəfələrdə mənim anama həsr etdiyim bir şeirim də oldu. Çox çətin günlər keçirirdim", - deyə sənətkar bildirib.